XIX əsrə qədər türklərin torpaqlarında, türklərin himayəsində təhlükəsiz və firavan yaşamış erməni millətçilərinin “böyük Ermənistan” xülyası və terrorizmi təkcə Azərbaycan türklərini hədəfləməyib. Bu gün məzlum millət obrazı yaradaraq dünyanın hegemon dövlətlərinin himayəsinə sığınan ermənilər hələ XI əsrdə elə eyni tərzdə səlcuqlu türklərinə sığınmışdılar. İnkaredilməz faktdır ki, ermənilərin müxtəlif xarici dövlətlərin, din və məzhəblərin təzyiq və zorakılığından qurtulmaları, özləri müstəqil bir dövlət olmasa da, müstəqil və güclü bir dövlətin daxilində bərabərhüquqlu təbəə kimi yaşamaları məhz türk-səlcuqlar dövründən başlamışdır.
Erməni millətçiləri 1914-1915-ci illərdə Şərqi Anadolu vilayətlərində türklərlə yanaşı, kürdləri və lazları, 1918-ci ildə Azərbaycan türkləri ilə yanaşı, Qubada ləzgiləri və yəhudiləri, Lənkəranda və ətraf rayonlarda talışları soyqırımına məruz qoymuşlar. Qubadakı soyqırımı faktlarını aşkara çıxaran kütləvi məzarlıqlar, Lənkəranda və ətraf rayonlarda isə bu gün də qalmaqda olan qəbirlər və xalqın yaddaşında tarixləşən hadisələr bunu bir daha sübut edir.
Və Xocalıda... XX əsrdə Xirosima və Xatında törədilmiş soyqırımlardan sonra ən dəhşətli soyqırımı Xocalıda törədilmişdir. Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas strateji məntəqələrindən biri sayılırdı. Əsgəran və Xankəndi arasında yerləşən Xocalıda dəmir yolu və hərbi aeroportun olması şəhərin strateji əhəmiyyətini artırırdı. Erməni işğalına qədər Xocalıda yalnız azərbaycanlılar və məshəti (axıska) türkləri məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən 366-cı motoatıcı alayın köməkliyi və iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc sakinləri qətlə yetirdilər. Xocalıdakı hadisələr o qədər qanlı və dəhşətli olmuşdu ki, erməni terrorçularının törətdikləri hadisələr Amerika Birləşmiş Ştatlarında “İlin ən böyük faciəsi” kimi dəyərləndirilmişdi. Xocalı soyqırımı Xirosima və Xatında törədilmiş soyqırımlardan bir də onunla fərqləndi ki, burada soyqırımı aktı iki xalqa qarşı həyata keçirilmişdir. 26 fevral təkcə azərbaycanlıların deyil, məshəti türklərinin də soyqırımı günüdür.
Statistik və demoqrafik faktların təhlili göstərir ki, 1991-ci ilin oktyabrından blokadada olan Xocalı erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə şəhərdə 86 nəfər məshəti türkü qalmışdı. Bu fakt Human Rights Watch Center (İnsan Hüquqlarına Nəzarət Mərkəzi) tərəfindən açıqlanan hesabatlarda da öz əksini tapmışdır (“Khojali tragedy – an international view”, London, 2007).
Xocalıda azərbaycanlılarla bərabər, məshəti türkləri də soyqırımına məruz qalmış, əsir götürülmüş, təcavüzə uğramışdılar. Məshəti türklərindən elə ailələr olmuşdur ki, ailənin, sadəcə, bir üzvü sağ qalmışdı.
Ermənistan silahlı birləşmələri və 366-cı alayın Xocalıda törətdiyi vəhşiliklər BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi “Soyqırımı siyasətinin qarşısını almaq və belə cinayətlər üstündə cəza haqqında” sazişdə nəzərdə tutulmuş “soyqırımı” anlayışına uyğundur.
Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin BMT-nin Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrinə ziddir. Xocalıda ermənilər törətdikləri soyqırımla adıçəkilən bəyannamənin II, III, V, IX, XVII maddələrini kobud şəkildə pozmuşlar. Belə ki, bəyannamə milliyyətindən, dilindən, dinindən asılı olmayaraq, hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququnu təsbit etdiyi halda, erməni silahlı birləşmələri xalqımıza qarşı təkcə fiziki təcavüz deyil, həm də hüquqi təcavüz etmişlər. Bəyannamənin V maddəsi insan ləyaqətini alçaldan, insanlıqdan kənar və qəddar hərəkətləri qadağan etdiyi halda, ermənilər təkcə diri insanlara qarşı deyil, hətta cəsədlərə qarşı belə, alçaldıcı və qəddar hərəkətlər etmişlər. Bu isə Xocalı hadisələrinin təkcə soyqırımı deyil, həm də mənəvi terror olduğunu sübuta yetirir.
Erməni silahlı dəstələrinin hərəkətləri BMT-nin Baş Assambleyasının qəbul etdiyi “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsi”nə də zidd idi. Çünki soyqırımı aktı zamanı vəhşicəsinə qətlə yetirilən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq olmuşdur. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Göründüyü kimi, Xocalıda və ətraf ərazilərdə məskunlaşmış məshəti türkləri də soyqırımına məruz qalmışlar. Bunu unutmamalıyıq və dünyanın da “bilərəkdən və ya bilməyərəkdən” unutmasına imkan verməməliyik.
Bir də unutmamalıyıq ki, Qarabağda dinc əhaliyə qarşı törədilmiş qırğınlar təkcə Xocalı soyqırımı ilə yekunlaşmır. Ermənistan və erməni ultra-millətçiləri tərəfindən süni surətdə törədilmiş Qarabağ münaqişəsi 20 mindən artıq insanın qətlə yetirilməsi, 50 min insanın bu və ya digər dərəcədə fiziki sağlamlığını itirməsi, 1 milyondan çox insanın doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi ilə nə ticələnmişdir.
Artıq 24 ildir ki, 26 fevralı soyqırımı, hüzn və matəm günü kimi qeyd edirik. Lakin bu gün Azərbaycan 24 il əvvəlki Azərbaycan deyil! Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik yolunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın günü-gündən həm siyasi, həm iqtisadi, həm sosial, həm də hərbi cəhətdən sürətli inkişafı bir şeyi əminliklə söyləməyə əsas verir: Xocalıda soyqırımına məruz qalmış insanların xatirəsinin elə Xocalıda qoyulacaq abidə ilə əbədiləşdiriləcəyi gün uzaqda deyil!
Kərəm Həsənov