Muxtar respublikada müasir xidmət növlərinin yaradılması diqqət mərkəzində saxlanılır, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə xidmətlərin göstərilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərin davamı kimi 2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yeni yaradılan səyyar xidmət üçün nazirliyə “Hundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyar xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, 2015-ci il ərzində səyyar xidmətə 6320 müraciət olub. Onlardan 5123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün müraciətlərdir.
Cari ildə də yerlərdə əhaliyə səyyar xidmət göstərilir. Yanvar ayında Culfa, Babək, Sədərək rayonlarında 477 şəxsiyyət vəsiqəsi, 103 sürücülük vəsiqəsi, 18 məhkumluq haqqında arayış verilib. Fevral ayının 1-dən isə Şərur rayonunda vətəndaşlara səyyar xidmət göstərilməsinə başlanılıb. Rayonun Püsyan, Danyeri, Tumaslı, Kürçülü, Zeyvə, Qarxun, Gümüşlü, Axura, Çərçiboğan və Dizə yaşayış məntəqələrində 203 şəxsiyyət vəsiqəsi, 3 sürücülük vəsiqəsi, 3 məhkumluq arayışı haqqında müraciət olunub.
Dünən səyyar xidmət Kəngərli rayonunun Qıvraq qəsəbəsində olub, bu gün Qarabağlar kəndində öz işini davam etdirir.
Xəbərlər şöbəsi