Dünən AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 70-ci məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açıb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda danışaraq bildirib ki, Azərbaycanın son qırx ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrindəki dirçəliş məhz onun müdrik və uzaqgörən fəaliyyətinin nəticəsidir.
Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasında ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyətə malikdir. Dahi şəxsiyyət Naxçıvanda yaşayıb çalışdığı, muxtar respublikanın rəhbəri olduğu illərdə Azərbaycan üçün çox əhəmiyyətli olan böyük tarixi qərarlar qəbul edib. 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında mühüm qərarlar qəbul edilib. Belə ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Bu qərarlar müstəqil Azərbaycanın milli dövlət quruculuğunda böyük əhəmiyyət daşıyır.
Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafındakı tarixi xidmətlərini vurğulayan akademik onu da qeyd edib ki, iki əsrin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışının nəticəsidir. Məhz həmin tarixi qayıdışdan sonra ümummilli liderimizin uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi siyasət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edib. 1993-cü ildən sonrakı dövr müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılıb, ictimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti olub.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Dünən Naxçıvan Müəllimlər İnstitutunda da “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Məşğələdə institutun rektoru, professor Oruc Həsənli məruzə edərək bildirib ki, ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Ölkəmizə rəhbərliyinin hər iki dövründə dahi şəxsiyyətin Vətənimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycanın müstəqilliyini təmin etməklə bərabər, həm də onun müasir inkişafını şərtləndirib.
Qeyd olunub ki, Sovetlər Birliyi iflasa uğradıqdan sonra Azərbaycana siyasi səriştəsi olmayan adamların rəhbərlik etməsi ölkədə daxili sabitliyin pozulmasına gətirib çıxarıb. Bu dövrdə bütün Azərbaycanda, həmçinin Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün milli rəhbər lazım idi. Belə bir rəhbər isə xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvan torpağına gəlib. Bu dövrdən etibarən ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü başlayıb.
Vurğulanıb ki, 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilib. Həmin sessiyada müstəqil dövlət quruculuğu istiqamətində tarixi qərarlar qəbul olunub. Bundan əlavə, ümummilli liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə qonşu İran və Türkiyə respublikaları ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması muxtar respublikanın mədəni, iqtisadi və siyasi həyatında mühüm rol oynayıb.
Rektor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkəyə rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə daxili sabitliyin bərpa edilməsinə nail olub, torpaqlarımızın işğalının qarşısını alıb. Ən əsası isə dövlət müstəqilliyimiz qorunub saxlanılıb. Sonrakı mərhələlərdə isə Azərbaycanın iqtisadi, siyasi, mədəni inkişafına nail olunub. Ötən müddətdə ölkəmiz bütün sahələrdə inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Buna görə də müstəqil Azərbaycan dövləti var olduqca xalqımızın xoşbəxt gələcəyini təmin edən ümummilli lider Heydər Əliyevin adı da qəlbimizdə yaşayacaqdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi