Bu münasibətlə keçirilən tədbiri Müvəkkil Ülkər Bayramova açmışdır. Qeyd edilmişdir ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ilk milli Konstitusiyamız Azərbaycan Respublikasında demokratik hüquqi islahatların keçirilməsində əsas hüquqi baza olmuşdur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etmiş, dövrün tələblərinə cavab verən bir sıra yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir.
Bildirilmişdir ki, hüquqi, demokratik dövlət quruculuğunun ən mühüm amili olan insan hüquq və azadlıqlarının müdafiəsinin təminatı ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da davam etdirilməkdədir. İnsan hüquqları və azadlıqlarının təminatı və etibarlı müdafiəsi istiqamətində görülən ən mühüm işlərdən biri də muxtar respublikada insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və səmərəli müdafiə mexanizmi olan Müvəkkil təsisatının yaradılması olmuşdur.
Vurğulanmışdır ki, bu gün Müvəkkil təsisatı öz fəaliyyətini pozulmuş insan hüquqlarının bərpası, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, hüquqi-maarifləndirmə işinin təşkili, o cümlədən maarifləndirici vəsaitlərin hazırlanması, insan hüquqlarının təbliği və müdafiəsi sahəsində dövlət və yerliözünüidarəetmə orqanları, həmçinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
Tədbirdə Müvəkkil təsisatının Hüquqi-maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Sadiq Babayevin “Müvəkkil təsisatı insan hüquqlarının səmərəli müdafiə mexanizmi kimi” mövzusunda çıxışı olmuşdur.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək demişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ədalət mühakiməsinin təmin olunması, ali prinsip olan insan və vətəndaş hüquqlarının qorunması həmişə diqqət mərkəzində saxlanılmışdır. Bu diqqətin nəticəsidir ki, məhkəmə-hüquq sistemində islahatlar keçirilmiş, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil təsisatı yaradılmış və fəaliyyətlərinin təmin olunması üçün tədbirlər görülmüşdür.
Müvəkkil təsisatı üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2006-cı il 20 fevral tarixli ikinci sessiyasında “Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanunun qəbul edilməsi ilə yaradılmışdır.
“Müvəkkil təsisatı ötən dövrdə səmərəli hüquqi təsisat kimi formalaşmış, muxtar respublikanın dövlət orqanları sistemində özünəməxsus yer tutmuşdur”, – deyən Cəlil Rüstəmov bildirmişdir ki, təsisat muxtar respublikanın dövlət və yerliözünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və qarşısının alınması sahəsində fəaliyyət göstərir. Müvəkkilin müstəqilliyinin təminatı qanunla qorunur. Ümumilikdə isə Müvəkkil institutu insan hüquq və azadlıqlarına əməl olunması sahəsində qarşıya qoyulan vəzifələrin icrasında mühüm rol oynayır.
Muxtar respublikada bütün dövlət orqanları qayğı ilə əhatə olunmuşdur. Bu qayğının nəticəsidir ki, İnsan Hüquqları üzrə Müvəkkil təsisatı üçün də müasir iş şəraiti yaradılmışdır. Eyni zamanda təsisatın işçilərinin əməyinin qiymətləndirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 19 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatı işçilərinin bir qrupunun təltif olunması bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir.
Vurğulanmışdır ki, cəmiyyət inkişaf etdikcə insan və vətəndaşların hüquqları daha da genişlənir, inkişaf edir, müasirləşir və qarşıya yeni vəzifələr qoyulur.
Bu vəzifələrin gələcəkdə də peşəkarlıqla yerinə yetiriləcəyinə əminliyini bildirən Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili təsisatının 10 illiyi münasibətilə kollektivi təbrik etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəşadətli əməyə görə nişanı ilə təltif haqqında” Sərəncamını oxumuş və nişanları təltif olunanlara təqdim etmişdir.
Xəbərlər şöbəsi