24 Dekabr 2024, Çərşənbə axşamı

Ermənilər müntəzəm olaraq soyqırımına məruz qaldıqlarını iddia etməkdə və hər il aprel ayının 24-də bu məsələni bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməkdədirlər. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, ermənilər 1915-ci il hadisələrində ölən insanların sayını mübaliğəli olaraq 1,5 milyon nəfər göstərirlər. Halbuki o vaxt Osmanlı imperiyasının sərhədləri daxilində bu qədər erməni yaşamırdı.
Tanınmış türk tarixçisi Kamuran Gürün qeyd edir ki, ermənilər tərəfindən göstərilən ölü sayı 1915-ci ildə 300 mindən başlamış, 1980-ci illərdə 2 milyona çatdırılmışdır. İllər keçdikcə bir millətin əhalisinin artması normal bir hadisədir, lakin müəyyən bir tarixdə ölmüş insanların zaman keçdikcə sayının artması çox qəribə bir icaddır.
Tarixi faktlar sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, əksinə, onlar soyqırımı törətmişlər. XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da törədilən cinayətlərin pərdəarxası məqamlarını “böyük Ermənistan” ideologiyasında və onun tərkib hissəsi olan hai-taht doktrinasında axtarmaq lazımdır. Erməni daşnaklarının milli psixologiyasına görə, əgər terrordan daha şiddətli bir metod olsa, ermənilər ona da baş vurmalıdırlar. Bu vəziyyət ermənilər arasındakı nifrətin və terroru qidalandıran ana damarın nə qədər güclü bir məqama çatdığını ortaya qoyur. Məhz həmin psixologiyanın təsiridir ki, ermənilər Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağı və ətraf rayonları işğal etmiş, Azərbaycan türklərinə qarşı Qaradağlı, Xocalı faciələri kimi qanlı cinayətlər törətmişlər. Bu cinayətlər XX əsrdə mülki əhaliyə qarşı törədilən terrorizmin ən dəhşətli nümunələrindəndir.

Qaradağlı cinayəti 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımıdır. Bu kəndin sakinlərindən 104 nəfəri girov götürüldükdən sonra qoca və cavanlar ayrı-ayrı maşınlara doldurularaq yolboyu kəndlərdə düşürülmüş və onları ən qəddar üsullarla qətlə yetirmişlər. Beləliklə, ermənilər girov götürü­lənlərdən 67 nəfəri öldürdükdən sonra qazdıqları quyuya doldurmuşlar. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olmuş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılmış, kəndin 800 nəfərə yaxın sakini məcburi köçkünə çevrilmişdir.
Beləliklə, fevral ayının 17-də Qaradağlı soyqırımının törədilməsi ilə Xocalıya gedən yol tamamilə açılmışdır. Qaradağlı soyqırımı ilə kifayətlənməyən ermənilər Xocalıda daha amansız hərəkətlərə imza atmışlar. Bu faciə zamanı törədilən vəhşi­likləri sözlə təsvir etmək mümkün deyil. Ailələrin bütövlükdə məhv edilməsi, insanların diri-diri yandırılması, öldürülən azərbaycanlıların cəsədlərinin təhqir olunması – ümumiyyətlə, belə faktlar erməni vandalizminin əlamətləridir.
Xocalı soyqırımının törədilməsində birbaşa məsuliyyət daşıyan ozamankı səhra komandiri, Ermənistanın indiki prezidenti Serj Sarkisyan Böyük Britaniyanın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı “biz ermənilər soyqırımına uğramış xalq kimi bəşəriyyət və tarix qarşısında soyqırımlarının qabağını almaq məqsədilə mənəvi məsuliyyət daşıyırıq” demiş və sanki dünya ictimaiyyətini məsxərəyə qoymuşdur. Burada olduqca məkrli bir strateji xətt var. Serj Sarkisyan ənənəvi siyasət kimi bu mötəbər məclisdə guya soyqırımına uğramış millət olaraq ermənilərin məzlum “qurban” obrazını təbliğ etmişdir. Bu obrazla ermənilər hər vəchlə real faktları gizlətməyə çalışmışlar. Təsadüfi deyildir ki, Xocalıda törədilmiş cinayətləri ermənilər inkar edir, hətta həmin soyqırımında ölənlərin azərbaycanlılar deyil, ermənilərin olduğunu önə çəkməklə azərbaycanlıları ittiham edirlər.
Əldə olan faktlar onu deməyə imkan verir ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən olan Qaradağlı və Xocalı faciələri mübahisəsiz bir soyqırımıdır. Günümüzdə hər hansı bir faciənin soyqırımı olaraq tanınması üçün saylara diqqət çəkilir. Əgər minlərlə insan məhv edilərsə, bu, soyqırımı olaraq xarakterizə edilir. Belə bir vəziyyət bir gecədə 613 insanın qətlə yetirildiyi Xocalı faciəsinin soyqırımı kimi tanınmasına yönəlik şübhə oyatmamalıdır. Çünki 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ndəki tərifdə müəyyənedici ünsür say deyil, millət, din, soy, ya da irq kimi xüsusiyyətlər üzərində qurulan bir qrupun sistematik və məqsədli olaraq tamamilə, ya da qismən məhv edilməsi planıdır. Ermənilərin Xocalıda törətdikləri cinayətlər BMT tərəfindən qəbul edilən bu sözləşmənin ikinci maddəsi ilə uyğunluq təşkil edir. Bu maddənin bəndlərində göstərilir:
1. Əlaqədar qrup üzvlərinin (milli, etnik və dini olaraq) öldürülməsi
2. Əlaqədar qrup üzvlərinin ruhi və fiziki səhhətlərinə zərər verilməsi
3. Əlaqədar qrup üzvlərinin fiziki varlıqlarının ortadan qaldırılması.
Məhz bu baxımdan ermənilərin Xocalıda törətdikləri vəhşiliklər insanların (qrupun) planlı və sistematik olaraq məhv edilməsinə yönəlik məqsəd və cinayətlərin təzahürləridir. Ermənistan BMT-nin “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ni imzaladığı üçün bu nizamnamə qarşısında məsuliyyət daşıyır. Bu səbəblə Xocalı faciəsinin soyqırımı olaraq tanınması üçün BMT-yə, beynəlxalq məhkəməyə hər dəfə müraciət olunmalı və bu müraciətdə tutarlı sübutlar çərçivəsində soyqırımını gerçəkləşdirən bütün siyasətçilərin, hərbçilərin və iştirak edən digər məsul şəxslərin adları açıq şəkildə göstərilməli, onların cəzalandırılması tələb edilməlidir. BMT-nin soyqırımı sözləşməsinin 3-cü və 4-cü maddələrinə uyğun olaraq soyqırımına rəvac verən hərəkətlərdən birini belə həyata keçirən, gerçəkləşdirilməsi üçün razılığa gələn, ictimaiyyətə yönəlik bu cür hərəkət və fəaliyyətləri qızışdıran, təşviq edən, eyni zamanda bu fəaliyyətləri əvvəlcədən planlaşdıran və hədəfləyən, istər icraçı, istərsə də rəsmi və ya qeyri-rəsmi şəxs olaraq cinayətlərdə iştirakı təsdiqlənən hər kəsin cəzalandırılması vacibdir.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanda son illərdə çox işlər görülüb. Bu istiqamətdə görülən işlər davam etdirilir. Ermənilərin “quzu cildinə girmiş canavar” obrazını ifşa etmək üçün üzərimizə böyük məsuliyyət düşür. Azərbaycanın erməni saxtakarlığı və cinayətləri ilə bağlı qarşılaşdığı problemlər açıqca ortaya qoymuşdur ki, yeni strategiyaların müəyyən edilməsi və gücləndirilməsi qaçılmazdır. Bu mübarizədə uğurlar əldə etməyin başlıca yolu isə psixoloji müharibəyə daha yaxşı hazırlaşmaq və bunu qarşı tərəfə qəbul etdirə bilməkdir.

Emin ŞIXƏLİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR