24 Dekabr 2024, Çərşənbə axşamı

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın  müstəqilliyi” mövzusunda növbəti məşğələsi keçirilib.

Sayca iyirmi ikinci məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Vurğulanıb ki, əsrlərdən bəri xalqımızın ürəyində yaşayan arzular Heydər Əliyevlə reallaşıb. Ulu öndər özünün də dediyi kimi ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edib. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana, sözün əsl mənasında, artan güc, tükənməz qüdrət, əbədi müstəqillik qazandırıb. Müasir Azərbaycan ulu öndər­in reallaşan arzusunun ifadəsinə çevrilib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məruzə edib. Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə və bu idealın gerçəkləşdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərir. Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütünlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması naminə son dərəcə ağır və çətin dönəmlərdə həyata keçirilən işlər dahi rəhbərin dövlət müstəqilliyimizin bərpası və xilası naminə çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Ulu öndərimiz Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb. Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.
Musa Quliyev müstəqil Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən qeyd edib ki, bu inkişaf, ilk növbədə, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir.
“Müstəqillik dövründə Naxçıvanda gömrük xidmətinin inkişafı” mövzusunda məruzə ilə çıxış edən komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin böyük inspektoru, gömrük xidməti kapitanı Namiq Quliyev qeyd edib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə böyük inkişaf yolu keçən muxtar respublika gömrük sistemi bu gün özünün modern infrastrukturu, möhkəm maddi-texniki bazası, regionun xüsusiyyətləri nəzərə alınmaqla formalaşdırılan idarə­e­tmə modeli və ənənələri ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin regionda gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Tədbirə yekun vuran komitə sədri bir daha vurğulayıb ki, illər ötdükcə ulu öndər Heydər Əliyevin böyüklüyü daha dərindən dərk edilir. Ümummilli liderimizin zəngin irsinə dərin ehtiram, siyasi xəttinə dönməz sədaqət daha uğurlu nəticələrə, işıqlı gələcəyə yol açır.
Sonda tədbir iştirakçıları “Naxçıvanlı xatirələr” adlı filmə baxıblar.

*   *   *

May ayının 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Azərbaycan qadınının intibahında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda məruzə edib. Bildirib ki, Azərbaycan qadınının intibahında, onun cəmiyyətin bütün sahələrində aktiv üzvə çevrilməsində misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin anadan olmasından 93 il ötür. Ulu öndərimizi həmişə xatırlamaq, siyasi uzaqgörənliyini gənc nəsillərə aşılamaq biz qadınların mənəvi borcudur. Çünki Azərbaycan qadınının inkişafı, dünya qadınları sırasında ön cərgələrdə dayanması, bugünkü yüksək pillədə qərar tutması ulu öndərimizin fəaliyyətinin nəticəsidir.
Qeyd olunub ki, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan qadınlarının cəmiyyətdəki rolu və fəallığının sürətlə artması həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan qadınına bəslədiyi hörmət və ehtiramdan qaynaqlanırdı.
Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ölkə­mizdə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra qısa vaxt ərzində iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai-siyasi sabitlik dövlət siyasətinin bütün sahələri kimi, qadın hərəkatının inkişafına da güclü stimul verdi. Qadınlara hörmət və diqqət, onların cəmiyyətdəki statusunun və rolunun yüksəldilməsi, qanuni hüquq və maraqlarının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Həmin illərdə qadınların cəmiyyətdəki statusunun təmin olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar idi. Müvafiq hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı fəaliyyət qadınların ictimai və siyasi fəallıqlarının yüksəlməsinə, onların mənəvi və intellektual potensiallarının artırılmasına, sosial müdafiələrinin möhkəmləndirilməsinə təkan verdi.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Məmmədovanın “Heydər Əliyev və milli dəyərlərimiz” və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədlinin “Yeni Azərbaycan Partiyasında qadınların təmsilçiliyi” mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, ümummilli liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda uğurla həyata keçirilir. Heç şübhəsiz ki, muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Tam əminliklə demək olar ki, Heydər Əliyev siyasi kursu davam etdikcə Azərbaycan qadını yeni üfüqlərdə yeni hədəflərə doğru inamla irəliləyəcək, daha böyük uğurlara imza atacaq.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film göstərilib, muzeyin ekspozisiyasına baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR