Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransda “Ümummilli lider Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli müstəqil respublikamızda aparılan ordu quruculuğu prosesindən söhbət açıb. Bildirib ki, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün həyatı boyu öz xalqına xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb. O, Azərbaycana rəhbərliyinin hər iki dövründə özünün mükəmməl dövlətçilik konsepsiyasını həyata keçirərkən milli hərbçi kadr potensialının yaradılmasına, milli ordu quruculuğuna xüsusi diqqət yetirib.
Qeyd olunub ki, ulu öndər hakimiyyətə gəldiyi ilk günlərdən gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə böyük əhəmiyyət verdiyini sübut edib. Belə ki, 1969-cu il oktyabrın 21-də gənclərin hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi, hərbi sahəyə marağının artırılması məsələsini geniş müzakirəyə çıxararaq Azərbaycan KP MK-da “Gənc hərbi vətənpərvərlər məktəbinin yaradılması haqqında” Qərar qəbul edib. Ulu öndərimiz ali hərbi məktəblər üçün müdavim hazırlamaq məqsədilə bütün siyasi maneələri dəf edərək 1971-ci il iyul ayının 28-də Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olub. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il martın 13-də imzaladığı Sərəncam ilə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı açılıb, Prezident İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncam ilə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. 1970-80-ci illərdə keçmiş SSRİ-nin ali hərbi məktəblərində 2 mindən çox azərbaycanlı zabit hazırlanıb, SSRİ müdafiə sənayesinin Azərbaycanda 11 böyük zavodu tikilib. Hazırda həmin müəssisələr modernləşdirilərək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində ölkəmizin hərbi potensialının və qüdrətinin artırılmasına öz töhfəsini verir.
“Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da məhz ulu öndər vahid nizami Silahlı Qüvvələrin yaradılması və daha da möhkəmlənməsi, ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşməsi üçün strateji xarakterli tədbirlər həyata keçirdi”, – deyən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri vurğulayıb ki, dahi şəxsiyyətin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 2001-ci il avqustun 20-də respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 2002-ci il avqustun 17-də Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar, heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaradıb. Qısa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası yaradılıb, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və bunun kimi digər əhəmiyyətli qanunlar qəbul edilib. Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən ordu quruculuğunu prioritet elan edib. Azərbaycan dünyada yalnız siyasi və iqtisadi baxımdan deyil, hərbi cəhətdən də güclü dövlətlərdən birinə çevrilib. 2008-ci, 2011-ci və 2013-cü illərdə paytaxt Bakıda keçirilən hərbi paradlar, habelə 2016-cı il aprelin 2-5-də ermənilərin hərbi təxribatına Milli Ordumuzun qəhrəmanlıqla cavab verərək düşməni sarsıdıcı məğlubiyyətə uğratması Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün bərpasına, torpaqlarımızın işğalçılardan azad edilməsinə hazır olmasının təsdiqidir.
Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına tam orta məktəb ərazi ilk təşkilatının sədri Könül Mirzəyeva “Ulu öndər Heydər Əliyevin siyasi təlimində hərbi-vətənpərvərlik” mövzusunda çıxış edərək bildirib ki, ümummilli liderin milli vətənpərvərlik ideyalarında ən önəmli yerlərdən birini müasir nəsli hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tutur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
“Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası “Naxçıvan” Universiteti ərazi ilk təşkilatının sədri Mehman Şabanov qeyd edib ki, ulu öndərimiz bütün dövrlərdə Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verib, torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində var qüvvəsi ilə çalışıb. Hazırda bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası fəalı Rəhmiyyə Zeynalova “Ulu öndər Heydər Əliyev və vətənpərvərlik fenomeni” mövzusunda çıxış edib.
Elmi-praktik konfransın məruzələri mövzuya dair slaydlarla müşayiət olunub.
Sonda konfrans iştirakçıları “Heydər Əliyev və Azərbaycan ordusu” filminə baxıblar.
Rauf Əliyev