Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda növbəti məşğələsi keçirilib.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən məşğələni giriş sözü ilə nazirliyin aparat rəhbəri Canməmməd Canməmmədov açaraq bildirib ki, ulu öndərimizin müəyyənləşdirdiyi layihələr bu gün ölkə həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Dahi rəhbərin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına yüksək diqqət və qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Sonra “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, ötən əsrin sonlarında Sovetlər Birliyi iflasa uğradıqdan sonra respublikaya naşı adamların rəhbərlik etməsi ölkəmizdə özbaşınalıq yaradıb, daxili sabitlik pozulub, yenicə qazanılmış müstəqilliyimiz təhlükə ilə üzləşib. Həmin dövr Naxçıvan Muxtar Respublikasında da ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın həyatına ciddi təsir göstərib. Bu dövrdə bütün Azərbaycanda, həmçinin Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün milli rəhbər lazım idi. Belə bir rəhbər xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvan torpağına gəlib. Bu dövrdən etibarən ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü başlayıb.
1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilib. Həmin sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunub. Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. Ümummilli liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə qonşu İran və Türkiyə respublikaları ilə müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin imzalanması və bu əməkdaşlığın real müstəviyə çıxarılaraq inkişaf etdirilməsi muxtar respublikanın mədəni, iqtisadi, eləcə də siyasi həyatında mühüm rol oynayıb.
Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkəyə rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev yürütdüyü müdrik siyasət nəticəsində ölkədə daxili sabitliyin bərpa edilməsinə nail olub, torpaqlarımızın işğalının qarşısını alıb. Dahi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində çox qısa zamanda Azərbaycan iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Təbii ki, bütün bunlar heç də asan olmayıb. Xalq öz liderinə, dahi şəxsiyyət isə öz xalqına arxalanaraq bütün bunları həyata keçirib. Buna görə də müstəqil Azərbaycan dövləti var olduqca xalqımızın xoşbəxt gələcəyini təmin edən ümummilli lider Heydər Əliyevin adı da qəlbimizdə yaşayacaqdır.
Sonra gənclərin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə sualları cavablandırılıb.
Səbuhi Hüseynov