24 Dekabr 2024, Çərşənbə axşamı

Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helkenin Naxçıvan şəhəri ilə tanışlığı ümummilli liderin abidəsini və Heydər Əliyev Muzeyini ziyarətlə başlayıb.
Heydər Əliyev Muzeyində qonağa məlumat verilib ki, bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Ulu öndərin sağlığında yaradılan muzeydə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanılıb. Hər il minlərlə tamaşaçı muzeyi ziyarət edir.
Sonra xanım Jill Helken “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olub. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qonağa məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Buna görə də ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri mövcuddur.

Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.
Kompleksdəki Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edən qonaq sonra Naxçıvan şəhərindəki bərpa olunmuş “Qələndər” kəhrizinə baxıb. Məlumat verilib ki, “Qələndər” kəhrizi Naxçıvan şəhərindəki 19 kəhrizdən biridir. Üç quyudan ibarət bu kəhriz də əhalinin və təsərrüfatların suya tələbatının ödənilməsində mühüm rol oynayır.
Muxtar respublikada istehsal olunan 900-dən çox müxtəlif yerli məhsulun nümayiş etdirildiyi Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq xanım Jill Helkendə böyük təəssürat yaradıb.
Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru blokada şəraitində yaşayan muxtar respublikada yaradılan müəssisələrin istehsal etdiyi məhsullara, əl işlərinə, sənət əsərlərinə maraqla baxıb. Məlumat verilib ki, mərkəzdə kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər bir çox çeşiddə yerli məhsullar sərgilənir.
Sonra Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında xanım Jill Helkenin iştirakı ilə “Readmissiya və insan hüquqları” mövzusunda seminar keçirilib.
Buradan Duzdağ Fizioterapiya Mərkəzinə gələn xanım Jill Helkenə məlumat verilib ki, mərkəz 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi fəaliyyətə başlayıb. 1980-ci ildə çarpayıların sayı 100-ə çatdırılıb. Yer altındakı müalicə mərkəzi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. 2006-cı ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb. Şöbənin 300 metr giriş yolu genişləndirilib, yolboyu işıqlandırma sistemi yaradılıb.
Qeyd olunub ki, burada uşaqlar 12-15, böyüklər isə 14-18 gün hər cür şəraiti olan yeraltı tuneldə yaşamaqla müalicə alırlar. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr tuneldə, təxminən, 300 metr məsafəlik yolu özləri qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Belə olan halda burada müalicə alan xəstələr qısa müddətdə sağala bilirlər. Xəstələr əvvəlcə 2-3 gün müddətində xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra saat 1800-dan səhər saat 800-dək böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə müalicə alırlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma müşahidə edilir.
Aprelin 27-də Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helkenin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR