24 Dekabr 2024, Çərşənbə axşamı

Batumidə Naxçıvana gəlmək istəyənlər az deyil 

(Reportaj)

Yerli əhali və turistlər çox vaxt buranı “mirvari şəhər” adlandırırlar. Yaşıl palmaları, maraqlı heykəlləri, müxtəlif memarlıq tərzinə malik tarixi və müasir tikililəri ilə diqqətçəkən bu liman şəhəri həm də Qafqazın turizm mərkəzi kimi tanınır. Bu şəhər ötən əsrin əvvəllərində Zaqafqaziyada baş verən hadisələrlə bağlı aparılan müzakirələrə, mühüm qərarların verildiyi konfrans və toplantılara, imzalanan tarixi müqavilələrə şahidlik edib. Sovetlər Birliyi dövründə müəyyən inkişaf dövrü keçsə də, əsl əhəmiyyətini və inkişafını ölkəsinin müstəqillik əldə etməsindən sonra göstərə bilib. Hazırda isə həm yerləşdiyi strateji bölgəyə, həm də müasir inkişafına görə qonşu Gürcüstan Respublikasının, eləcə də Cənubi Qafqazın sayılıb-seçilən şəhərlərindən birinə çevrilib. Söhbət Qara dəniz sahilində yerləşən Batumi şəhərindən gedir.

Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhəri Naxçıvandan 620 kilometrlik bir məsafədə yerləşir. İki dost ölkənin eyni statusa malik regionları arasında əlaqələr 2012-ci ildə daha da genişləndirilib. Həmin ilin yanvar və iyun aylarında hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olub, “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” imzalanıb. Hər iki tərəfin səyləri nəticəsində əlaqələr ilbəil genişlənir. Bu günlərdə isə Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutunun fəaliyyətə başlaması əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün əsaslı zəmin yaradır. Bu mar­şrut xəttinin ilk sərnişini olduq və bu qısa səfərlə bağlı aldığımız təəssüratları oxucularımızla bölüşmək istəyirik.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin balansında olan yeni “MAN Neoplan” markalı avtobusla səhər saat 8-də Naxçıvan şəhər avtovağzalından yola çıxdıq və axşam saatlarında Batumiyə çatdıq. Şəhər mərkəzində bizi Acarıstan Muxtar Respublikası Ali Sovetinin, Batumi Turizm Departamentinin, Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun, eləcə də yerli kütləvi informasiya vasitələrinin nümayəndələri qarşıladılar. Qısa tanışlıq və qarşılanmadan sonra qalacağımız otelə yerləşdik və səhəri gün dəniz sahilindəki bu şəhəri gəzməyə başladıq. Şəhərlə tanışlıq üçün cəmi bir gün vaxtımız vardı. İstirahət gününə təsadüf etdiyindən və vaxtımız qısa olduğundan əvvəldən planlaşdırdığımız bir çox ünvanlarda ola bilməsək də, hər halda Acarıstanın paytaxtı haqqında bizdə müəyyən təəssüratlar yarandı.
Batumi istər havası, istərsə də gözəlliyi ilə seçilir. Bir zamanlar Antik yunan koloniyası olan Batumi orta əsrlərə qədər gürcü knyazlıqlarının, 1564-cü ildən Osmanlı dövlətinin, 1877-1878-ci illər rus-türk müharibəsindən sonra isə Rusiyanın idarəçiliyində olub. 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin şərtlərinə əsasən, əhalisi müsəlman acarlardan ibarət olan bölgəyə muxtariyyət statusunun verilməsindən sonra şəhər Gürcüstanın tərkibinə qatılıb. Batumi yeni qurulan Acarıstan Muxtar Respublikasının paytaxtına çevrilib. Şəhər müasir və köhnə Batumi adı ilə ikiyə ayrılır. Köhnə Batumidə tarixi binalar, daş döşəməli ensiz küçələr daha çox diqqəti cəlb edir. Buradakı binaların əksəriyyəti XIX əsrə aiddir. Şəhərin görməli yerləri arasında Orta Məscid, Acarıstan Dövlət Muzeyi, Batumi Botanika bağı, İsa Məsihin 12 həvarilərindən (apostollarından) biri olan Müqəddəs Matveyin abidə məzarının yerləşdiyi və Roma dövründən qalma Apsaros qalası, Qara dəniz sahilindəki Batumi Dövlət Parkı, Roma Kolizeyinin modeli və digərlərini misal göstərmək olar.
Müasir Batuminin inkişafı isə əsasən, Gürcüstanın müstəqillik əldə etməsindən sonra başlayıb. Belə ki, şəhərin bu hissəsində qısa müddətdə ilk göydələnlər inşa olunub, bir-birinin ardınca müasir otellər istifadəyə verilib. Bununla yanaşı, Batumidə hər kəsin büdcəsinə uyğun kiçik otellər də yaradılıb ki, ümumi otellərin sayı hazırda 220-dən çoxdur. Şəhər infrastrukturu baxımından Batumi özünün yeni inkişaf mərhələsini yaşayır. Avropa şəhərlərinin əksəriyyətində olduğu kimi, burada da velosiped sürücüləri üçün xüsusi yollar ayrılıb. Belə yolları həm şəhərin bütün küçələrində, həm də sahil boyunca görmək mümkündür.
Sahildən söz düşmüşkən qeyd edək ki, bura Batumiyə yolu düşən insanların əsl istirahət yerlərindəndir. Bura ilə tanışlığımız zamanı o qədər insan gözə dəyməsə də, yerli sakinlər turistlərin, əsasən, aprel-may aylarından sonra gələcəyini bildirdilər. Səhər saatlarında burada özlərinin sevimli məşğuliyyətlərinə başı qarışmış balıq həvəskarlarını görürük. Sahil boyunca rast gəldiyimiz bu həvəskarlar həm istirahət edir, həm də təmiz dəniz havası udurlar. Yenicə tanış olduğumuz Vaxtanq Beridze şəhərdəki orta məktəblərin birində müəllim işləyir. Hər şənbə və bazar günləri bura gəldiyini söyləyir. Bu gün isə gəldiyi saat yarım vaxt ərzində cəmi iki balıq tuta bilib. Deyir ki, əslində, tutduğu bu balıqları bazardan da ala bilər. Ancaq balıq tutmaq onun sevimli məşğuliyyəti olduğundan bu “əziyyəti” özü çəkmək istəyir. Bir az söhbət etdikdən sonra ondan Naxçıvanı tanıyıb-tanımadığını soruşuruq. “Əlbəttə tanıyıram” – elə bu tərzdə də cavab verir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvanda doğulduğunu, Azərbaycan və Gürcüstan əlaqələrinin inkişafında gördüyü işləri xatırladır. Ona hər iki muxtar respublikanın paytaxt şəhərləri arasında yeni avtobus marşrutunun fəaliyyətə başladığını xəbər veririk. Bu xəbərə sevinir. İmkan olan kimi Naxçıvana gələcəyini deyir. Ondan ayrılaraq dənizkənarı gəzintimizi davam etdiririk. Sahilboyu lövbər salmış müxtəlif paroxodlar, kiçik qayıqlar nəzərimizdən qaçmır. “Tamara-1”, “Tamara-2”, “Çernomorets”, “Batumi” və adını çəkmədiyimiz bir çox paroxodların hər birinin öz funksiyası var. Bəziləri dəniz gəzintisi, bəziləri sahilə yan alan su nəqliyyatı vasitələrini buxovlamaq, bəziləri isə texniki məqsədlər üçün istifadə olunur. Onlardan birinin kapitan köməkçisi ilə söhbətimiz deyəsən, alınır. Amian Devadze adlı bu şəxs 30 ildən çoxdur ki, Batumi limanındakı mülki sahil mühafizə xidmətində işləyir. Hazır­da çalışdığı paroxod isə dənizdəki təmizliyə cavabdehdir. Belə ki, paroxod hər gün limanda sahilboyu ərazilərdəki sularda üzərək su üzərindəki tullantıları toplayır. Sonra isə həmin tullantılar paroxodun təmizlik qutularına yığılaraq sahildə bunun üçün müəyyən olunmuş avtomaşınlarla lazımi yerlərə daşınır. Buna görə də Batumi limanında dəniz çox təmiz saxlanılır. Amian Devadze dənizin ən çox turistlər gələn zamanda çirkləndirildiyini bildirsə də, işlərinin öhdəsindən layiqincə gəldiklərini deyir. Müsahibimiz bildirir ki, kapi­tan köməkçisi olduğu bu paroxod ­1989-cu ildə Bakıdakı gəmi təmiri zavodunda yığılıb və həmin ildən də Batumi limanında xidmət göstərir. Kapitan köməkçisi turist olduğumuzu düşünüb Batumiyə niyə məhz indi gəldiyimizi soruşur. Biz isə yeni açılmış Naxçıvan-Batumi-Naxçıvan avtobus reysinin ilk sərnişinlərindən olduğumuzu söyləyirik. Müsahibimiz buna sevindiyini bildirir, naxçıvanlı turistləri gözlədiyini dilə gətirir. Eyni zamanda Batumidən də Naxçıvana getmək istəyənlərin sayının artacağını deyir. Bildirir ki, yaxın dostu Gürcüstan Elmlər Akademiyasında çalışır və Azərbaycana son səfərlərinin birində iki gün Naxçıvanda qalıb. Naxçıvanın tarixi, mədəniyyəti, məişəti ilə bağlı əyani tanış olub və bu haqda həmişə ağızdolusu danışır ki, Naxçıvan həm də çox təmiz şəhərdir.
Batumi bulvarında ən çox diqqəti çəkən isə “Əli və Nino” abidəsidir. Abidənin müəllifi Tamar Kvesitadze azərbaycanlı yazıçı Qurban Səidin “Əli və Nino” romanından ilham alaraq bu əsəri yaradıb. Abidə hərəkət edən iki insan heykəlindən ibarətdir. Müəllif bu əsəri yaradarkən azərbaycanlı gənclə gürcü qızının sevgisinə abidə ucaltmaq istədiyini bildirib. Bir-birindən aralı metal konstruksiyalı kişi və qadın heykəli hər gün səhər saatlarında hərəkətə başlayır və spiralvarı quruluşları sayəsində hər 8-10 dəqiqədən bir “qovuşur”. Azərbaycanla bağlı digər maraqlı məqam isə Batumidə dəniz sahili ilə uzanan yolun “Baku street” adlanmasıdır.
Digər maraqlı tikili isə yenə də Batumi bulvarında tikilmiş Əlifba qülləsidir. 2012-ci ildə tikilən 130 metr hündürlüyündəki bu qülləni maraqlı edən isə üzərində gürcü əlifbasının hərflərinin əks olunmasıdır. Gözəl memarlıq quruluşuna malik qüllənin ən üst hissəsi turistlərin şəhəri izləyə bilməsi üçün restoran olaraq planlaşdırılıb. Qülləni ilk gördüyümüz gün Beynəlxalq Ana Dili Gününə təsadüf edirdi. Bəlkə də bu təsadüfdəndir ki, gürcülərin öz ana dilinə və bu dilin sütunu sayılan gürcü əlifbasına olan sevgilərini əyani olaraq bir daha gördüm.
Batumi gözəl olmaqla yanaşı, həm də təmiz şəhərdir. Təkcə dənizkənarı deyil, şəhərin digər küçələrində də bu cür təmizliyi müşahidə etmək mümkündür. Yaşıl palma və bambuk ağaclarını, sub­tropik iqlimə uyğun gül-çiçəkləri isə şəhərin əksər yerlərində görmək olar.
Qeyd etdiyimiz kimi, Batumi bir turizm şəhəridir. Təbii ki, bu təkcə şəhərin dəniz kənarında yerləşməsi ilə deyil, eyni zamanda xarici investisiyalar üçün açıq bir bölgə olmasından da irəli gəlir. Məsələn, şəhərdə olarkən xeyli sayda xarici şirkətlərin burada turizmin müxtəlif sahələrinə böyük yatırımlar qoyduqlarının şahidi olduq. Tikilməkdə olan otellər, biznes və ticarət mərkəzləri, restoranlar, müxtəlif markaları təmsil edən butik mağazalar Batuminin biznes ruhundan xəbər verir. Özəl sektorun inkişafı üçün yaradılmış əlverişli şərait burada sağlam rəqabətin formalaşmasında öz sözünü deyir. Məsələn, sifarişlə bizi müşayiət edən taksi sürücüsü Noqzar Qoşalidze deyir ki, Batumidə taksi xidməti göstərən bir neçə şirkət var. Onların içərisində ən böyüyü isə “Taxi+” şirkətidir. Şirkətdə həm normal minik üçün nəzərdə tutulmuş taksilər, həm də oturacaq sayı çox olan mikroavtobus taksilər fəaliyyət göstərir. Taksi xidməti göstərən avtomobillərin rəngi eyni olmasa da, bu taksilərin hər birinin üzərində aid olduğu şirkətin emblemi var. Müsahibimiz turizm mövsümündə Batumidə bütün sahələrin dirçəldiyini bildirir. İndi isə vəziyyət durğundur.
Bu durğunluğu şəhərdəki müxtəlif mağazaların da fəaliyyətində görmək mümkündür. Hər kəs turistləri gözləyir. Köhnə Batumidə sıra ilə düzülmüş suvenir mağazaları isə, həqiqətən, göz oxşayır. Suvenirlərin böyük əksəriyyəti özündə gürcü məişətini, dəyərlərini əks etdirir.
Şəhərdəki geyim mağazasında tanış olduğumuz Eduard Kiviya isə Azərbaycandan gəldiyimizi o dəqiqə hiss edir. Naxçıvandan olduğumuzu deyəndə isə, sözün həqiqi mənasında, sevincini gizlətmir. Bildirir ki, keçən il qardaşının oğlu astma xəstəliyindən müalicə olunmaq üçün dövlət xətti ilə Naxçıvana göndərilib. Deyir ki, onları Naxçıvanda yaxşı qarşılayıblar, pulsuz müalicə olunublar, böyük qonaqpərvərlik nümunəsi göstəriblər. Eduard özü də astma xəstəsi olduğundan bu il Naxçıvana gəlməyi düşünür. Naxçıvana artıq avtobus reysinin açıldığını deyəndə çox sevinir. Hətta bu səfərə ailəsi ilə birlikdə çıxacağını bildirir. Biz isə öz növbəmizdə onları Naxçıvanda qarşılamağa hazır olduğumuzu deyirik.
Şəhərdə görüşüb söhbət etdiyimiz insanların çoxu işsizlikdən şikayətlənsələr də, havalar isinən kimi işlərin qaydaya düşəcəyini bildirirlər. Buna görə də yerli sakinlər, eləcə də şəhər rəhbərliyi daha çox iş yerinin açılması üçün xarici investisiyaların yatırılmasında maraqlı görünür. Bizim yerli sahibkarlarımız da bu haqda düşünsələr yaxşı olar. Çünki Qafqaz regionunda mühüm əhəmiyyətə malik bu şəhərdə nəyə görə yerli sahibkarlarımızın izi olmasın. Qarşılıqlı əlaqələrin genişləndirilməsi bizim mədəniyyətimizin, dəyərlərimizin təbliğinə geniş imkanlar açacaq. Acarıstan sakinləri Naxçıvan haqqında daha çox öyrənəcək və öyrəndikcə də muxtar respublikamıza gəlmək marağında olacaqlar. Digər tərəfdən isə yuxarıda da qeyd etdiyimiz kimi, son illərdə Batumi və Naxçıvan arasında bir sıra sahələrin qarşılıqlı inkişaf etdirilməsi üçün rəsmi səviyyədə görüşlər olub. Elə bu görüşlərin də əsl məqsədi əlaqələrin qarşılıqlı surətdə inkişaf etdirilməsidir.
“Mirvari şəhər”lə bağlı təəssüratlar çoxdur. Ancaq vaxt azlığından bir çox ünvanlarda ola bilmədiyimizdən, onlar haqqında qiyabi danışmaq istəmədik. Əslində, indi buna o qədər təəssüflənmirik də. Çünki bundan sonra Batumi ilə məsafələr daha da yaxınlaşıb. Bu turizm şəhəri haqqında nə qədər öyrənməyə, onu görməyə can atırıqsa, unutmayaq ki, Naxçıvanın da başqalarına öyrədəcəyi, deyəcəyi çox sözü var. Yolboyu bizimlə həmsöhbət olanlar da Naxçıvan-Batumi avtobus marşrutunun fəaliyyətə başlamasını böyük sevinclə qarşıladıqlarını, bu əlaqələrin muxtar respublikamızın tanıdılmasında böyük rol oynayacağını dedilər.
Batumiyə getmədən əvvəl bu qədər xoş təəssüratlara sahib olacağımızı düşünməmişdik. Vaxtımızın az olmasına baxmayaraq, Batumidə Naxçıvanı tanıyanların da az olmadığını gördük. Batumidən gəlib Naxçıvanda müalicə olunan uşaqlar Acarıstan kütləvi informasiya vasitələrində geniş işıqlandırıldığından orda naxçıvanlıları xeyirxah insanlar kimi tanıyırlar. Naxçıvanın bu imici, qədim tarixi, müasir turizm infrastrukturu qısa müddətdə Batumidən bura gələnlərin sayının artacağına əminlik yaradır.

Səbuhi Həsənov
 Əli Xudiyev
Naxçıvan-Batumi-Naxçıvan

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR