Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Müsabiqəyə sənəd təqdim etmiş 24 namizəddən 19-u test imtahanında iştirak edib. Əvvəlcə namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt ayrılıb. Test imtahanında obyektivliyin və şəfafflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanında Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasından aldığımız məlumata görə, 50 və ya ondan yuxarı bal toplayan namizədlər ikinci mərhələyə keçəcəklər. Bu mərhələdə müvəffəqiyyət qazanan namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 20 günlük icbari təlimə göndəriləcəklər. Hər üç mərhələni keçmiş namizədlərin Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzvlük məsələsi kollegiyanın Rəyasət Heyətində müzakirə olunaraq müvafiq qərar veriləcəkdir.
Xəbərlər şöbəsi