Təəssüf ki, aramızda hələ də ətraf mühitin qorunmasına və təmizliyinə biganə yanaşanlar var
Bu günlərdə muxtar respublikamızın dəmiryol nəqliyyatı haqqında bir yazı hazırlamaq üçün uzun illərdən bəri istifadə etmədiyim sərnişin qatarına minməli oldum. Məqsədim bir zamanlar naxçıvanlıların uzaq yol səfərləri zamanı istifadə etdiyi, indi isə çoxlarının yaddaşında nostalji xatirələrə çevrilmiş qatarların sərnişini olmaq duyğularını yenidən yaşamaq, muxtar respublikamızın cənub sərhədləri boyunca bir neçə saatlıq olsa da, yenidən o xatirələri təzələmək idi. Səfərimiz uğurlu oldu, yəni düşündüklərimizi reallaşdıra bildik, eyni zamanda bir daha onun fərqinə vardıq ki, muxtar respublika blokada vəziyyətinə salınsa da, nə yaxşı ki burada dəmir yolu nəqliyyatının fəaliyyətinə son verilmədi. Əksinə, yerli imkanlar hesabına, fədakar insanların səyi nəticəsində bu nəqliyyat infrastrukturunda mümkün olan hər bir şey edildi ki, vaqonlarımız hərəkətsiz, sərnişinlərimiz qatarsız qalmasın.
Bu nəqliyyat növü çoxlarının gündəlik, həftədəbir və yaxud yolu düşdükcə istifadə etdiyi ən ucuz sərnişindaşıma vasitəsidir. Qeyd etdiyimiz kimi, biz də bir neçə saatlıq bu qatarların sərnişini olduq: həm Naxçıvan-Ordubad, həm də Naxçıvan-Şərur istiqamətində. Sərnişinlərlə, qatar bələdçiləri ilə söhbətləşmək imkanımız oldu və növbəti yazılarımızın birində bunu oxucularımızla da bölüşəcəyik.
Lakin bizi məyus edən məqamlarla da rastlaşdıq ki, həmin məqamlar hazırda oxuduğunuz bu yazının yazılmasına səbəb oldu. Söhbət ondan gedir ki, qatarla bəzi yaşayış məntəqələrinin yaxınlığından keçərkən bir neçə xoşagəlməz mənzərələrin şahidi olduq və bizdə belə bir təəssürat yarandı ki, aramızda hələ də ətraf mühitin qorunmasına və təmizliyinə biganə yanaşan insanlar var. Hansı ki həmin insanlar dəmir yolu boyunca bəzi ətraf ərazilərin müxtəlif tullantılarla çirkləndirilməsinə öz “töhfələrini” verirlər. Məsələn, Naxçıvan-Ordubad və Naxçıvan-Şərur dəmir yolu istiqamətində gedərkən Naxçıvan şəhərinin Qaraxanbəyli və Tumbul kəndlərinin ərazilərində, sərhədboyu uzanan dəmir yolunun Qarabörk stansiyası ərazisində, Culfa rayonunun Gülüstan, Yaycı, Ordubad rayonunun Aza, Dəstə, Şərur rayonunun Xanlıqlar kəndləri ərazilərindəki bəzi yerlərdə topa, bəzi yerlərdə isə pərakəndə şəkildə yayılmış məişət tullantılarını gördükcə, aramızda yenə də təbiətə, ətraf mühitə soyuq münasibət bəsləyən vətəndaşlarımızın olduğu qənaətində qalmalı olursan. Həmin ərazilər “gözdənuzaq, könüldəniraq” yerlər olduğundan, o tullantılar böyük əraziləri əhatə etmədiyindən bu mövzu bir çoxları üçün o qədər də əhəmiyyətli sayılmaya bilər. Ancaq şəxsən bir neçə səbəbdən buna toxunmadan keçə bilmədik və həmin səbəblər haqqında oxucularımızı məlumatlandırmaq istədik.
Əvvəlcə qeyd edək ki, ətraf mühitin mühafizəsi ekoloji tarazlığın saxlanmasında ən birinci amildir. Bura fauna və floranın qorunmasından tutmuş yeni yaşıllıqların salınmasınadək, torpaqların münbitliyinin artırılmasından tutmuş abadlıq və təmizlik tədbirlərinədək hər şey daxildir. Hələ XX əsrin başlanğıcında Yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdi. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakətlər qarşısında qaldı. Ekoloqların fikrincə, elmi-texniki inqilab çox böyük gərginliklər yaratdı: aviasiya və avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və digər sahələr təbiət üçün zərərli sayılmaqla yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Alimlərin araşdırmasına görə, xammaldan və enerjidən istifadə XX əsrdə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10 dəfə, xammaldan istifadə isə 9 dəfə çoxaldı. Artıq insan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin dəyişməsinə səbəb olub. Təbii ki, bu fikirləri söyləyərkən elmi-texniki tərəqqinin, inkişafın qarşısını almaq arzusunda və ya iqtidarında deyilik. Yer üzündə o zaman ekoloji tarazlığı qorumaq mümkündür ki, hər bir ölkə, hər bir region öz təbiətini qorusun, onun sərvətlərindən qədərində istifadə etsin. Əgər buna dırnaqarası baxılarsa, ən böyük fəlakəti də elə təbiətin özü bəxş edəcək. Bunu deməkdə məqsədimiz odur ki, yaşadığımız regionun ərazicə kiçik və ya böyük olması fərq etmir, əsas olan odur ki, təbiətin dostu olmağı bacarasan. Bu gün Naxçıvanın havasının təmiz, suyunun şirin, meyvələrinin dadlı olmasının əsas səbəbi burada ekoloji tarazlığın qorunmasıdır. Əgər ötən dövr ərzində müxtəlif infrastruktur layihələri ilə bərabər, ekoloji tədbirlər həyata keçirilməsəydi, ətraf mühitin mühafizəsi lazımınca təşkil olunmasaydı, bu gün böyük problemlərlə üz-üzə qalardıq. Məsələn, yeraltı su ehtiyatlarımız azalar, su həcmi azaldığına görə yaşıllıqların həcmi də kiçilər, torpaqlarımızın böyük bir qismi şoranlaşmağa daha çox meyilli olardı. Nəticədə, ətraf mühit çılpaqlaşar, oksigenin həcmi azalar, yaşayış üçün o qədər də normal sayılmayacaq təbii mühit yaranardı. Buna görə də ətraf mühitin mühafizəsi muxtar respublikada ən yüksək səviyyədə diqqət edilən məsələlərdəndir. Necə deyərlər, ən yaxşı tərbiyə yaxşı nümunədir. Və bu istiqamətdə həyata keçirilən tədbirlər insanlarda ekoloji təfəkkürün və mədəniyyətin formalaşmasına təsir edib. Məgər bu gün küçə və meydanlarımızın təmiz saxlanılması, ucqar dağ kəndlərində belə, məişət tullantıları üçün qutuların qoyulması insanları ekoloji mədəniyyətə çağırış dəvəti sayılmırmı? Və yaxud Naxçıvana yolu düşən əcnəbi və yerli qonaqlar buranın təmizliyini hər addımda etiraf edirlərsə, təmizliyini dilə gətirirlərsə, bu, yerli sakinlərin ətraf mühitə münasibətinin göstəricisi deyilmi? Bəs onda nəyə görə bəzilərimiz bu nümunənin üstündən xətt çəkməklə minlərlə insanın zəhmətini yerə vururuq. Anlamaq istəmirik ki, ətraf mühiti qorumaq təkcə göz qabağında olan ərazilərin təmizliyini qorumaqla bitmir.
Bu gün Araz çayının ətrafına atılan hər bir tullantı müxtəlif infeksion xəstəliklər üçün münbit şərait yaradır, ərazinin çirklənməsinə səbəb olur. Halbuki çoxumuz fərqində deyilik ki, Araz çayının keçdiyi bölgələr içərisində yeganə yer Naxçıvandır ki, çayboyu bütün ərazilər xüsusi mühafizə olunan təbiət əraziləridir. Digər tərəfdən nəzərə alaq ki, muxtar respublikamıza gələn turistlərin Naxçıvanla tanışlığında dəmir yolundan da istifadə etmək imkanları var. Məhz bu aspektlərdən baxdıqda yarana biləcək xoşagəlməz hallardan hər birimiz narahat olmalıyıq. Eyni zamanda unutmayaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsinə görə, ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Yəni ətraf mühitin mühafizəsi cinsindən, yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcu kimi Əsas Qanunumuzda öz əksini tapıb. Belə olan halda nəyə görə biz vətəndaş mövqeyi ortaya qoymayaq? Yeri düşmüşkən, mövzuya birbaşa aidiyyəti olan bir hadisəni misal çəkməklə dünyanın dəqiq və intizamlı xalqlarından olan almanların düşüncəsində vətəndaş mövqeyinin hansı səviyyəyə malik olduğunu da oxucularımızla bölüşmək istərdim. Belə ki, bir müddət bundan əvvəl yaxın tanışlarımdan biri Almaniyada səfərdə olarkən kirayələdiyi avtomobillə şəhəri gəzir. Gəzinti zamanı insanların az olduğu sakit bir qəsəbə yolundan keçərkən əlindəki plastik su butulkasını pəncərədən çölə atır. Dostumuz heç nə olmamış kimi sonra Azərbaycana qayıdır və bir neçə gün keçdikdən sonra ünvanına cərimə haqqında arayış gəlir. Sən demə, tanışımız bu hərəkətə yol verərkən arxadan gələn digər avtomobilin alman sürücüsü bunu görür və yaşadığı ərazinin müvafiq dövlət qurumuna bununla bağlı şikayət edir. Kirayə götürülən avtomobilin nömrə nişanı ilə dostumuzun ünvanı təyin edilir və qısa müddətdə o, etdiyi məsuliyyətsizliyin əvəzini Azərbaycanda ödəməli olur. Bəli, əsl vətəndaş mövqeyi budur. Bunu başqa cür də adlandırmaq olar, əsas olan odur ki, ətraf mühitin mühafizəsində hər birimizin məsuliyyəti var: istər müsbət, istərsə də mənfi mənada. Təəssüf ki, aramızda ikincilərdən olanlar da var.
Səbuhi Həsənov