24 Dekabr 2024, Çərşənbə axşamı

Mayın 2-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “İstiqlala gedən yol: 1969-1982-ci illərdə Azərbaycanda ictimai-siyasi inkişaf” mövzusunda çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev bütün mənalı ömrünü canı qədər sevdiyi Azərbaycanın inkişafına, onun xoşbəxt gələcəyinə həsr edib. O, 1969-cu ildə birinci dəfə hakimiyyətə gəldikdən sonra keçmiş Sovet İttifaqına daxil olan ölkələr arasında geridə qalan, dövlət planlarını yerinə yetirə bilməyən Azərbaycanı qabaqcıl respublikalar sırasına yüksəldib. Azərbaycanın qızıl dövrü adlandırılan həmin illərdə respublikamızın sosial, iqtisadi, siyasi və mənəvi siması tamamilə dəyişib və vətənimiz yeni, müstəqil yaşamağa qadir olan bir ölkəyə çevrilib.

Vurğulanıb ki, dahi siyasətçi hakimiyyətdə olduğu illərdə Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə qoruyub saxlayıb. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri də ermənilərin əsassız iddialarının qarşısının müxtəlif yollarla alınmasına yönəlib. Özündən əvvəlki rəhbərlər Azərbaycanın bəzi torpaq ərazilərini Ermənistana güzəştə getsələr də, dahi şəxsiyyət hakimiyyətə gəldikdən sonra həmin qərarların yerinə yetirilməsinin qarşısını alıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli “Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Naxçıvan Muxtar Respublikasının iqtisadi yüksəlişi” mövzusunda çıxışında qeyd edib ki, ulu öndər həmişə qədim diyarın sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirib. 1969-cu ildən etibarən Naxçıvan Muxtar Respublikasının iqtisadi həyatında qısa müddətdə intensiv inkişaf meyilləri özünü göstərməyə başlayıb. Əgər muxtar respublika iqtisadiyyatına 1966-68-ci illərdə hər il orta hesabla 30,3 milyon manat vəsait yönəldilmişdirsə, 1969-70-ci illərdə bu vəsait hər il üçün orta hesabla 52,5 milyon manata çatdırılıb.
Vurğulanıb ki, həmin illərdə qədim diyarda bütün sahələrlə yanaşı, sənaye də sürətlə inkişaf edib. 1971-80-ci illərdə muxtar respublikada 970 milyon 129 min manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da həmin dövr üçün çox böyük göstəricidir. 1976-80-ci illərdə istehsal edilən sənaye məhsulunun həcmi 1961-75-ci illərdəkindən xeyli çox – 606,5 milyon manat olub. Həmin illərdə sənayedə əmək məhsuldarlığı 2 dəfə, məhsul istehsalı 261 faiz artıb. Muxtar respublikada istifadəyə verilən Naxçıvan Şüşə Qablar Zavodu, Naxçıvan Alt Trikotaj Fabriki Naxçıvanın iqtisadi inkişafına və yeni iş yerlərinin açılmasına əsaslı töhfələr verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda çıxışında bildirib ki, ümummilli liderin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gəlişi əhalinin böyük sevincinə səbəb olub. Naxçıvana gəlişindən az sonra, 1990-cı ilin avqustunda yerli gənclərlə görüşdə ulu öndərin dediyi aşağıdakı sözlər Onun əsas amalını konkret şəkildə ifadə edirdi: “Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.
Qeyd olunub ki, 1990-cı il noyabrın 17-də 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyası ulu öndər Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlayıb. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olunub. Belə ki, sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul edib. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət də qaldırıb.
Diqqətə çatdırılıb ki, böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə həyata keçirilməsi ilə səciyyələnir. Belə ki, xalqın təkidli tələbi ilə hakimiyyətə gələn dahi şəxsiyyət 1993-cü ilin iyun ayından başlayaraq ölkədəki hərc-mərcliyə, anarxiyaya son qoyub, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıb, vətəndaş həmrəyliyini bərpa edib, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, Qarabağ münaqişəsinin ədalətli həlli, haqq işimizin dünyada tanıtdırılması istiqamətində mühüm tədbirlər həyata keçirib.
“Bu gün müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin yolu ilə inamla irəliləyir”, – deyən Hüseyn Həşimli qeyd edib ki, ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlar qazanır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da blokada şəraitinin yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, gündən-günə çiçəklənir, həyata keçirilən böyük quruculuq işləri muxtar respublikamızın hərtərəfli inkişafını təmin edir.
Sonra konfrans iştirakçıları “Ulu torpaq, ulu öndər” filminə baxıblar.
Sonda Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanışlıq olub.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR