Və ya sağlamlığa təhlükə, dinimizə, milli dəyərlərimizə zidd olan tatuaj kimə və nəyə lazımdır?
Qloballaşan dünyada zaman durmadan dəyişir, obyektiv informasiyaların yayılması, cəmiyyətdə sağlam düşüncənin formalaşması ilə bərabər zərərli, dağıdıcı ideologiyaların təbliğatı üçün də zəmin yaranır. Belə bir şəraitdə bu gün dünyada mövcud olan müxtəlif missionerlik hərəkatları gəncləri milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq üçün bütün şeytani vasitələrə əl atırlar. Silah və ordudan da təhlükəli olan bu addımlar zaman keçdikcə ölkələri xaosa sürükləyir və ya müstəmləkəyə çevrilməsinə şərait yaradır.
Vətən torpaqlarının sərhədlərini düşmən təcavüzündən qorumaq nə qədər vacibdirsə, mənəviyyatımızın sərhədlərini də yad və zərərli ideologiyalardan qorumaq bir o qədər zəruridir. Deməli, güclü ordu, siyasi iradə və iqtisadi inkişafla yanaşı, Azərbaycan dövlətçiliyinin, onun milli təhlükəsizliyinin dayaqlarından biri də sağlam milli mənəviyyat amilidir. Milli mənəviyyata, milli dəyərlərə malik olan şəxs ölkəsinin fəal vətəndaşı olur, milli dövlətçilik məsuliyyətini daşıyır, dini inancından, ictimai-siyasi mövqeyindən, həyata baxış və maraqlarından asılı olmayaraq, dövlətinə və xalqına hər zaman sadiqlik nümayiş etdirir, dilimizə, mədəniyyətimizə, adət-ənənələrimizə, ailə və məişət dəyərlərimizə, milli əxlaqımıza, ölkəmizin müstəqillik və inkişaf siyasətinə bağlı olur, milli-sosial həmrəyliyin güclənməsi prosesinə zərər vuran və belə bir təhlükə potensialını daşıyan hər cür hərəkətlərə qarşı mübarizə aparır. Bir sıra ekspertlərin də qeyd etdiyi kimi, sağlam milli mənəviyyata malik olmaq dövlətin təkcə siyasi hakimiyyət və ya milli ordu səviyyəsində deyil, həm də ümumxalq səviyyəsində, onun ən dərin qatlarından başlamış siyasi elitanın zirvəsinə qədər bütün səviyyələrdə qorunması deməkdir. Buna görə də cəmiyyətin xaricdən ölkəmizə ixrac olunan milli, dini, irqi, məzhəbçilik, təfriqəçilik kimi ekstremist ideoloji təxribatlara qarşı immuniteti daim möhkəmləndirilməlidir.
Şükürlər olsun ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda siyasi, ideoloji, dini atmosfer o qədər aydın və şəffafdır ki, burada milli-mənəvi dəyərlərimizə zidd amillər, yabançı təlimatlarla hərəkətə gətirilən təmayüllər dərhal nəzərə çarpır. Biz sağlam milli mənəviyyatımızın məhək daşını sarsıtmaq üçün moda adı altında “yenilik təşəbbüsləri”ni də, qarşıdurma yaratmaq məqsədilə dini mühafizəkarlığı dirçəltmək cəhdlərini də, bəzi hallarda isə “demokratiya” ixracatçılığının gizli niyyətlərini də açıq-aşkar ayırd edə bilirik.
Biz onu da görürük ki, milli-mənəvi dəyərlərimizi hədəf seçən qara qüvvələr çox zaman məqsədlərinə çata bilmir, ölkəsinə, xalqına, dövlətinə, milli dəyərlərinə bağlı olan gənclərimizin ciddi etirazları ilə qarşılaşır, ictimai qınağın hədəfinə çevrilirlər. Onların ümid bəslədikləri isə milli-mənəvi dəyərlərimizə sədaqətli olmayan, öz xalqına xor baxan azsaylı şəxslər, yəni cəmiyyətimizin “çürük nöqtə”ləridir. Çünki bunlara aramsız təbliğatla mexaniki hərəkətləri, qeyri-iradi davranışları təlqin etmək o qədər də çətin deyil. Ona görə xarici maraqlı qüvvələr şeytan olduqları halda, mələk donuna girərək müxtəlif adlar altında tam formalaşmamış zehinləri “silib təmizləməyə” və lazım bildikləri ideologiyaları həmin “boşluğa” doldurmağa can atırlar. Məhz bu yolla mənəviyyatın deformasiyası baş verir.
Bəzi xarici kütləvi informasiya vasitələrinin regionda apardığı təbliğatın və Qərb ölkələrinin çəkdiyi bir çox filmlərin əsas məqsədi də məhz Şərqdə, o cümlədən ölkəmizdə cəmiyyətin dayağı hesab olunan dəyərləri məhv etmək, şöhrətpərəstliyi, var-dövlət hərisliyini aşılamaq, milli-mənəvi, dini dəyərləri kökündən sarsıtmaqdır. Bu baxımdan tatuajın, yəni döymənin təbliği maraq doğurur.
Bəri başdan deyək ki, döymə bizim milli-mənəvi, dini dəyərlərimizlə ziddiyyət təşkil edir, hətta cəmiyyətimiz tərəfindən kəskin şəkildə rədd edilir. Qədim yunanların və romalıların kölələrə, günahkarlara vurduqları döyməni bu gün biz nəyə görə üzərimizdə daşımalıyıq və ya buna nail olmaq üçün milli-dini dəyərlərimizə qarşı çıxmalı, sağlamlığımızı təhlükə qarşısında qoyaraq əzab-əziyyətə qatlaşmalıyıq? Hansı məntiqlə biz bu addımı atmalıyıq? Bəyəm biz kölə və ya günahkarıqmı? Xeyr, qətiyyən elə deyil. Təəssüf ki, bu gün döymə çox zaman guya gözəllik, sədaqət rəmzi kimi, ancaq daha çox dəbə uymağa çalışanlar tərəfindən vurulur. Döymənin kökünə baxsaq görərik ki, o, nişandır. Məsələn, əvvəllər həbsxanada olanlar, dəniz quldurları bu işarələrlə bir-birini tanıyıb, informasiya daşıyıcısı kimi döymənin növündən kimin kim olduğunu öyrəniblər. Yəni döymə həm də “çirkli dünya”nın “çirkab” insanlarına aid olan ənənədir ki, bu, bizim gözəl xalqımızın nümayəndələrinə yaraşmır.
Bəzi insanlar həyatının bir mərhələsində, hər hansı bir səbəblərdən dərilərinə boyalardan döymə çəkirlər. Bəziləri şəkil vurdurur, digərləri qaş və dodaq çəkdirir. Lakin hər bir halda illər sonra bu insanların 90 faizi bunu ya silmək, ya dəyişmək fikrinə düşürlər. Əsas problem də onda başlayır. Bu zaman dərini yandırmaq, döymə yerinə açıq rənglə yeni tatuaj vurmaq, plastik əməliyyat edib dərini kəsmək zərurəti yaranır. Bütün hallarda eyni olan mənfi cəhətlər var – dəri çox gec sağalır. Proses ağrılıdır, dəridə xora və çapıqlar əmələ gəlir və ən başlıcası, nəticəyə heç bir qarantiya yoxdur!
Adını çəkmək istəmədiyimiz bir şəxs 7-8 il əvvəl nişan barmağına nişanlısının adının baş hərfini döydürüb. Lakin tale elə gətirib ki, nişanlısından ayrılıb və bir müddət sonra başqa bir qızla ailə qurub. Xanımı ondan əlindəki hərfi sildirməyi xahiş edib. Lakin bu, ona baha başa gəlib. Yandırma yolu ilə döyməni sildirdikdən sonra yarası sağalmayıb. 2 il müxtəlif həkimlərin müalicəsini alsa da, xeyri olmayıb. Son nəticədə, barmağı kökündən amputasiya olunmalı olub: “Təxminən bir ilə yaxındı barmağımı kəsdirmişəm, qorxurdum ki, bununla da qurtarmaz, qolumu da kəsdirməli olaram. Buna görə də döyməni heç kimə məsləhət görmürəm”.
Göründüyü kimi, döymə sağlamlığımıza birbaşa təhlükədir. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkimi Adil İbrahimovun döymə barədə dedikləri isə insanı dəhşətə gətirir. Onun sözlərinə görə, bu gün müalicəsi olmayan QİÇS, həmçinin çətin sağalan hepatit B, hepatit C kimi xəstəliklər döymə vasitəsilə insana yoluxa bilər. Çünki bu xəstəliklərə səbəb olan viruslar qana təmas edən alətlərlə ötürülür. Bəzən döymələr eyni alətlərlə qeyri-gigiyenik şəraitdə həyata keçirilir. Bu da infeksion xəstəliklərə yoluxmaya səbəb olur. Əslində, bu şəxslər sağlamlıqlarını bizim milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən mənasız bir şey uğrunda qurban verirlər.
Araşdırmalar nəticəsində məlum olub ki, bədənə şəkillər döydürmüş şəxslər başqalarından daha çox hepatit C xəstəliyinə yoluxurlar. Bundan əlavə, cüzam və vərəm kimi digər yoluxucu xəstəliklər döymə vasitəsilə də ötürülür.
Adil İbrahimovun sözlərinə görə, döymədə istifadə edilən rənglər də təhlükə yarada bilər. Həmin rəng maddələri yağdan, bitki şirəsindən, heyvan sürməsindən və ya dəmir, kobalt kimi yeraltı maddələrin karbonundan alınır. Amma məlumdur ki, çox zaman mürəkkəbdən, yaxud avtomobilin yanmış yağından istifadə edilir. Bu isə sağlamlığa çox böyük təhlükə yaradır. Çünki bir sıra rənglərdə xərçəng xəstəliyi yaradan, bəzən də şiddətli allergiyaya səbəb ola bilən maddələr vardır.
Ümumiyyətlə, döymə 22-dən çox xəstəliyin yaranmasına səbəb olur. Qara mürəkkəblə edilən tatu xüsusilə təhlükəlidir. Belə ki, mürəkkəbin tərkibinə ənənəvi xınadan başqa, parafenilenodiamin adlı maddə də daxil edilir. Bəzi kosmetik vasitələrin hazırlanmasında bu kimyəvi maddənin az miqdarda istifadəsinə icazə verilir. İnsan orqanizminə bu cür müdaxilənin nəticəsi ekzema (dəri xəstəliyi), dermatit (dəri iltihabı), allergik reaksiya ola bilər. Süni rənglərin əksinə olaraq təbii rənglərin sabit kimyəvi quruluşu olmadığından dərhal parçalanaraq zərərli maddələr qana keçir. Bu baxımdan demək olar ki, təbii rənglərlə döymə vurdurmaq, hətta süni rənglərdən daha təhlükəlidir. Bu növ döymədə allergiyaya və ekzemaya yoluxma daha tez baş verə bilər.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkimi, dermatoloq Xədicə Qazıyevanın sözlərinə görə isə dəriyə ən böyük zərbəni elə tatuaj vurur. Çünki iynələrlə işlənilən tatuaj birbaşa dərinin altına müdaxilə edir. Bu zaman qan zəhərlənir, toksiki dermatoz əmələ gəlir. Digər tərəfdən, bəzi insanlarda çapıqlanmaya meyillilik var, buna kelloid xəstəliyi deyilir. Bu cür insanlara tatuaj vurulanda dərinin tamlığı pozulur, dəridə çapıqlar əmələ gəlir ki, bunlar da kelloid çapıqlar adlanır. Dərinin altına vurulan maddələrin, piqmentlərin nə qədər təbii olması da şübhə altındadır. Çünki tatuaj insanı əlindən, ayağından edə bilər. Döymənin ziyanı sayılmayacaq qədər çoxdur, konkret dermatoloji baxımdan dəriyə kəskin ziyan vurur, onun tamlığını pozur və vurulan maddənin keyfiyyətindən asılı olaraq dəridə çuxurlar yaradır.
Döymə insanın yaradıldığı forma və surəti dəyişdirməyə xidmət etdiyi üçün İslam dini tərəfindən də qadağan edilir.
Bu məsələyə toxunan Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev səhih hədislərdən misallar gətirərək deyir: “Həzrəti Əbu Hureyrədən gələn rəvayətə görə Məhəmməd Peyğəmbər belə buyurub ki, parik (parçaya tikilmiş süni taxma saç) taxana və taxdırana, bədəninə döymə vurana və vurdurana Allah lənət etsin. İbni Abbas nəql edir ki, parik taxan, taxdıran, döymə vuran və vurduran lənətlənib. Əbu Cuheyfə nəql edir: “Rəsulullah əleyhissalam ...döymə vuranı və vurduranı... lənətlədi”. Hədislərdən də göründüyü kimi, Rəsulullah əleyhissalam döymə vurmağı və vurdurmağı qadağan edib. Yəni döymə etdirmək Onun lənətlədiyi əməl olduğuna görə dinimizdə haramdır. Döymə vurdurmaq bir mənada Allahın yaratdığı fitrəti bəyənməyib dəyişdirməkdir. Fitrəti dəyişdirməyə yönəlmiş müdaxilələr dinimizdə haramdır. Çünki gözəlləşmək məqsədilə dişləri incəltmək, saç əkdirmək, bədənə döymə vurdurmaq və sair kimi əməllər Allahın ən gözəl şəkildə yaratdığı insan təbiətinə, onun fitrətinə sonradan edilən müdaxilələrdir. Şübhəsiz ki, fitrəti dəyişdirmək şeytanın xoşuna gələn əməldir. Çünki Quranda şeytanın insanlara bu istiqamətdə vəsvəsə verəcəyi bildirilib”.
Hər şeydən şirin olan can sağlamlığına ziyan vuran, Allah və Onun Peyğəmbərinin qadağan etdiyi kimə və nəyə lazımdır? Təbii ki, bunun sosial-psixoloji səbəbləri olduğu şübhəsizdir. “Naxçıvan” Universitetinin müəllimi, psixoloq Şahnaz Məmmədova qeyd edir ki, döymə elətdirənlərdə davamlı, təkrarlayıcı kompleks davranışlar göstərənlər olub. Yəni döyməni elətdirənlərin əksəriyyətinin psixoloji problemləri var.
Bəli, fərqli görünüşə sahib olmağa çalışan gənclərin bəzən psixoloji vəziyyətləri düşündüyümüz qədər də ürəkaçan olmur. Onlar özlərini başqalarına isbatlamağa çalışarkən xarici görünüşlərinə “əl gəzdirməyə” və bu şəkildə qəbul etdirməyə çalışırlar. Döymələrin şəklinə baxanda o gənclərin düşüncələrini oxumaq çətin olmur. Bu fərqlilik onlara anormal özgüvən verir və bəzi hallarda cəmiyyətdən təcrid olunmağa vadar edir. Ən dəhşətlisi isə içinə qapanıqlıq və intihara meyillilik yaradır.
Buna görə də valideynlər daha diqqətli olmalı, övladlarında belə halları müşahidə etdikləri zaman bunu gizlətməməli, onları müayinə etdirməlidirlər. Həmin gənclər anlamalıdırlar ki, insan döymə vurdurmaqla fərqlənə bilməz. İnsan öz biliyi, zəhməti, xalqına, milli adət-ənənələrinə, dövlətinə, dövlətçiliyinə bağlılığı ilə yüksələ, seçilə bilər.
Yuxarıda qeyd edilən məsələlər nəzərə alınaraq muxtar respublikamızda tatuajla məşğul olan ayrı-ayrı şəxslərə, obyektlərə qarşı ciddi tədbirlər həyata keçirilir. Bu addım bizim bu günümüz, gələcəyimiz üçün çox vacibdir. Çünki gələcəyimiz olan yeniyetmələrin, gənclərin yad təsirlərdən qorunması milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir. Unutmayaq: milli varlığımız, milli mədəniyyətimiz səmaya yüksəlmiş nəhəng, yaraşıqlı binaya bənzəyir. Bu bina bizə babalarımızdan əmanət qalıb. Heç birimizin isə əmanətə xəyanət etməyə haqqımız yoxdur.
Rauf Əliyev