Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində keçirilən konfransda ilk olaraq Xocalıda və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. O bildirib ki, Xocalı faciəsi XX əsrin ən qanlı faciələrindən biridir və bu, bir millətə qarşı törədilmiş soyqırımıdır. Bu cinayətin arxasında ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı amansız siyasət planı dayanır. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi məhz həmin siyasətin növbəti təzahürü idi.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Xocalı faciəsinə gedən yol”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı yeritdiyi soyqırımı siyasətinin tərkib hissəsi kimi”, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva “Xocalı qəhrəmanları”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsinin Azərbaycan ədəbiyyatında əksi” mövzularında məruzələrlə çıxış ediblər.
Vurğulanıb ki, zaman-zaman ermənilər tərəfindən gah gizli, gah da açıq şəkildə davam etdirilən bu siyasət insanlığa sığmayan faciə ilə nəticələnib, soyqırımı kimi tarixə düşüb. Bu faciə dünyada baş verən ən böyük faciələrlə müqayisə edilir.
Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu səhifə illər keçdikcə gəncliyə çatdırılmalı, hər bir azərbaycanlı öz tarixini dərindən bilməli, dostu ilə düşmənini yaxından tanımalıdır. Bu mövzuda fundamental əsərlər yazılmalıdır.
* * *
Naxçıvan Dövlət Universitetində də Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Xocalı faciəsi bəşər tarixində misligörünməmiş ən dəhşətli faciədir. Rektor vurğulayıb ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi, faciə barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü il fevralın 24-də ümummilli liderin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib və beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Saleh Məhərrəmov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində artıq dünya birliyi Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımı barədə məlumatlıdır.
Konfransda universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlının “Xocalı faciəsi beynəlxalq aləmin gözündə” adlı məruzəsi dinlənilib. Natiq ermənilərin əsrlər boyu xalqımıza qarşı apardıqları düşmənçilik siyasətinin bariz nümunəsi olan bu kütləvi qırğının təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb. Qeyd olunub ki, gələcək nəsillər bu faciəni unutmamalı, vətənpərvərlik və milli həmrəylik nümayiş etdirməlidirlər.
Konfransda Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolardan ibarət slayd nümayiş olunub.
* * *
Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb. Əfsuslar olsun ki, odövrkü rəhbərlik xalqımızın başına gətirilən bu bəlanın qarşısını almadı. Lakin ümummilli liderimiz Heydər Əliyev bu faciənin siyasi-hüquqi qiymət almasına nail oldu. Bu cinayətin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə əlaqədar ilk təşəbbüs də ulu öndərin adı ilə bağlıdır. Onun təşəbbüsü nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
Bu fikirləri “Naxçıvan” Universitetində keçirilən konfransda ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev səsləndirib.
Sonra universitetin Ümumi tarix kafedrasının dosenti Elçin Zamanovun “XX əsrin ən ağır faciəsi –Xocalı”, Ərzurum Atatürk Universitetinin professoru Kerem Karabulutun “Tarixdə türk-erməni münasibətləri və Xocalı soyqırımı”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Nurlana Əliyevanın “Xocalı soyqırımı Azərbaycan ədəbiyyatında”, universitetin tələbəsi Könül Cəfərsoyun “Xocalı soyqırımı beynəlxalq müstəvidə” mövzularında çıxışları dinlənilib. Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi səylərdən, apardığı məqsədyönlü siyasətdən söz açılıb, bu siyasətin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi ifadə olunub.
Sonda tələbələrin ifasında Xocalıya həsr edilmiş şeirlər səsləndirilib, “Bəşəriyyətin ən ağır faciəsi – Xocalı” adlı videoçarx nümayiş etdirilib.
* * *
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında da Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov açıb. Qeyd olunub ki, 1992-ci ilin fevral ayının 26-da Xocalıda baş verən soyqırımı hadisəsi Azərbaycan tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub. O zaman erməni quldurları tərəfindən Xocalıda xalqımıza qarşı törədilən soyqırımı barədə dünya ictimaiyyətinə məlumat verilməyib, faciənin əsl mahiyyətinə aydınlıq gətirilməyib. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində artıq bir neçə ildir ki, faciə qurbanlarının xatirəsi dünyanın onlarla ölkəsində yad edilir. Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış işğalçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır.
Tədbirdə şuranın əməkdaşlarından Xatirə İbrahimlinin, Səbuhi Hüseynovun, Ceyhun Məmmədovun, Yəmən Rzayevanın çıxışları olub.
Xəbərlər şöbəsi