Mayın 3-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist, tədqiqatçı Peter Tase ilə gənclərin görüşü olub.
Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq muxtar respublikada həyata keçirilən gənclər siyasətindən danışıb.
Müstəqil tədqiqatçı-jurnalist Peter Tase çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikasında sonuncu dəfə 2014-cü ildə olub. Aradan o qədər çox zaman keçməsə də, Naxçıvan xeyli dəyişib və inkişaf edib. Qonaq qeyd edib ki, muxtar respublikanın inkişafını bütün sahələrdə müşahidə etmək mümkündür. Muxtar respublikada gənclərə hərtərəfli diqqət və qayğı göstərilir. Onlarla müxtəlif layihələr həyata keçirilir. Bir sözlə, burada gənclər gələcəyin əsl kadrları kimi yetişdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək bildirib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə keçirilən “Muxtariyyətin intibahı: 1995-2014” yaradıcılıq müsabiqəsində tədqiqatçı-jurnalist Peter Tase birinci yerə layiq görülüb. Bu münasibətlə onu bir daha təbrik edirik.
Sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov diplomu qalibə təqdim edib.
Sonda tədbirdə iştirak edən gənclərin müxtəlif mövzularda sualları cavablandırılıb.
Xəbərlər şöbəsi