Qıvraq qəsəbəsində “Multikulturalizm və din münasibətləri” mövzusunda maarifləndirici tədbir olub. Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini, Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın sədri Hacırəddin Mehbalıyev din və mədəniyyətlərarası münasibətlərdən danışıb.
Komissiyanın sədri bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycanın tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələri hüquqi və siyasi müstəvidə yenidən bərpa edilərək keyfiyyətcə yeni mərhələyə yüksəldilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli diyara, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Bu, Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması, multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu göstərir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlar yüksək səviyyədə qeyd edilir. Muxtar respublikanın məscidlərində İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir, tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. İslami dəyərlərdən irəli gələn ənənələr yaşadılır, azsaylı xalqların nümayəndələrinin də mədəni irsinin qorunmasına və dini azadlığına hörmətlə yanaşılır. Müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur. İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. 2015-2016-cı tədris ilində “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisasının açılması bu sahəyə göstərilən dövlət qayğısını və muxtar respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasını ifadə edir.
Kəngərli rayonunda bu sahədə görülən işlərdən bəhs edən Kəngərli Rayon Dini İcmasının sədri Baxşəli Canbaxşılı komissiyanın fəaliyyəti barədə geniş məlumat verib, həyata keçirilən tədbirlərdən danışıb. Baxşəli Canbaxşılı deyib ki, komissiya üzvləri tərəfindən “İslamda tolerantlıq”, “Azərbaycanda multikulturalist dəyərlər” və başqa mövzularda maarifləndirici tədbirlər keçirilib, belə tədbirlərdə gənclərin iştirakına üstünlük verilib.
Qeyd edilib ki, rayonun qəsəbə və kəndlərində 14 nəfər digər millətlərin nümayəndəsi yaşayır. Onlara heç bir sahədə fərq qoyulmur, onların hüquqları əsaslı şəkildə qorunur, dövlətimizin göstərdiyi bütün diqqət və qayğılardan yararlanır və imtiyazlardan istifadə edirlər.
İcma sədri onu da bildirib ki, hazırda Kəngərli rayonunda 8 məscid və 2 pir fəaliyyət göstərir. Son illərdə muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində rayonda 3 məscid və 2 pir əsaslı şəkildə təmir olunub.
Xəbərlər şöbəsi