Muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Gömrük andını sınaq müddəti bitmiş və ilk xüsusi rütbələr verilmiş 30 gömrükçü qəbul edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov and içən gömrükçüləri təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Bildirilib ki, əsl gömrükçü olmaq üçün onlar bu peşənin sirlərinə dərindən yiyələnməli, işdə məsuliyyətli olmalı, qanunvericiliyin tələblərinə riayət etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mütəşəkkillik göstərməlidirlər.
Vurğulanıb ki, hər bir gömrükçü dünya təcrübəsinin öyrənilməsi və müsbət ənənələrin tətbiqi üçün təkliflərlə çıxış etməli, muxtar respublikada gömrük işini daha da irəli aparmaq üçün vicdanla çalışmalı, öz sahəsini mükəmməl öyrənməklə yanaşı, elmi biliklərini daim artırmalı, ulu öndər Heydər Əliyevin ideyaları, Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Andiçmə mərasimi gömrükçülərin təntənə ilə oxuduqları “Gömrükçü marşı” ilə başa çatıb.
Xəbərlər şöbəsi