24 Dekabr 2024, Çərşənbə axşamı

Ədalətin, qanunçuluğun üstün olduğu dövlətdə yaşamaq hər bir xalqın arzusu olmuşdur. Azərbaycan xalqının müstəqillik mübarizəsi də bu amala xidmət edirdi. Əbədiyaşar xilaskar, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdışı zamanı Azərbaycan iflas həddində idi, hüquqi dövlət quruculuğundan, ədalət və qanunçuluqdan isə söhbət gedə bilməzdi. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan ümummilli lider Heydər Əliyev cəsarəti və sarsılmaz iradəsi ilə ölkəmizin demokratik və hüquqi dövlət kimi təşəkkül tapmasına müvəffəq oldu. Məhz Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində real dövlət quruculuğu səhifəsi açıldı. Təsadüfi deyil ki, 1993-cü ildə ulu öndər qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən ümummilli lider yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkə­də demokratik, hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan ulu öndər Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi.

Demokratik dəyərlərin prioritetliyini qəbul edən, azadlığın və ədalətin bərqərar olunduğu hüquqi dövlət qurmaq istəyən hər bir ölkə üçün ən əhəmiyyətli məsələlərdən biri Konstitusiyanın qəbul olunmasıdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın ilk milli Konstitusiyasının müstəqilliyə xidmət etməsini, insan hüquq və azadlıqlarının qorunmasına təminat verməsini arzu edirdi. Bu məqsədlə dahi rəhbər Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi. Ulu öndərin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində – referendumda qəbul edildi. Əsas Qanunumuz hakimiyyət bölgüsü prinsipinin, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının əsasını qoydu.
Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq islahatlarının aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi prosesinə başlanıldı. Demokratik təsisatların bərqərar edilməsi, hüquqi islahatların həyata keçirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyətinin təmin olunması məqsədilə ulu öndər Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə Hüquq-İslahat Komissiyası yaradıldı. Bu komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatların prioritetlərini müəyyən etdi və Sovetlər İttifaqından miras qalmış hüquq sistemini köklü şəkildə dəyişdi. Komissiya tərəfindən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında” və hüquq sisteminin əsasını təşkil edən digər qanunlar, o cümlədən Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, Ailə, İnzibati Xətalar və digər məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
Ümummilli lider Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında imzaladığı Fərman əsasında ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı. Dahi rəhbərin uzaqgörən siyasəti ilə aparılan məhkəmə-hüquq islahatlarının başlıca məqsədi məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin obyektiv, qərəzsiz və ədalətlə həyata keçirilməsi, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi idi.
Qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi məqsədilə ölkəmizdə 1998-ci il iyul ayında Konstitusiya Məhkəməsi yaradıldı, 2000-ci ilin sentyabr ayında üçpilləli yeni məhkəmə sistemi fəaliyyətə başladı, 2004-cü ildə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası təsis edildi.
Ulu öndərin rəhbərliyi ilə aparılan hüquqi islahatlara adekvat olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxıldı, 1999-cu ildə “Prokurorluq haqqında” Qanun qəbul edildi.
Eyni zamanda müstəqil təsisat olan Vəkillər Kollegiyasının fəaliyyətinin yeni, demokratik əsaslarla təşkil edilməsi, əhaliyə hüquqi yardımın yaxşılaşdırılması məqsədilə 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul edildi, hüquqi yardımın göstərilməsində bu orqanın rolunun daha da artırılması üçün qanunvericilik təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırıldı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət qurucu­luğu prosesi çərçivəsində ədliyyə orqanlarında da əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ulu öndər Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla insаn hüquqlаrının təminаtı istiqаmətində həyаtа keçirilən tədbirlərin mаhiyyəti və kоnsepsiyаsı dəqiq müəyyən edildi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial, hüquqi, mədəni və digər islahatların təməlində insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanırdı. Təsadüfi deyil ki, dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri də ölkədə 10 fevral 1998-ci il tarixdə ölüm cəzasının ləğv edilməsi olmuşdu.
İnsan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci ildə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi və ölkəmizdə ilk dəfə olaraq Ombudsman təsisatı yaradıldı.
Böyük öndər Heydər Əliyev hüquqi islahatların ardıcıl və məqsədli şəkildə həyata keçirilməsini təmin etməklə vətəndaş-dövlət münasibətlərinin qaydaya salınmasına, qanunçuluğun və hüquq qaydalarının bilavasitə mühafizəsinə və təmin edilməsinə, cəmiyyətdə nizam-intizamın və sabitliyin əldə olunmasına xüsusi diqqət yetirirdi. Məhz bu səbəbdən intensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi. Bu baxımdan nüfuzlu beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” əsasnamələr qəbul edildi. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları tərəfindən respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başlanıldı. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yaradıldı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen vəziyyət nəzarətə götürüldü.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə respublikada qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, eləcə də güclü dövlətçilik intizamı və dövlət orqanları arasında normal, işgüzar münasibətlərin yaradılması ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının hər bir sahəsi üzrə ciddi irəliləyişlərə, o cümlədən cinayətkarlıqla mübarizənin uğurla aparılmasına təkan verdi. Məhkəmə və hüquq-mühafizə orqanlarında aparılan islahatlar, qəbul edilmiş yeni qanunvericilik aktları daha keyfiyyətli və səmərəli fəaliyyətin, qanunların aliliyinin təmin edilməsi uğrunda barışmaz və prinsipial mübarizə aparılmasının stimullaşdırıcısı və qarantıdır.
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Danılmaz faktdır ki, məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində ölkəmizdə bərqərar edilmiş sabitlik hüquqi islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaratmışdır.
Demokratik, hüquqi dövlət quruculuğu və onun əsas tərkib hissəsi olan məhkəmə-hüquq islahatları Heydər Əliyev siyasi kursunun və dövlətçilik ənənələrinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda respublikamızda daxili sabitlik hökm sürür, qanunçuluğa və hüquq qaydalarına ciddi şəkildə riayət olunur. Qeyd etmək yerinə düşər ki, ölkə başçısının “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” haqqında 2016-cı il 2 mart tarixli Fərmanı cəmiyyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə, vətəndaşların ictimai asayişin qorunmasında iştirakına, habelə polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə cəlb edilməsinə xidmət edir.
Ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, vətəndaşların hüquq və azadlıqlarının ədalət mühakiməsi yolu ilə qorunması, demokratik təsisatların bərqərar olunması Azərbaycanın bütün regionlarını əhatə etməkdədir. Bu sahədə Naxçıvan Muxtar Respublikasında da böyük uğurlar əldə edilmişdir. Ötən dövr ərzində Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında muхtar rеspublikada məhkəmə və hüquq-mühafizə orqanları tamamilə yenidən formalaşdırılmış, onların fəaliyyətinin müasir standartlara uyğun formada təşkili, maddi-tехniki təminatının daha da möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür.
Müqayisə üçün bir faktı qeyd edək ki, 1995-ci ilədək muxtar respublikada məhkəmə orqanlarının inzibati binaları nəinki istifadə üçün yararsız halda idi, bu binalar həmin dövrlərdə hətta məhkəmələrin balansında belə, deyildi. Hazırda isə muxtar respublikamızda fəaliyyət göstərən bütün məhkəmə, habelə hüquq-mühafizə orqanları üçün qabaqcıl meyarları özündə ehtiva edən, həm memarlıq, həm də daxili tərtibat və dizayn baxımından müasir tələblərə cavab vеrən inzibati binalar inşa edilmişdir.
Ötən dövr ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsi məqsədilə muxtar respublikada İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı və Vəkillər Kollegiyası fəaliyyətə başlamış, müasir tələblərə cavab verən cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları yaradılmışdır.
Qeyd edək ki, ictimai-siyasi sabitliyin təmin olunması da muxtar respublikamızda hər zaman diqqət mərkəzində saxlanılmışdır. 2016-cı ilin Naxçıvan Muxtar Respublikasında “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması bu deyilənləri bir daha təsdiq edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” 2016-cı il 15 aprel tarixli Fərmanın imzalanması isə qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsinə, polis orqanlarına ictimai dəstəyin təşviqinə, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Muxtar respublikanın məhkəmələri və hüquq-mühafizə orqanları insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması istiqamətində bundan sonra da səmərəli fəaliyyət göstərəcək, vətəndaşların layiqli həyat səviyyəsi və sosial rifahının daha da gücləndirilməsi naminə üzərlərinə düşən vəzifələri ulu öndər Heydər Əliyev ideallarına layiq şəkildə davam etdirəcəklər.

Vüqar Quliyev
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi,
Naxçıvan Muxtar Respublikasının Əməkdar hüquqşünası

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR