Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı qətnamənin qəbul olunmasından 23 il ötür
Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı qətnamənin qəbul olunmasından 23 il ötür.
BMT Təhlükəsizlik Şurası həmin qətnamədə təcavüzkar Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət etməyə çağırıb. Həmçinin bildirilib ki, başqa ölkələrin ərazilərinin əldə edilməsi məqsədilə güc işlədilməsi beynəlxalq hüquqa ziddir. Təəssüf ki, bu gün də təcavüzkar Ermənistan nüfuzlu beynəlxalq təşkilatın qəbul etdiyi 822 saylı qətnaməyə əhəmiyyət vermir, aqressiv işğalçılıq siyasətinə son qoymur. İrəvanda hakimiyyətdə olan terrorçu, cinayətkar rejim nəinki bu qətnaməni, BMT Təhlükəsizlik Şurasının Ağdamın işğalından sonra 29 iyul 1993-cü ildə qəbul etdiyi 853, Füzuli, Cəbrayıl, Qubadlının zəbt edilməsi ilə əlaqədar 14 oktyabr 1993-cü ildə qəbul olunan 874, nəhayət Zəngilanın Ermənistan tərəfindən tutulması ilə əlaqədar 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələri də yerinə yetirmir, bununla da dünya birliyinin çağırışlarını saya salmadığını nümayiş etdirir.
Bəlkə də bu, ondan irəli gəlir ki, dövlətlər arasındakı mübahisəni həll etmək üçün Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə və qərarlar tövsiyə xarakteri daşıyır. Ancaq görürük ki, bu, hər zaman belə olmur. Biz işğal faktının ortadan qaldırılması məsələsində beynəlxalq birliyin daha fəal müdaxiləsi üçün ciddi əsaslar olduğuna inanırıq. Bunlar arasında, təbii ki, həm də BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasına dair həmin 4 qətnaməsi xüsusilə qeyd olunmalıdır.
BMT Təhlükəsizlik Şurasının 2011-ci ildə Liviyada cərəyan edən hadisələrlə bağlı haqlı olaraq qətnamə qəbul etməsi və məlum qərarının operativ icrası, beynəlxalq birliyin Qəddafinin nəzarətində olan silahlı qüvvələrə qarşı dərhal hərbi əməliyyatlara başlaması, bu prosesə NATO-nun da qoşulması bir sıra məntiqi sualların ortaya çıxmasına səbəb olur. Liviyada diktatora qarşı BMT Təhlükəsizlik Şurasının çıxardığı bir qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, eyni təşkilatın Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 23 ildir ki, icra edilmir. Bu hal dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malik ölkələrin ikili siyasətindən xəbər verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də Liviyaya dair qətnamə kimi qətiyyətlə və operativ icra edilməlidir. Təcrübə göstərir ki, BMT-nin qətnamə qəbul edərək kənarda durması, qərarın yerinə yetirilməsi ilə bağlı məcburetmə tədbirləri görməməsi, son nəticədə, qətnamənin icrasız qalmasına şərait yaradır. Ermənistandan BMT qətnamələrinin tələblərini öz xoşuna yerinə yetirməsini gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək BMT-nin nüfuzuna ciddi zərbə vurur. Əlbəttə, Liviyada mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi vacib məsələ idi. Lakin belə tədbirlər qətlə yetirilmiş minlərlə azərbaycanlıya, milyondan artıq qaçqın və məcburi köçkünə də şamil olunmalıdır. Liviya diktatorunun əməlləri Xocalı, Qaradağlı, Quşçular və Azərbaycanın digər yaşayış məntəqələrində ermənilərin törətdikləri soyqırımı və vəhşiliklərdən daha qəddar və faciəli deyil. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən həlak olan azərbaycanlıların sayı Liviyadakı toqquşmalar zamanı ölənlərin sayından on dəfələrlə çoxdur. Azərbaycanda Ermənistanın işğalından ziyan çəkən insanların ümumi sayı Liviyada hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların sayından qat-qat artıqdır və bu say hər keçən gün artır.
Digər bir misal, Serbiyada bosniyalı müsəlmanların soyqırımından sonra BMT Təhlükəsizlik Şurası keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Tribunal yaratdı. Nəyə görə Xocalı və Qaradağlı hadisələrini törədənlər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini saya salmayan Ermənistandakı cinayətkarlar Beynəlxalq Tribunala cəlb olunmamalıdır?! Beynəlxalq birlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çevik münasibət göstərməli və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin etməlidir. Beynəlxalq birlik ikili standartlara son qoymalı, qəbul edilən qərarlara hörmətlə yanaşmalıdır.
Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması üçün beynəlxalq təşkilatların konkret münasibət bildirmələrinin və bunu əməldə göstərmələrinin vaxtı artıq çatıb. “Dondurulmuş” adlandırılan Dağlıq Qarabağ münaqişəsi artıq “buzunu” əritməyə başlayır. Buna misal olaraq təcavüzkar Ermənistan ordusu tərəfindən aprelin əvvəllərində və ötən günlərdə atəşkəs rejiminin pozulmasını göstərmək olar. Düzdür, qüdrətli Azərbaycan Ordusu ermənilərin layiqli cavabını verir. Ordumuz aprelin əvvəllərində dinc əhalini qorumaq naminə əks-hücuma keçərək torpaqlarımızın bir qismini azad edib. Ancaq beynəlxalq birlik belə bir vəziyyətdə nə edir? ATƏT-in Minsk qrupunun həmsədrləri olan üçlük başda olmaqla, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyə, işğal altındakı Azərbaycan torpaqlarını azad etməyə çağırmaq əvəzinə Azərbaycan Ordusunun hücumlarını dayandırmağa çağırdı.
Bunun müqabilində artıq ərköyün uşağa dönmüş Ermənistan təklif olunan heç bir sülh planını qəbul etmədi, əvəzində təcavüzkar ordu bu gün də təmas xəttində müntəzəm olaraq atəşkəsi pozur, yaşayış məntəqələrini hətta qadağan olunmuş silahlardan atəşə tutur, dinc sakinlərin evlərini dağıdır, onların ölümünə, ağır şəkildə yaralanmalarına, bəzilərinin isə ömür boyu şikəst qalmasına səbəb olur. Budurmu ədalət?! Budurmu beynəlxalq aləmin insanlığa verdiyi qiymət?! Bu cür hallar nə vaxtadək davam edəcək? Şübhəsiz, Azərbaycan xalqının da səbri bir yerə qədərdir. Artıq xalqın səbri tükənib. Ölkə əhalisi ədalətin bərpa olunmasını, düşmənin torpaqlarımızdan rədd olub getməsini, onlar öz xoşlarına getmirsə, ordumuz tərəfindən məhv edilməsini tələb edir. Yəni indiki halda “status-kvo” birmənalı şəkildə qəbuledilməzdir.
Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla, dövlətlərlə əlaqələrini genişləndirir, onlardan bəzilərini özünün strateji tərəfdaşı hesab edir. Lakin “örtülü bazar, dostluğu pozar”, – deyib atalarımız. Bəzi dövlətlərin Azərbaycana dost, müttəfiq dediyi halda, digər tərəfdən torpaqlarımızı işğal etmiş Ermənistana və Dağlıq Qarabağdakı separatçı və qanunsuz rejimə maliyyə, silah yardımı göstərməsi, sadəcə, başadüşülən deyil.
Bu gün biz qəti şəkildə əminik ki, işğal altında qalan torpaqlarımıza qayıdacaq, öz ata-baba yurd yerlərimizi yenə də abadlaşdıracağıq. Dövlət başçımızın qətiyyətli siyasəti, Azərbaycan Ordusunun qüdrəti, gücü, xalqın iradəsi və beynəlxalq ictimaiyyətin Azərbaycanın dünya üçün hansı əhəmiyyəti kəsb etdiyini başa düşməsi belə deməyə əsas verir.
Rauf Əliyev