Mayın 6-da “Naxçıvan” Universitetində Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb. Bildirilib ki, dahi şəxsiyyət bütün mənalı ömrünü Azərbaycanın müstəqilliyinə və hərtərəfli inkişafına həsr edib. Ölkəmizin gələcəyi naminə gördüyü nəhəng işlər Ona öz xalqının qəlbində əbədi yaşamaq hüququ qazandırıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsində fəaliyyəti ölçüyəgəlməzdir. Görkəmli dövlət xadiminin fədakarlığı və uzaqgörən siyasəti sayəsində həmin dövrdə mövcud olan problemlər aradan qaldırılıb və ölkəmizin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılıb. Bu gün Azərbaycan məhz ulu öndərin əsasını qoyduğu siyasətin uğurla davam etdirilməsi nəticəsində regionun aparıcı dövlətinə çevrilib, dünya dövlətləri sırasında öz layiqli yerini tutub.
“Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məruzə edərək bildirib ki, ölkəmizdə müstəqil dövlət quruculuğuna aparan yol ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründən başlanıb. Görkəmli dövlət xadiminin çoxşaxəli fəaliyyəti nəticəsində həmin dövrdən Azərbaycanda milli özünüdərkin, milli özünəqayıdışın əsasları qoyulub. Ümummilli lider xalqımızın müasir tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri Ona böyük ümumxalq məhəbbəti qazandırıb.
Qeyd olunub ki, ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-cü ildən 2003-cü ilə qədər olan onillik dövr ölkəmizin həyatında çox zəruri olan ictimai-siyasi sabitliyin yaradılması, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması kimi xarakterizə olunur. 1994-cü ildən etibarən ölkəmizdə iqtisadi inkişafın əsas prinsipləri formalaşdırılıb, Azərbaycanın həyata keçirdiyi böyük layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanı bütün dünyada müstəqil, sürətlə inkişaf edən nümunəvi ölkəyə çevirib.
* * *
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə də Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məşğələsi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndərimizin məktəbin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.
Məktəbin iclas zalında keçirilən tədbiri giriş sözü ilə təhsil ocağının direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov açıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti və şərəfli ömür yolu tükənməyən bir xəzinədir. Onun qurduğu, dinamik inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanın taleyi hər bir azərbaycanlının taleyidir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirib, çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məruzə edərək bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətinin birinci dövründə ölkəni bütün sahələr üzrə müstəqillik üçün hazırlaması 90-cı illərdə müstəqil dövlət quruculuğunda bir baza, zəmin rolunu oynayıb və bu zəmin üzərində müstəqil Azərbaycan dövləti yaradılıb. Ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərliyinin ikinci dövründə isə Vətənimizi fəlakətlərdən, ölkəmizi parçalanmaq, müstəqilliyimizi itirilmək təhlükəsindən xilas edib.
Bildirilib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin başladığı işləri, əsasını qoyduğu daxili və xarici siyasəti ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasət Azərbaycanın iqtisadi qüdrətinin artırılmasına, regionların sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına, əhalinin rifah halının yüksəldilməsinə yönəldilmiş siyasətdir. Bu prosesləri ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızın timsalında daha genişliyi ilə müşahidə etmək mümkündür.
Dahi rəhbərin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da inkişafının yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində regionda makroiqtisadi sabitlik yaranıb, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Tədbirdə məktəbin müəllimlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Gülşən Fətullayeva, Könül Məmmədova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti müstəqil Azərbaycanın bütün vətəndaşları üçün əsl həyat məktəbi, Vətənə, xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir.
Sonra ümummilli liderin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənc müəllimlərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbərlər şöbəsi