Görkəmli oftalmoloq-alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu və elmi-ictimai fəaliyyəti insanlıq meyarlarına və müqəddəs həkimlik andına parlaq bir örnəkdir.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvan torpağında, Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Onun cəmiyyət üçün layiqli insan kimi yetişməsində boya-başa çatdığı ziyalı mühitinin böyük təsiri olmuşdur. Zəngin maarifçilik ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları Zərifə xanımı hələ məktəb illərindən elmə, işıqlı ideallara doğru istiqamətləndirmiş, onun cəmiyyət üçün layiqli insan kimi yetişməsində böyük təsiri olmuşdur.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Gənc yaşlarından fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə seçilən Zərifə Əliyeva tibb elmi ilə yanaşı, digər fənlərə də maraq göstərmiş, hərtərəfli biliyə malik həkim və xeyirxah insan kimi formalaşmışdır.
Qəlbi xeyirxahlıq amalları, humanizm ideyaları ilə döyünən Zərifə xanım Əliyevanın oftalmologiya elmini seçməsi zərurətdən yaranmışdı. Məhz həmin dövrdə Azərbaycanda böyük bəlaya çevrilən traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicə-profilaktik tədbirlərin təşkilində fəal iştirak etmişdir.
Gözlərə nur bəxş etmək, dünya işığına həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusu ilə yorulmadan çalışan Zərifə xanım Əliyeva şərəfli həkimlik peşəsinə daha dərindən yiyələnmək üçün 1947-ci ildə Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirmişdir. İxtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1950-ci ildə aspiranturaya daxil olan görkəmli oftalmoloq müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olmuşdur. O, elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinə və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadəyə həsr etmişdir.
1968-ci ildən başlayaraq Zərifə xanım məqsədyönlü şəkildə oftalmologiyanın digər problemləri, o cümlədən görmə orqanının patologiyası ilə ciddi məşğul olmağa başlamış, bu sahənin ilk təşəbbüskarı olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. O, peşə xəstəlikləri üzərində iş apararkən bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri müayinədən keçirmişdir. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxarmışdır. Ümumiyyətlə, Zərifə xanımın bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatının nadir tədqiqatları sırasındadır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və onların profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun uzun illər bu sahədə apardığı genişmiqyaslı elmi-tədqiqat işlərinin nəticələri “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə fundamental tədqiqatlar həsr edən alim “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik-fizioloji təbiəti” kimi onlarla elmi məqalələr və monoqrafiyalar da çap etdirmişdir.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri görkəmli oftalmoloq-alimin doktorluq dissertasiyasının əsas istiqamətini təşkil etmişdir. Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi yüksək qiymətləndirilmiş və 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi adı verilmişdir.
Zərifə xanım Əliyeva yazdığı sanballı əsərlərlə tibb elminə dəyərli töhfələr verməklə yanaşı, həm də bu sahədə bir çox yeniliklərin təşəbbüskarı kimi də tanınmışdır. 1977-ci ildə Zərifə xanımın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Plenumda görkəmli alimin irəli sürdüyü təklif bəyənilmiş və onun təşəbbüsü ilə 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılmışdır.
Zərifə xanım Əliyevanın elmi tədqiqatları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin tədqiqatlar bir sıra xəstəliklərin differensial diaqnostikasını və onun müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri – “Herpetik göz xəstəliyi”, “Ağır virus konyiktivləri” və sair məhz bu məsələlərə həsr olunmuşdur. Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini də tədqiq etmiş, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” və “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” monoqrafiyalarını çap etdirmişdir. Alimin zəngin pedaqoji, elmi və əməli təcrübəsi isə “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır. Bu kitab nəinki oftalmoloqlar, bütövlükdə səhiyyənin bütün sahələri üzrə çalışan həkimlər üçün dəyərli elmi mənbədir.
Görkəmli alimi həkim etikası və tibbi deontologiya məsələləri də həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Zərifə xanımın çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuşdur. “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşmasında müstəsna əsərlərdəndir. 1983-cü ildə çapdan çıxmış “Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri də bu baxımdan qiymətli ədəbiyyatdır.
Zərifə xanımın çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini almışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə və görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. 1983-cü ildə isə görkəmli oftalmoloq-alim Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Bununla yanaşı, o, geniş ictimai fəaliyyətinə görə keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuş, bir sıra orden və medallara layiq görülmüş, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adını almışdır.
Zərifə xanım yüksək biliyə malik elm adamı, peşəkar həkim olmaqla yanaşı, həm də gözəl ana, vəfalı ömür-gün yoldaşı idi. Ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq həm də böyük məsuliyyət idi. Zərifə xanımın şəxsiyyətində dəyanətli, dərin zəkalı, müdrik və fədakar Azərbaycan qadınının obrazı canlanır. O, işlərinin çoxluğuna baxmayaraq, Ana adının ucalığını özündə yaşatmışdır. Görkəmli akademik ümummilli liderin siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin anası kimi şərəfli bir ada sahibdir.
Zərifə xanım Əliyevanın elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları, işıqlı xatirəsi bu gün də insanların yaddaşında, gözlərinə nur bağışladığı xəstələrinin qəlblərində yaşayır. Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra nurlu xatirələr qoyub getmək çox az adamın taleyinə yazılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, məşğul olduğu sahələrin hamısı Zərifə xanımın istedadı və fədakarlığı sayəsində aparıcı istiqamətə çevrilmiş və bir nümunə səviyyəsinə qalxmışdır. Bu gün istisnasız olaraq demək mümkündür ki, Zərifə xanım Əliyeva həm həkimliyin, həm alimliyin, həm pedaqoqluğun, bunlarla yanaşı isə həm də insanlığın ali zirvəsinə yüksəlmişdir”.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti