Şərur rayonu
Muxtar respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da xalqımızın ümummilli lideri, bütün zamanların ən böyük Azərbaycanlısı Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü geniş şəkildə qeyd olunub. Ümummilli liderin respublikamızın digər bölgələrində olduğu kimi, Şərurda da silinməz izləri vardır. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik əldə etdikdən sonra Şərur rayonunda inşa olunmuş onlarla sənaye müəssisəsi, sosial-mədəni obyekt, suvarma qurğuları, çəkilən yollar, salınan körpülər məhz ulu öndərin yadigarlarıdır. Görkəmli dövlət xadiminin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan verib. Rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ulu öndər bu bölgəyə yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Rayon sakinləri ulu öndərin bu tövsiyələrini layiqincə yerinə yetirməyə çalışırlar. Mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərin İcra Hakimiyyətinin qarşısındakı əzəmətli abidəsi önünə gəlib, ümummilli liderə, onun əbədiyaşar siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdirib, abidə önünə tər güllər düzüblər.
Həmin gün axşamüstü Şərur şəhərindəki Heydər Parkında ulu öndərin anadan olmasının ildönümü münasibətilə rayon ictimaiyyətinin gəzintisi təşkil edilib.
Babək rayonu
Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Babək rayonu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il oktyabrın 23-də təşkil edilib. Ölkəmizin dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi həyata vəsiqə alan yeni rayona xalq qəhrəmanı Babəkin adının verilməsi ulu öndərin siyasi iradəsinin və milli-tarixi ənənələrə böyük bağlılığının göstəricisidir. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyinin hər iki dövründə Babək rayonu böyük inkişaf yolu keçib. Rayonun yaşayış məntəqələri abadlaşdırılıb, yeni yollar salınıb, müxtəlif təyinatlı obyektlər tikilərək və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.
Ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi Babək rayonunun müasir simasında indi daha aydın görünür. Babəklilər də görülən işlərin bu ideyalara sadiqlikdən qaynaqlandığını dərk edirlər. Odur ki, dahi şəxsiyyətin anadan olmasının 93-cü ildönümü rayonda bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
Mayın 10-da axşam saatlarına doğru rayon sakinlərinin, ictimaiyyət nümayəndələrinin, eləcə də müxtəlif idarə, təşkilat və qurumların kollektivlərinin rayon mərkəzindəki meydanda gəzintisi böyük öndərə olan ümumxalq sevgisini bir daha ortaya qoyub.
Ordubad rayonu
Ulu öndərimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun sakinləri mayın 10-da xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gələrək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər, abidə önünə gül-çiçək dəstələri düzüblər.
Bu bölgəmizdə də ulu öndərə böyük sevgi və məhəbbət vardır. 1980-ci ilin may ayında görkəmli dövlət xadimi Heydər Əliyev Ordubadda olarkən bu gözəl və qədim məkanı “Azərbaycanın incisi” adlandırıb. Ondan bir neçə il əvvəl isə – 1977-ci ildə öz orta əsr plan quruluşunu qoruyub saxlayan Ordubad şəhərinin Qoruq şəhər elan edilməsi üçün göstəriş verib. Rayon ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilərin torpaq iddiaları nəticəsində ilk şəhidlərini verərkən həmin vaxt sakinlərimizlə həmrəy olmaq üçün ulu öndər Ordubadda olub. Elə buna görə də ordubadlılar heç bir zaman dahi rəhbər Heydər Əliyevin göstərdiyi diqqət və qayğını unutmurlar, bu əvəzedilməz şəxsiyyətin xatirəsini əziz tuturlar.
Ordubad bu gün tarixiliyini qorumaqla ən abad və füsunkar bir yurd yerinə çevrilib. Bütün bunlar muxtar respublikada dahi rəhbərimizin yoluna sədaqətin bəhrələridir.
Həmin gün axşam saatlarında Ordubad şəhərinin park və xiyabanlarında dahi rəhbər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ümumxalq gəzintisi təşkil edilib.
Culfa rayonu
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Culfa rayonunda da böyük bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
Culfa rayonu bu gün özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə rayonda bütün sahələrin inkişafı diqqətdə saxlanılıb. Ötən əsrin sonlarında dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda torpaq islahatlarına ilk dəfə Culfa rayonunun kəndlərində başlanılıb, kəndli əkib-becərdiyi torpağın sahibinə çevrilib. İqtisadi, sosial, mədəni sahələrdə atılan addımlar son 20 ildə rayonun hərtərəfli inkişafına geniş imkanlar açıb. Bu yeni inkişaf mərhələsində rayonun kənd yaşayış məntəqələrinin böyük əksəriyyətində kompleks quruculuq işləri aparılıb, onlarla məktəb binası, səhiyyə ocağı, mədəniyyət obyekti tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Kənd yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzi olan Culfa şəhəri də bu quruculuq və abadlıq tədbirlərindən öz nəsibini alaraq daha da gözəlləşib.
Rayon sakinləri onlara bu xoş günləri bəxş edən ümummilli liderimizin misilsiz xidmətlərini unutmurlar. Culfalılar dahi şəxsiyyətin anadan olmasının 93-cü ildönümündə ulu öndərimizin Culfa Rayon İcra Hakimiyyəti binasının qarşısındakı büstü önünə gələrək Ona hörmət və ehtiramlarını nümayiş etdiriblər.
Mayın 10-da axşam rayon mərkəzində yerləşən mədəniyyət və istirahət parkında gəzinti olub.
Kəngərli rayonu
Dünən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Kəngərli rayonunda da geniş qeyd edilib. Rayon sakinləri ulu öndər Heydər Əliyevin Qıvraq qəsəbəsində əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il martın 19-da Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması bu bölgə sakinləri tərəfindən böyük sevinc hissləri ilə qarşılanıb. Yeni rayonun yaradılması bölgə əhalisi üçün yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın güclənməsinə, ailələrin məskunlaşmasına şərait yaradıb. Qısa müddətdə bu bölgəmiz sürətli inkişaf yolu keçərək muxtar respublikanın digər rayonlarının inkişaf səviyyəsinə çatıb. Belə ki, ötən illər ərzində burada mühüm infrastruktur layihələri həyata keçirilib, yeni istehsal sahələri yaradılıb, əhalinin sosial-iqtisadi həyatında mühüm dəyişikliklər baş verib. Rayon mərkəzi Qıvraq qəsəbəsi də daxil olmaqla, bütün kənd yaşayış məntəqələri abadlaşdırılıb. Buna görə də hər kəs Heydər Əliyev ideyalarının uğurlu nəticələrini bu gənc rayonun simasında görə və hiss edə bilir.
Mayın 10-da axşam saatlarında Qıvraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil edilən gəzinti rayon sakinlərinin bu gözəlliklərdən zövq almasına bir daha imkan yaradıb.
Şahbuz rayonu
Mayın 10-da müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü yurdumuzun hər yerində olduğu kimi, Şahbuz rayonunda da geniş qeyd olunub. Dünən ulu öndərin Şahbuz şəhərinin mərkəzində ucaldılmış büstünü ziyarət edərək tər gül dəstələri düzən rayon ictimaiyyətinin nümayəndələri görkəmli dövlət xadiminə bir daha öz dərin ehtiramlarını ifadə ediblər.
Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə Şahbuz rayonunun da iqtisadiyyatı inkişaf etdirilib, əhalinin rifah halı yüksəldilib. Şahbuzluların bugünkü xoş güzəranı, rayonda aparılan genişmiqyaslı quruculuq tədbirləri, çəkilən yollar, abadlaşdırılan kəndlər məhz Heydər Əliyev siyasətinin bəhrələridir. Ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən Şahbuz da daim bəhrələnib, rayon mərkəzi şəhər statusu alaraq böyüyüb genişlənib. Dahi liderin Azərbaycana rəhbərliyi dövründə rayonda Şahbuz Dövlət Təbiət Qoruğu, Heydər Əliyev Su Anbarı, çox sayda sosial obyektlər, istehsal müəssisələri yaradılıb, şahbuzlular firavan həyata qovuşublar. Bütün bunları ulu öndərin xidmətləri kimi onlar minnətdarlıqla xatırlayırlar.
Dünən axşam saatlarınadək Şahbuz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunmuş xalq gəzintisinə qatılan şahbuzluların çöhrəsindən də ulu öndərə məhəbbətdən doğan bu ifadələr oxunurdu.
Sədərək rayonu
Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Sədərək rayonu XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən hücumlara məruz qalıb, Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər gedib. O zaman buradakı vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınması üçün öz siyasi nüfuzu, zəngin dövlətçilik və idarəetmə təcrübəsi sayəsində dünyanın diqqətini burada baş verən hadisələrə yönəldib.
Ulu öndərimizin tövsiyələrinə uyğun olaraq, bu tarixi və strateji Azərbaycan rayonuna bu gün də xüsusi diqqət yetirilir. Sədərəklilər ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, sakini olduqları rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.
Dünən Sədərək rayonunda da rayon ictimaiyyətinin nümayəndələri Heydərabad qəsəbəsinin mərkəzində ucalan ulu öndərin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Həmin gün axşam rayon mərkəzi Heydərabad qəsəbəsindəki Heydər Parkında xalq gəzintisi təşkil edilib.
Xəbərlər şöbəsi