24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən...

Dahi filosoflardan biri zamanı dünən, bu gün, sabah olmaqla üç mərhələyə ayırır. Dünən keçmiş, bu gün yaşadığımız dövr, sabah gələcəkdir. Böyük zamanla müqayisədə, bəlkə də, belə bölgü çox kiçik görünə bilər. Ancaq bir qədər dərindən düşünsək, bu bölgü ilə razılaşarıq. Məsələ ondadır ki, böyük zaman üçün belə kiçik zaman kəsiklərində insanın, cəmiyyətin nail olduqlarının mahiyyətinə vara biləsən.

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Səttar Əhmədovla Şərur şəhərindəki Heydər Əliyev prospektini gəzirik. Müsahibim, elə bil ki, ürəyimdən keçənləri duyub. Bir qədər dayanır, fikrini əsaslandırır:
– Bütün ömrüm bu şəhərdə, bu rayonda keçib. Sovet dönəmini də görmüşəm, bu günümü də görürəm. Yəni dünən Şərur necə idi? Bu gün dünənki Şərurdan əsər-əlamət qalıbmı? Muxtar respublikanın ən böyük rayonu, münbit torpaqları, zəhmətkeş insanları olan bu bölgə o illərdə tipik əyalət timsalında idi. Beşilliklər dövrünün ən böyük mükafatlarından biri olan qırmızı bayraqların sayı getdikcə artırdı. Əmək cəbhəsində yüksək nəticələrə nail olan torpaq adamları da mükafatsız qalmırdılar. Ancaq o illərdə belə böyük bölgədə bir beşillikdə bir obyekt tikilib istifadəyə veriləndə elə bilirdik ki, dünyanı bizə bağışlayıblar.

Şərurlular çətinliyə dözməyi bacaran insanlardır. Buna baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində onların da bəzilərində ruh düşkünlüyü sezilirdi. Belələrini qınamaq da olmurdu. Niyə? Məktəb binaları yararsız vəziyyətdə idi, təhsil ocaqları uyğunlaşdırılmış binalarda yerləşdirilmişdi. Səhiyyə xidməti unudulmuşdu, müasir informasiya texnologiyalarından istifadə barədə söhbət etməyə dəyməzdi. Elektrik enerjisi, yanacağın olmaması isə ən böyük dərdlərimizdən idi. Xidmət sahələrinin fəaliyyətini yox səviyyəsində saymaq olardı. Bu, dünən idi...

Bu gün...

Şərur şəhərinin ən gözəl ünvanına çevrilmiş Heydər parkına daxil oluruq. Qələbəlikdir. Köhnə tanışlarım – təqaüddə olan mədəniyyət işçisi Fəxrəddin Kərimov, şair-publisist İbrahim Yusifoğlu, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Nüsrət Həsənovla görüşürük. Səttar müəllimlə başladığımız söhbətə əlavə çalarlar qatılır. Bir daha o illərə qayıdırıq:
– Bu gün muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da böyük quruculuq işləri həyata keçirilir. Sevinirik ki, Şərurun da problemləri öz həllini tapıb. İlbəil rayonda müxtəlif təyinatlı tikintilərin sayı artır. Elə 2015-ci ildə rayon ərazisində xeyli quruculuq işi görülüb. Dövlətimiz öz vətəndaşlarının yaxşı yaşaması üçün bütün imkanlardan istifadə edir. Şərurlular da var qüvvələri ilə çalışırlar ki, onlara göstərilən etimadı doğrultsunlar, muxtar respublika iqtisadiyyatının gücləndirilməsinə töhfələrini versinlər.
Bu sözləri Fəxrəddin Kərimov deyir.
İbrahim Yusifoğlu söhbətə qoşulur:
– Müxtəlif dövlət proqramlarının muxtar respublikamızda ardıcıllıqla, uğurla həyata keçirilməsi digər bölgələr kimi, bu rayonu da əsaslı surətdə, tanınmaz dərəcədə dəyişdirib. Bu gün Şərurda hər bir sahədə inkişaf, dirçəliş, yüksəliş meyilləri getdikcə sürətini artırır. Təkcə Şərur şəhərinin deyil, ucqar kəndlərin belə, siması yeniləşib. Son illərdə quruculuq işlərinin həcmi daha da artıb, miqyası genişlənib. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, görkəmini dəyişməsin, orada sosialtəyinatlı tədbirlər həyata keçirilməsin. Bu müddətdə neçə-neçə kənddə yeni təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, yollar çəkilib, körpülər salınıb, su, elektrik təsərrüfatı yaxşılaşdırılıb. Bütün bunlara muxtar respublikada nail olunmuş sabitliyin və nizam-intizamın təsiri az deyil. Elə bu da əhalinin rahatlığı üçün lazımi şərait yaradıb. İnsanlar hərtərəfli qayğı ilə əhatə olunublar. Bütün bunların həyata keçirilməsi Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olub.
Nüsrət həkimin də ürəyi doludur, doğulub boya-başa çatdığı yurd yerinin bugünkü vüsəti onu da qəlbən sevindirir:
– Son illərdə həyata keçirilən quruculuq işləri digər bölgələr kimi, bu rayonu da müasirliyə qovuşdurub. Təkcə Şərur şəhərinin deyil, ucqar kəndlərin belə, siması dəyişilib. Dünənlə kifayətlənməyən zamanın bu gün öz diktəsini ortaya qoymasına ciddi reaksiya verilməsi həyatın bütün sahələrində müasirlik ab-havası yaradıb. Bu da regionda bərqərar olunan iş prinsipinin təzahürüdür. Belə iş prinsipi hesabına adamlar hər gün bir yeniliklə rastlaşırlar. Bu, Şərur rayonunun da gündəlik həyat ritminə çevrilib. 2015-ci ildə və elə ondan əvvəlki illərdə bölgədə illərə bərabər işlər görülüb. 2016-cı ildə bu işlərin davam etdiriləcəyi, daha böyük yeniliklər yaradılacağı şəksizdir. Ona görə də tam əminliklə demək olar ki, “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili”ndə Şərurda belə uğurların sayı daha çox olacaq.
Uzun və maraqlı söhbətimiz baş alıb gedir. 2015-ci ilin timsalında bu qədim yurd yerində görülən işlər sadalanır. Minnətdarlıq hissləri dilə gəlir. Hiss etmək çətin deyil ki, Şərur rayonunun həmsöhbət olduğum sayılıb-seçilən ziyalıları bölgənin bu gününə ürəkdən sevinirlər. Onlardan ayrılmağın, Naxçıvana qayıtmağın da vaxtı çatıb. Şərurda yaşadığım təəssüratları isti-isti qələmə almağa tələsirəm.
Yazı prosesində müsahiblərimin dediklərini xatırlaya-xatırlaya Şərur Rayon İcra Hakimiyyətindən aldığım 2015-ci ilə aid statistik rəqəmlərə baxıram.
Bəhs olunan dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 74 milyon 493 min 100 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 3,2 faiz artaraq 69 milyon 392 min 800 manat təşkil edib.
Şərur şəhərində Aviakassa binasının, Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin, Axaməddə, Kürkənddə və Yuxarı Yaycıda kənd və xidmət mərkəzlərinin, Kürkənddə məscid və mərasim evinin, Aşağı Aralıq kəndində mərasim evinin və un dəyirmanının tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Kürkənddə, Cəlikənddə, Axaməd, Yuxarı Yaycı və Kürçülü kəndlərində məktəb binaları, Cəlilkənddə həkim ambulatoriyası, mədəniyyət evi, kənd və xidmət mərkəzləri yenidən qurulub.
Sosial qayğıya ehtiyacı olan 1 nəfər Azərbaycan Vətən müharibəsi əlili üçün Yengicə kəndində fərdi yaşayış evi inşa edilib.
Hazırda Şərur şəhər 2 nömrəli tam orta məktəbinin binasında tikinti, Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün tədris korpusunda və onun yataqxanasında əsaslı tikinti və yenidənqurma işləri davam etdirilir.
Dəmirçi kəndində 2, Cəlikənd, Qarahəsənli, Çomaxtur, Düdəngə və Oğlanqala yaşayış məntəqələrinin hər birində 1 çörək istehsalı sahəsi, İbadulla, Qarxun və Məmmədsabir kəndlərinin hər birində istixana təsərrüfatı, Düdəngə kəndində tutumu 360 ton və Sərxanlı kəndində tutumu 120 ton olan soyuducu anbarlar, Tumaslı kəndində qarğıdalı istehsalı sahəsi, Dizə, Həmzəli və Havuş kəndlərinin hər birində 1 heyvandarlıq təsərrüfatı yaradılıb, Arbatan kəndində heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb.
Rayon sakinlərinin büdcəsinə gəlir gətirən ən önəmli sahə kənd təsərrüfatıdır. Ötən il 30 min 320 ton dənli və dənli-paxlalılar, 2504,5 ton qarğıdalı, 79,8 ton günəbaxan, 11 min 43 ton kartof, 28 min 661 ton tərəvəz, o cümlədən 4000 ton soğan, 6476 ton bostan məhsulları, 20 min 357 ton meyvə, 1435 ton üzüm istehsal olunub. Bu dövr ərzində Şərur şəhərində şirniyyat, kompot, mürəbbə və turşu istehsalı sahələri, Vərməziyar kəndində pendir istehsalı sahəsi, Mahmudkənddə isə quşçuluq təsərrüfatının yaradılması davam etdirilib.
İl ərzində ekoloji tarazlığın qorunması məqsədilə 15 hektar sahədə yeni meyvə bağı salınıb, 23,2 hektar meyvə bağında isə bərpa işləri aparılıb. Yaşıllaşdırma tədbirləri davam etdirilərək 52 min ədəd ting əkilib.
2015-ci il ərzində rayonu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 65 transformator əsaslı, 138 transformator cari təmir olunub, 14 müxtəlif güclü yeni transformator quraşdırılıb. Bəhs olunan dövrdə 310 mənzilə yeni sayğac qoyulub.
Bu dövrdə 180 abonentə yeni qaz xətti çəkilib, 1959 ədəd qaz sayğacı yenisi ilə əvəz olunub.

Sabaha inam...

Bu statistik rəqəmlərin sayını elə o qədər də artırmaq mümkündür. Ancaq buna ehtiyac duymuram. Sadəcə onu vurğulamağı vacib sayıram ki, bu rəqəmlərin arxasında təşəbbüskarlıq, yurd yerinə bağlılıq, insanların layiq olduqları həyat tərzini təmin etmək kimi xeyirxah əməllər dayanıb. Sabaha cavabdehlik məsuliyyəti önə çəkilib. Burada Səttar müəllimin sözlərini bir daha xatırlayıram. İllər olub ki, dünəndən bu günə, bu gündən sabaha inamımız sanki iflic vəziyyətinə düşüb – dözmüşük. Bu gün isə daha xoş sabaha inam hər bir naxçıvanlının, sədərəklinin, culfalının, şərurlunun qəlbində əbədiləşib. Bu inamı hər birimizdə bu gün gördüklərimiz yaradıb.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR