24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurası Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi yad edilmişdir.
Tədbiri giriş sözü ilə YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqının şüuruna dərin iz salaraq onu daim mübarizə ruhunda kökləyən elə faciəli hadisələr var ki, onlar heç zaman qan yaddaşımızdan silinməyəcəkdir. Erməni faşizminin xislətini, gerçək mahiyyətini açan Xocalı soyqırımı da belə dəhşətli hadisələrdəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Xocalı qətliamı, əslində, yüz illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin məntiqi davamı idi.

YAP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova çıxış edərək demişdir ki, Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciələrindəndir.
Vurğulanmışdır ki, ovaxtkı respublika rəhbərliyi faciənin baş verməsinin mümkünlüyü barədə ətraflı məlumatlı olduğu halda, soyqırımının qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Öz vətəndaşlarının təhlükəsizliyini və müdafiəsini təmin etməyə borclu olan hakimiyyət orqanları tam fəaliyyətsizlik nümayiş etdirərək müharibə şəraitində olan şəhərin və onun sakinlərinin xilasına çalışmamış, qanlı faciəni dünya ictimaiyyətinə çatdırmağa səy göstərməmişlər.
Xocalı faciəsinə ilk siyasi-hüquqi qiymətin məhz ulu öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edən Yeganə Məmmədova ölkə Prezidenti İlham Əliyevin bu yöndəki səmərəli fəaliyyətindən ətraflı bəhs etmişdir.
Tədbirdə dövlət başçısının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirdiyi bildirilmiş, bu istiqamətdə Heydər Əliyev Fondunun da xidmətləri qeyd olunmuşdur.
Gümüşlü kənd tam orta məktəbinin müəllimi Fatimə Seyidova, partiya fəalı Aynur İbrahimova bildirmişlər ki, bu gün hər bir azərbaycanlı bugünkü və gələcək nəsillərə tarixi həqiqətləri olduğu kimi çatdırmalı, onlarda milli yaddaş formalaşdırılmalı, bütün yeniyetmə və gənclər öz milli taleyini, tarixini yaxşı bilməlidirlər. Əminliklə vurğulanmışdır ki, yaxın gələcəkdə bütün dünyada Xocalı faciəsi soyqırımı aktı kimi tanınacaq, BMT və digər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair qəbul etdikləri qərar və qətnamələr qeyd-şərtsiz yerinə yetiriləcək, güclü Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edəcəkdir. Bu həm də şəhidlərimizin ruhu qarşısında vətəndaşlıq borcumuzdur.

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR