24 Dekabr 2024, Çərşənbə axşamı

Aprelin 29-da Naxçıvan Dövlət Texniki Kollecində “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda lektoriya keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq bildirib ki, bütün mənalı ömrünü xalqımızın nicatına həsr etmiş bu dahi şəxsiyyət ölkəmizin müstəqilliyinin əldə olunmasında, qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli addımlar atılıb. Belə ki, Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.

Qeyd edilib ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, bu müstəqilliyimiz xeyli çətinliklərlə qarşılaşıb. Ümummilli liderin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi və digər tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, vətəndaş müharibəsindən qurtulub. Onun dühasının qüdrəti sayəsində Azərbaycanda siyasi və milli-ideoloji birliyin təməli qoyulub, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilib.
Vurğulanıb ki, dövlət quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələridir. Məhz dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.
Tədbirə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov yekun vurub.

 Səbuhi Həsənov

*  *  *

Naxçıvan Dövlət Universitetində “Ulu öndər Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı” adlı beynəlxalq konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev ulu öndər Heydər Əliyevin ictimai həyatın bütün sahələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, konfransın işinə uğurlar arzulayıb.
İqtisad üzrə fəlsəfə doktoru, dosent Teymur Abbasov “Naxçıvan Muxtar Respublikasında aqrar bazarın təşkili və perspektiv inkişafında sahibkarlığın rolu” mövzusunda danışaraq bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Ötən dövr ərzində torpaq sahələrinin meliorativ cəhətdən münbitləşdirilməsi və suvarma suyuna olan tələbatın ödənilməsi nəticəsində kənd təsərrüfatı sahəsində mövcud problemlər tam aradan qaldırılıb. Heydər Əliyev Su Anbarının, Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin tikilib istifadəyə verilməsi, Arpaçay və Uzunoba Su anbarlarının əsaslı təmir olunması, sahibkarların lazımi texnika və avadanlıqlarla vaxtında və güzəştli şərtlərlə təmin edilməsi aqrar sektorun inkişafına təkan verən amillərdəndir.
“Naxçıvan iqtisadiyyatı yeni inkişaf mərhələsində” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı, professor Tofiq Hüseynov bildirib ki, aparılmış genişmiqyaslı işlərin, ardıcıl siyasətin nəticəsində muxtar respublikada bütün əsas kənd təsərrüfatı məhsulları üzrə daxili tələbat tam ödənilir. Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında müasir texnologiyalara əsaslanan iri sənaye müəssisələri və komplekslərinin, çoxsaylı yüngül və yeyinti sənayesi məhsulları və tikinti materiallarını istehsal edən müəssisələrin, geniş aqroemal sənaye komplekslərinin yaradılması şəhər ilə yanaşı, kənd əhalisinin də işlə təmin olunmasına əlavə imkanlar açıb, müəssisələrin yerli xammalla təchiz edilməsinə şərait yaradıb.
İran İslam Respublikasının Təbriz Mizan Universitetinin müəllimi Əbolfəzl Souzani “Müasir şəraitdə İran İslam Respublikasında aqrar istehsalda beynəlxalq maliyyə və investisiyaların istifadə olunmasının prioritet istiqamətləri” mövzusunda danışıb.
Türkiyə Respublikasının İqdır Universitetinin müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Polad Əliyev “Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında rolu” mövzusunda çıxış edib. İqtisadi sahədəki əməkdaşlıqdan danışan məruzəçi indiyədək iki ölkə arasında bu sahədə çoxsaylı sənədin imzalandığını diqqətə çatdırıb.
Plenar iclasın sonunda “Heydər Əliyev – dahi şəxsiyyət” adlı sənədli film nümayiş olunub.
Sonra konfrans iki bölmə üzrə öz işini davam etdirib.

Nərmin CABBAROVA

*  *  *

Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ədəbi-bədii kompozisiya keçirilib.
Məktəbin müəllim və şagird kollektivinin, Naxçıvan Dövlət Universitetinin və Müəllimlər İnstitutunun burada təcrübədə olan tələbələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Namiq Məmmədov açıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Nizami Alıyev “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev “Azərbaycan dövlətçiliyi möhkəm və etibarlı əllərdədir” mövzularında çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olub.
Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu dönmədən, ardıcıl və layiqli şəkildə həyata keçirir. Bu siyasi kurs Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasına və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olub. Ölkəmizdə siyasi sabitliyin mövcud olması və iqtisadi inkişafın Heydər Əliyev modelinin uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafını daha da sürətləndirib.
Vurğulanıb ki, ümummilli lideri­miz Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan xilas etməklə Naxçıvana yeni bir həyat bəxş edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb.
Qeyd olunub ki, bu gün muxtar respublikamızda Heydər Əliyev ideyalarının sədaqətlə həyata keçirilməsi, muxtar respublika iqtisadiyyatının yüksələn xətlə inkişafı hamımızda qürur hissi doğurur və bütün bu nailiyyətlər ulu öndərimiz Heydər Əliyev ideyalarının təntənəsi kimi qiymətləndirilir.
Sonra tədbir iştirakçıları şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaya və əl işlərindən ibarət sərgiyə baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR