Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli qərarı ilə hər il may ayının 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev müstəqil mətbuatı demokratiyanın əsas tələblərindən biri kimi dəyərləndirmiş, bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Ulu öndərin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmış, senzura ləğv olunmuş, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulmuşdur. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ulu öndərimizin mətbuat və söz azadlığının inkişafına yönəlmiş siyasətini uğurla davam və inkişaf etdirir. Ölkə başçısının “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 2008-ci il 31 iyul tarixli Sərəncamı və “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” 2009-cu il 3 aprel tarixli Fərmanı bu mənada mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikasında da azad mətbuatın inkişafı təmin edilmişdir. Son illər bütün sahələrdə əldə olunan inkişaf muxtar respublikanın kütləvi informasiya vasitələrini də əhatə etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətini genişləndirmiş, mətbuatın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Bu gün muxtar respublikada 2 televiziya, 2 radio, o cümlədən tədrisyönümlü “Universitet” televiziyası və “Nuhçıxan” radiosu fəaliyyət göstərir, 9 qəzet nəşr olunur. Kütləvi informasiya vasitələrində 400-dən artıq işçi çalışır.
2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması qəzetlərin günün tələblərinə uyğun nəşrinə şərait yaratmışdır. Artıq muxtar respublikada bütün qəzet və jurnallar yüksək poliqrafik keyfiyyətdə nəşr olunur. Ali Məclis Sədrinin 2011-ci il 21 iyul tarixli Sərəncamı ilə “Şərq qapısı” qəzeti əməkdaşlarının əməkhaqları orta hesabla 50 faizədək artırılmış, redaksiya yeni xidməti avtomobillərlə təmin olunmuşdur.
Muxtar respublikada mətbuatın inkişafına göstərilən diqqət və qayğı elektron medianı da əhatə etmişdir. Xüsusilə müasir standartlara cavab verən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bu sahədə yeni imkanlar açmış, teleradioların yayım keyfiyyəti xeyli yüksəlmişdir. Son illər Naxçıvan Dövlət Televiziyası və Radiosu, “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun fəaliyyəti üçün lazımi şərait yaradılmış, ən müasir rəqəmsal multimedia avadanlıqları quraşdırılmışdır. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, yeni studiya avadanlıqları, videokameralar, avtomobillər, montaj və kompüter dəstləri alınmış, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilmişdir. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi analoq yayımın daha keyfiyyətli rəqəmsal yayımla əvəzlənməsinə şərait yaratmış, Naxçıvan televiziyası 2015-ci ildən yüksək keyfiyyətlə – HD formatda yayımlanmağa başlamışdır. Ötən il teleradionun texniki imkanları daha da artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq məsələləri ilə bağlı verdiyi tapşırıqların İcra Planı”na əsasən televiziyada 4 videomontaj, 5 səsyazma otağı yaradılmış, binanın girişi və qarajlar yenidən qurulmuş, elektron təhlükəsizlik sistemləri quraşdırılmış, 2 yeni çəkiliş pavilyonu yaradılmışdır. Bununla da televiziyada olan çəkiliş pavilyonlarının sayı virtual studiya ilə birgə 7-yə çatmışdır. Ötən il 80 terebayt həcmində yeni elektron arxiv, səmadan çəkiliş üçün dron videokamera, mobil elektron lövhə, müasir işıq və səs sistemləri, montaj otaqları üçün soyutma sistemləri alınmış, texniki imkanlar daha da genişləndirilmiş, televiziyanın efir vaxtı 1 saat artırılmışdır.
Muxtar respublikada informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər mətbuatın imkanlarının daha geniş arealda yayılmasına zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq informasiya və kommunikasiya texnologiyalarının imkanlarından bütün sahələrdə, o cümlədən mətbuatda geniş istifadə olunur. 2011-ci ildən etibarən “Şərq qapısı” qəzetinin internet saytı fəaliyyətə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Yaxın günlərdə isə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi internet üzərindən yayıma başlayacaqdır. Bunun üçün lazımi tədbirlər görülmüş, yeni avadanlıqlar alınmış, komitənin internet saytı yaradılmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasında məlumat azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. 2011-ci il dekabrın 29-da “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilərək “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) həvalə edilmişdir. Bu isə məlumat azadlığının və informasiya əldə etmək hüququnun daha effektiv müdafiə və təmin edilməsinə imkan verir.
Müasir qloballaşma dövründə kütləvi informasiya vasitələrinin başlıca vəzifəsi cəmiyyəti məlumatlandırmaq, zəruri informasiyalarla təmin etməkdir. Başqa sözlə, mətbuat və media nümayəndələri insanların informasiya əldə etmək hüququnun əsas təminatçılarıdır. Bu mənada jurnalistlərin üzərinə dolğun, obyektiv və qərəzsiz məlumat yaymaq kimi mühüm və məsuliyyətli vəzifələr düşür. Muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində səylə çalışır, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının, quruculuq və müasir inkişaf salnaməsinin yaradılmasına, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə öz töhfələrini verirlər.
Bu gün sərbəst və müstəqil fəaliyyət göstərən muxtar respublika jurnalistləri cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlərə, ictimaiyyəti narahat edən mövzulara geniş yer verir, televiziya və qəzetlərdə analitik və tənqidi materiallarla çıxış edir, onların həlli yollarının araşdırılmasında fəal iştirak edirlər. Son illər “Şərq qapısı” qəzetində və Naxçıvan Dövlət Televiziyasında onlarla tənqidi material hazırlanaraq oxucu və tamaşaçılara təqdim olunmuşdur.
Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə müasir poçt xidmətlərinin təşkil olunması dövri mətbuatın oxuculara vaxtında çatdırılmasını təmin edir. Bütün bunlar insanların informasiya əldə etmək hüququnun təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir. Digər bir tərəfdən informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada internet şəbəkəsinin əhatə dairəsini xeyli genişləndirmişdir. Artıq ən ucqar kəndlərdə belə genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. Bir zamanlar informasiya blokadasına salınan Naxçıvan bu gün dünyanın hər yerində tanınır, ölkə və dünya mediasında muxtar respublika haqqında müxtəlif dillərdə məlumatlar yayımlanır. Bu gün Naxçıvanda ölkəmizin nüfuzlu televiziya və informasiya agentliklərinin müxbir postları fəaliyyət göstərir, muxtar respublikada baş verən yenilikləri, sosial-iqtisadi inkişafı, ictimai-mədəni hadisələri, beynəlxalq tədbirləri geniş tamaşaçı, dinləyici və oxucu auditoriyasına çatdırırlar. Həmçinin hər il onlarla xarici jurnalist Naxçıvanda olur, bu qədim diyarla bağlı silsilə yazı və verilişlər hazırlayırlar.
Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika kafedrası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Həmçinin buradakı media mərkəzində fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Bu gün artıq muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyətinin gənclərdən ibarət olması bunu bir daha təsdiq edir.
Muxtar respublikada mətbuat sahəsində çalışanların əməyi daim yüksək qiymətləndirilir. Qəzet və televiziyaların yubileyləri qeyd olunur, jurnalistlərin əməkhaqları artırılır, onlar Prezident təqaüdünə, müxtəlif fəxri adlara və dövlət mükafatlarına layiq görülürlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Mətbuat işçiləri dövrün salnaməçiləridir. Dövr dəyişildikcə mətbuatın qarşısına qoyulan tələblər də dəyişilir. Qəzet və televiziya ictimai nəzarət funksiyasını həyata keçirən orqanlardır. Bu mənada hər bir jurnalist ictimai nəzarətçi kimi öz fəaliyyəti ilə cəmiyyətin inkişafına töhfələr verməlidir”. Ali Məclis Sədrinin bu tövsiyələri kütləvi informasiya vasitələrinin qarşısına mühüm vəzifələr qoyur. Mətbuat işçiləri bundan sonra da tarixi-mədəni irsimizin, milli dəyərlərimizin fədakar təbliğatçısı olacaq, ümummilli məqsədlərin təbliği və vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edəcəklər.
“Şərq qapısı”