24 Dekabr 2024, Çərşənbə axşamı

Şuşa şəhərinin əsası 1756-cı ildə Azərbaycan feodal dövləti olan Qarabağ xanlığının başçısı Pənah­əli xan Cavanşir tərəfindən qoyulmuş, Pənahəli xanın şərəfinə “Pənah­abad”, şiş uclu dağların əhatəsində yerləşdiyi üçün bir müddət “Şişə”, sonra isə “Şuşa” adlandırılmışdır.
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər Şuşa şəhəri Azərbaycanın Qarabağ xanlığının iqamətgahı və xanlığın inzibati mərkəzi olmuşdur. Rusiyaya güclü Qarabağ xanlığı sərf etmirdi və çar məmurları xanlığı zəiflətmək üçün bütün imkanlardan istifadə edirdilər. Bu imkan isə Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, Şuşaya ermənilərin köçürülməsi idi. Ermənilərin xislətinə və psixologiyasına yaxşı bələd olan, onlardan gələcəkdə də özlərinin geosiyasi maraqları üçün istifadə etmək məqsədilə çar Rusiyası Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa erməni ailələri köçürməyə başlamışdır. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 91 faizini təşkil edirdisə, köçürmə siyasəti nəticəsində bu, 64,8 faizə enmişdi.

1805-ci il may ayının 14-də imzalanan Kürəkçay müqaviləsinə əsasən, Şuşa qalasında rus qoşun dəstələri yerləşdirilmiş, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilmiş, əvəzində eyniadlı əyalət yaradılmış və 1840-cı il islahatı ilə “Qarabağ əyaləti” yerində yaradılan və Kaspi (Xəzər) vilayətinə daxil edilən “Şuşa qəzası” 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu vəziyyət Azərbaycan sovetləşənə qədər davam etmişdir. Bu cür parçalanmalar, inzibati ərazi bölgüsünün kobudcasına pozulması isə, ümumilikdə, ermənilərin Azərbaycana qarşı gələcəkdə irəli sürəcəkləri ərazi iddiaları üçün zəmin hazırlamışdır.
Şuşa XX əsrdə üç dəfə erməni hücumuna məruz qalmış, şəhər birinci dəfə 1905-1907-ci illərdə ermənilər tərəfindən törədilən qanlı qırğınların şahidi olmuşdur. 1920-ci ildə də şəhərin bir hissəsi ermənilər tərəfindən yerlə yeksan edilmişdir.
Sovet hakimiyyəti illərində ermənilər tərəfindən Şuşadakı tarixi mədəniyyət abidələrimiz dağıdılmış, laqeydlik Şuşanın iqtisadi baxımdan tənəzzülü ilə nəticələnmişdir. Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra mümkün olmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə şəhərin tarixi-memarlıq abidələrinin dağıdılmasının qarşısını almaq üçün tədbirlər görülmüş, 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etmişdir. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görülmüş, ölkədə tar, kamança, ud, nağara və digər milli musiqi alətlərini istehsal edən yeganə Şərq Milli Musiqi Alətləri Fabriki istifadəyə verilmiş, Azərbaycan mədəniyyətinin və incəsənətinin korifeyləri olan Ü.Hacıbəylinin, Bülbülün, X.Natəvanın, M.M.Nəvvabın ev-muzeyləri təşkil olunmuş, 1982-ci ilin yanvarında M.P.Vaqifin məqbərəsi açılmışdır.
Sovet hakimiyyəti dövründə Dağlıq Qarabağ məsələsi bir neçə dəfə qaldırılsa da, ermənilər və onların himayədarları məqsədlərinə nail ola bilməmişdilər. Odur ki, onlar müəyyən tarixi məqam gözləməyə məcbur olmuş, XX əsrin 80-ci illərinin sonunda SSRİ hökuməti, xüsusilə onun başında duranların Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşmiş, Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi təcavüzə başlamışdır. 1989-cu il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatmış, ayın 17-də Əsgəranda Şuşa-Ağdam mar­şrutu üzrə işləyən avtobusa hücum edilmiş, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşını karvanı ermənilər tərəfindən atəşə tutulmuşdur. Həmin il oktyabrın axırı, noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsilmiş və şəhər blokada vəziyyətinə düşmüşdür.
1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 azərbaycanlı öldürülmüş, 15-i isə yaralanmışdır. Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laçın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak olmuş, 90 nəfərə qədər azərbaycanlı yaralanmışdır. Şuşanın Xankəndidən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər və digər azərbaycanlılar yaşayan kənd­lər tamamilə ətraf aləmdən təcrid olunmuşdur.
1992-ci il mart ayının sonu, aprelin əvvəllərindən başlayaraq Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “qrad”, “kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutulmuş, atəş səhərə qədər davam etmişdir. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşa şəhərini, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirmişlər. Beləliklə, ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, qanlı döyüşlərdə 195 azərbaycanlı şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər isə girov götürülmüşdür. Ermənilər tərəfindən əsir götürülmüş 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilmişdir. İşğal nəticəsində Şuşanın 20 kitabxanası, 12 klubu, 6 mədəniyyət evi, 22 məktəbi, 7 uşaq bağçası yandırılmış və dağıdılmışdır. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Son Tunc və İlk Dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutu qəbirləri, Daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə aid Şuşa qalasının divarları, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin evi, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və sair tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.
Bir vaxtlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, görkəmli mədəniyyət xadimləri yetişdirən, Azərbaycan tarixini özündə yaşadan Şuşa hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Bəli, 24 il bundan öncə erməni terror qruplaşmaları tərəfindən beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın tarixi-mədəni və strateji əhəmiyyətli bölgəsi olan Şuşa şəhəri işğal edilmişdir və hələ də bu işğal davam etməkdədir. Ermənilər tərəfindən Xocalıda 1992-ci ilin 26 fevralında həyata keçirilən vəhşiliklər eynilə 8 may 1992-ci ildə Şuşada da davam etdirilmişdir. Şuşadakı azərbaycanlı izləri silinməkdə və Şuşanın tarixi yox edilməkdədir. Tam əminliklə demək olar ki, tezliklə Şuşa geri qaytarılacaq və oranın yerli insanları öz dədə-baba torpaqlarına geri qayıdacaqlar. O gün uzaqda deyil. Şuşada dağıdılan məscidlərdən yenidən azan səsləri yüksələcək, məhəllələr, küçələr, evlər abadlaşdırılacaq, şəhər yenidən inşa ediləcək. Azərbaycan bu istiqamətdə həm siyasi, həm ideoloji, həm də hərbi hazırlıqlarını davam etdirir. Ordumuzun sonuncu hərbi əməliyyatları qələbə gününün çox yaxında olduğunu göstərdi. Aprel ayının əvvəlindəki dördgünlük müharibədə Azərbaycan ordusu çox böyük şücaət sərgilədi. Qarabağda gedən döyüşlər cəmi bir neçə gün çəksə də, Azərbaycan xalqı üçün əsl sınaq, mübarizlik, birlik imtahanı oldu və əminliklə deyə bilərik ki, bu imtahandan üzüağ çıxdıq. İtkilərimiz, yaralılarımız olsa da, rəşadətli, igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan çoxdandır ki, arzusunda olduğu, yaşamaq istədiyi bir hissi – QƏLƏBƏ hissini daddı. İgid döyüşçülərimiz neçə illərdir ki, düşmən tapdağı altında qalan, bizi haraya, qisasa səsləyən torpaqlarımızın bir hissəsini azad etdilər və üçrəngli bayrağımızı orada dalğalandırdılar. Bu, bizim tezliklə Qarabağda, Şuşada da Azərbaycanımızın şanlı bayrağının dalğalanacağına ümidimizi daha da artırdı. Baş verən son hadisələr həm də bütün dünyaya bizim necə böyük bir XALQ olduğumuzu göstərdi. Ermənilər ordumuzun zərbələrinə tab gətirməyib silah-sursatlarını qoyub qaçmağa başladıqları halda, on minlərlə igid oğul və qızlarımız Vətən uğrunda canlarından keçmək üçün cəbhə bölgələrinə can atdı. Düşmən başa düşdü ki, Azərbaycan torpaqlarını zorla işğal edib saxlamaq mümkün deyil. Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə razılaşmayacaq, tökülən qanlar yerdə qalmayacaq.
İndi şuşalılar Azərbaycanın 55 rayonunda müvəqqəti məskunlaşmışlar. Bu müvəqqəti müddətin sonuna elə də çox qalmayıb. Bu gün şuşalılar Qarabağa – Şuşaya qayıdacaqlarından əmindirlər. Bu əminlik Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətindən, beynəlxalq aləmdə artan nüfuzundan, ən əsası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşada və Xankəndidə Azərbaycan bayrağının dalğalanması uğrunda apardığı əzmkar siyasətdən, ölkənin Ali şəxsinin ali bəyanatlarından doğur: “Bizim bayrağımız bu gün işğal edilmiş torpaqlarda qaldırılmalıdır və qaldırılacaq. Şuşada, Xankəndidə bizim milli bayrağımız dalğalanmalıdır və dalğalanacaq. Bu günü biz hamımız yaxınlaşdırmalıyıq, bu günə biz hamımız nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan dövləti bundan sonra da ancaq və ancaq inkişaf və tərəqqi yolu ilə gedəcək”.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR