Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan və işləyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici tədbir keçirilib.
Əvvəlcə xidmətin əməkdaşı Samir Abbasov çıxış edərək iştirakçılara tədbirin mahiyyəti haqqında məlumat verib, belə tədbirlərin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsində əhəmiyyətindən söz açıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov çıxış edərək Azərbaycan xalqının mədəniyyəti və inkişaf tarixi haqda məlumat verib.
Bildirilib ki, muxtar respublikada geniş vüsət almış abadlıq və quruculuq tədbirləri mədəniyyət və incəsənət sahələrini də əhatə edib. Dövlət müstəqilliyimizi qazandıqdan sonra mədəniyyət və incəsənətimizin tərəqqisi, təbliği, beynəlxalq arenada tanıdılması sahəsində böyük nailiyyətlər qazanılıb. Bu gün Azərbaycan mədəniyyətinin xoş sorağı müxtəlif ölkələrdən gəlir. Bu ünsiyyətin nəticəsində mədəni əlaqələrin inkişafı və Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası prosesi daha da sürətlənir. Belə əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət ustaları fəallıq göstərirlər.
Qədim diyarımızda yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, teatrlar, turizm obyektləri üçün, ümumilikdə, 350-dən artıq bina inşa olunaraq və ya əsaslı təmir edilərək istifadəyə verilib. Mədəniyyət, incəsənət və turizm müəssisələri ən müasir inventar və avadanlıqlarla təmin edilib, peşəkar musiqi və folklor kollektivlərinə, qruplarına, bədii özfəaliyyət ansambllarına milli geyim dəstləri tikilib, musiqi alətləri hədiyyə edilib. Mədəniyyət və turizm obyektlərinin sıralarının ən müasir memarlıq üslubu ilə seçilən yaraşıqlı binalarla zənginləşməsi və onların maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində görülən işlər bu gün də uğurla davam etdirilir.
Videoçarx vasitəsilə iştirakçılara mədəniyyətimiz haqda geniş məlumat verildiyi tədbirdən sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.
Kərəm Həsənov