Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlər bütün sahələri əhatə edir. Bunun nəticəsidir ki, muxtar respublikada nəqliyyat infrastrukturu da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, avtomobil yolları yenidən qurulub, sərnişin və yük daşınması sahəsində uğurlu nəticələrə nail olunub. Belə uğurlardan biri də Naxçıvan-Batumi-Naxçıvan beynəlxalq avtobus marşrutunun fəaliyyətə başlamasıdır.
Fevralın 20-də Naxçıvan şəhərindən hərəkət edən ilk sərnişin avtobusu elə həmin gün Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinə çatıb. Batumi şəhərində sərnişinləri Acarıstan Muxtar Respublikası Ali Sovetinin nümayəndəsi İrakli Berin, Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov və Batumi şəhərində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri qarşılayıblar. Sərnişinlərə ilk səfər münasibətilə Batumi Turizm Departamentinin nümayəndələri tərəfindən hədiyyələr təqdim olunub.
Acarıstan Muxtar Respublikası Ali Sovetinin nümayəndəsi İrakli Berin “Şərq qapısı” qəzetinə verdiyi müsahibədə bildirib ki, yeni avtobus marşrutu xəttinin istifadəyə verilməsi hər iki muxtar respublika arasında müxtəlif sahələr üzrə əlaqələrin, o cümlədən qarşılıqlı olaraq turizmin inkişafına öz töhfəsini verəcək.
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov isə qeyd edib ki, tarixi kökləri olan Acarıstan-Naxçıvan münasibətləri son illər qarşılıqlı rəsmi səfərlərlə daha da inkişaf etdirilib. Hər iki muxtar respublikanın hökumətləri arasında qarşılıqlı razılaşmaya əsasən müxtəlif sahələrin inkişafı üçün əsaslı zəmin yaradılıb. Yeni fəaliyyətə başlayan Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutu da bu əlaqələrin yüksələn xətt üzrə davam etdiyini göstərir.
Naxçıvan və Acarıstan arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcək yeni avtobus marşrutu Batumi şəhərinin sakinləri tərəfindən də sevinclə qarşılanıb. Batumi şəhərinin sakinləri bunun qarşılıqlı dostluq əlaqələrinin möhkəmlənməsində, hər iki regionun tanınmasında əhəmiyyətli rol oynayacağını bildirdilər.
Qeyd edək ki, yeni avtobus marşrutunun fəaliyyətə başlaması “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstan Respublikasının Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum”a əsasən həyata keçirilir. Sərnişin avtobusu Türkiyə Respublikasının ərazisindən keçməklə Batumiyə gedir. Adıçəkilən marşrut xətti üzrə bir tərəfə gediş haqqı 27 manatdır. 5 yaşınadək uşaqlara bilet alınmır. 5 yaşından 10 yaşınadək uşaqlara isə bilet 50 faiz güzəştlə satılır.
Səbuhi Həsənov