24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına və tədrisin səmərəliliyinin daha da artırılmasına hərtərəfli şərait yaradıb.

Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada distant tədrisin tətbiqi keyfiyyətcə özünün yeni mərhələsinə qədəm qoyub. Xüsusilə muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkil olunması şagird və tələbələrin həmin muzeylərlə tanışlı­ğının və keçilən açıq dərslərin əyaniliyinin təmin olunmasına öz töhfəsini verir. Növbəti belə açıq dərs mayın 10-da muxtar respublikanın təhsil müəssisələri ilə Heydər Əliyev Muzeyi arasında olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə muxtar respublikanın 205 ümumtəhsil, orta ixtisas və peşə məktəbləri, eyni zamanda Heydər Əliyev adına Hərbi Liseylə Heydər Əliyev Muzeyi arasında canlı bağlantı yaradılaraq açıq dərs keçilib.
Açıq dərsdə Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Görkəmli dövlət xadiminin Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olub. O illərdə həyatımızın bütün sahələrində misligörünməmiş canlanma baş verib, qısa müddət ərzində Azərbaycan əsrə bərabər inkişaf yolu keçib. Azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda o dövrdə mühüm infrastruktur layihələri həyata keçirilib. Təhsil, mədəniyyət, səhiyyə müəssisələri üçün yeni obyektlər istifadəyə verilib. Bu sahələrin inkişafı üçün məqsədyönlü addımlar atılıb. Görülən işlər isə respublikamızı keçmiş SSRİ respublikaları arasında ən öncül yerlərdən birinə çıxarıb.

Vurğulanıb ki, ötən əsrin sonlarında Sovetlər Birliyi iflasa uğradıqdan sonra respublikaya naşı adamların rəhbərlik etməsi nəticəsində ölkəmizdə daxili sabitlik pozulub, müstəqilliyimizə böyük təhlükə yaranıb. Həmin dövr Naxçıvan Muxtar Respublikasında da ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın həyatına ciddi təsir göstərib. Məhz belə bir dövrdə – 1990-cı il iyulun 20-də ulu öndər Heydər Əliyev Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvan torpağına gəlib. Böyük öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib.
Ramil Orucəliyev bildirib ki, 1993-cü ildə xalqın təkidli tələb və xahişlərindən sonra yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev uğrunda illərlə mübarizə apardığı Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtarıb, onun itirilməkdə olan müstəqilliyini qoruyub saxlayıb. Sonralar ümummilli lider özü bu barədə belə deyirdi: “İndi bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda, bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.
Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin edib. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasi xəttin uğurlu davamının nəticəsidir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf edir, quruculuq obyektlərinin sayı günbəgün artır, əhalinin yaşayış səviyyəsi yüksəlir.
Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də bütün titul və adlardan ən yüksəyini – sağlığında xalqın ümummilli lideri adını qazanmış Dahi Şəxsiyyətdir. İllər bir-birini əvəz etsə də, zaman sürətlə keçsə də ulu öndər Heydər Əliyev daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Azərbaycan var olduqca, Heydər Əliyev də var olacaqdır.
Ramil Orucəliyev muzeydəki qiymətli eksponatlar – ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallar, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, ulu öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər barədə məlumat verib.
Açıq dərsi izləyənlər Heydər Əliyev Muzeyindəki eksponatlarla yaxından tanış olublar.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR