Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin aprel ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 aprel tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 8 oktyabr tarixli 82 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə, idarə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus, həmçinin oğurlanmış, naməlum şəraitdə itmiş və yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) silinməsi, habelə yararsız hala düşmüş vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 aprel tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişikliklər edilmişdir.
Həmin tarixdə qəbul edilmiş 43 nömrəli Qərarla isə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 oktyabr tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilmişdir.
Edilmiş dəyişikliklərə əsasən, avtonəqliyyat vasitələrini idarə edən sürücülərin yaş həddi 19-dan 21-ə qaldırılmış, avtonəqliyyatı idarəetmə təcrübəsi isə bir ildən iki ilədək artırılmışdır.
Bundan başqa, taksi minik avtomobillərinin sürücülərinə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıqların keçirilməsinin Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən aparılacağı müəyyən edilmişdir.
Qəbul edilən normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.