Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusuna həsr olunmuş növbəti – 205-ci məşğələsini giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın müstəqilliyə qədərki dövrdə və müstəqillik illərindəki ictimai-siyasi həyatının bütün sahələrində reallaşdırdığı islahatlardan, əvəzolunmaz xidmətlərindən söz açıb.
Qeyd olunub ki, məhz ulu öndər Heydər Əliyevin ölkənin ictimai-siyasi, iqtisadi cəhətdən ağır və qarışıq dövründə nümayiş etdirdiyi cəsarəti, siyasi müdrikliyi, uzaqgörənliyi sayəsində taleyüklü qərarlar qəbul olunub, ölkədə siyasi stabillik bərqərar edilib, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub.
Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” adlı məruzəsində bildirib ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə başlayan ölkəyə ilk rəhbərliyi dövründə Azərbaycan sürətlə inkişaf edərək Sovet İttifaqında ən qabaqcıl yerlərdən birini tutub. Məhz o illərdə müasir sənaye kompleksləri yaradılıb, kənd təsərrüfatı inkişaf etdirilib. Azərbaycan postsovet məkanında mədəniyyət, incəsənət sahələrində öz sözünü deyib. Ulu öndərin 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi hökm sürən dövrdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik təmin edilib, vətəndaş müharibəsinə son qoyulub, qeyri-qanuni silahlı birləşmələr tərk-silah edilib və Azərbaycan islahatlar yoluna qədəm qoyub. Dövlətçiliyin də əsasları məhz o illərdə qoyulub. Bu gün ulu öndərin siyasi xətti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır.
Nərmin Cabbarova