Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ilə birgə keçirilən tədbirdən öncə ali məktəbin Təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələrinin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinin açılışı olub.
Ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov əsrlər boyu xalqın başına gətirilən soyqırımı və qətliamların, Azərbaycan xalqının öz azadlığı və ərazi bütövlüyü uğrunda apardığı şərəfli mübarizənin, qəhrəmanlıq tariximizin təsviri sənətdə inikas olunmasının əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, sərgidə müxtəlif üslub və janrlarda nümayiş olunan əsərlər müəlliflərin milli qürur, vətənpərvərlik hisslərindən yoğrulmuş, gələcək nəslə Vətən sevgisi, tarixi keçmişimizə, şəhidlərimizə hörmət və ehtiram aşılayan dəyərli sənət nümunələridir.
Sonra sərgi ilə tanışlıq olub.
Müəllimlərdən Fəridə Əhmədova və Şəmsiyyə Zalovanın, tələbələrdən Aynur İmanova, Zeynəb Məmmədova, Nuray Cavadova, Tünzalə Orucova, Güllü Məmmədova, Araz Həsənzadə və digərlərinin karikatura, plakat, kompozisiya janrlarında çəkdikləri əsərlərdə Vətən sevgisi, düşmənə nifrət və qisas hissi, müharibə və qətliama qarşı kəskin etiraz öz əksini tapıb.
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Bəstəkarlar Təşkilatı ilə birgə təşkil olunmuş tədbirdə çıxış edərək faciənin səbəbləri, siyasi məqsədi və günahkarları, bu soyqırımın beynəlxalq miqyasda tanıdılması məqsədilə görülən işlər haqqında danışıb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücumu nəticəsində qədim Xocalı yerlə yeksan edilib.
Universitetin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının məsul katibi Günay Məmmədova qeyd edib ki, bəşər tarixində misligörünməmiş dəhşətli faciə olan Xocalı soyqırımına bütün ziyalılar, sənət adamları biganə qala bilməyib, görkəmli Azərbaycan bəstəkarları, tanınmış fransız bəstəkarı Pyer Tiloy bu mövzuda irihəcmli əsərlər yaradıblar. Bəstəkar Kamal Əhmədovun 2013-cü ildə böyük simfonik orkestr üçün yazdığı “Xocalı” simfoniyası birhissəli olmasına baxmayaraq, silsiləli simfoniya janrının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir.
Simfoniyanın müəllifi, Bəstəkarlıq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Kamal Əhmədov əsər haqqında məlumat verib.
Kompüter səsləndirilməsi, müxtəlif tarixi kadrların, mövzu ilə bağlı bədii filmlərdən seçilən fraqmentlərin müşayiəti ilə təqdim olunan simfoniya faciəni bütün dəhşətləri, xronikası ilə yanaşı, müstəqil Azərbaycanın hərbi qüdrətini, iradə əzmini, yenilməzliyini də özündə təcəssüm etdirir.
Mehriban SULTAN