24 Dekabr 2024, Çərşənbə axşamı

2016-cı il fevralın 12-də Parisdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin iclası keçirilmişdir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin sədri Jan Klod Frekonun dəvəti əsasında Azərbaycan milli nümayəndə heyətinin rəhbəri Anar İbrahimov iclasda iştirak etmişdir. Bununla bağlı komitənin gündəliyinə “Azərbaycandakı vəziyyətlə bağlı fikir mübadiləsi” adlı məsələ salınmışdır.
Məsələ ilə əlaqədar komitənin iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri “Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti haqqında” çıxış edərək son 2 ildə ölkədə bu sahədə aparılan siyasət, onun nəticələri, Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsi məsələsi ilə bağlı məlumat vermişdir. Həmçinin son zamanlar ayrı-ayrı Avropa Şurası qurumlarının ölkəmizə qarşı insan hüquqlarının pozulması bəhanəsi ilə təzyiq cəhdlərinə, konqresin Varşavada keçirilmiş Monitorinq Komitəsinin və qurumun 29-cu sessiyasında açıq hiss edilən yanlış mövqeyinə etiraz bildirilərək nümayəndə heyətinin qatılmaması və etirazın mahiyyəti haqqında müzakirələrin gedişində iclas iştirakçıları məlumatlandırılmışlar.

İclasda konqresin sədri Jan Klod Frekonla Azərbaycan nümayəndə heyəti rəhbərinin yazışmalarına toxunularaq verilən cavabların və qərarların, məsələlərə dair reaksiyanın yetərli olmaması qeyd olunmuş, ümumiyyətlə, konqresin insan haqları ilə bağlı məsələlərin müzakirəsinə dair mandatının yetərli olmaması ilə bağlı fikirlər diqqətə çatdırılmışdır. Bundan başqa, katibliyin Azərbaycanla bağlı hazırladığı sənədlərə kəskin iradlar bildirilmiş və tələb edilmişdir ki, bu sənədlər dövriyyədən geri alınsın. Etirazlardan sonra tələb qəbul olunmuş və həqiqəti əks etdirməyən bütün sənədlər rəsmi sessiyanın gündəliyindən çıxarılmış, şifahi olaraq iclasda bu yanlışlığa görə üzr istənilmişdir.
Müzakirələrin sonunda Monitorinq Komitəsi bu məsələnin konqresin mart ayında keçiriləcək 30-cu sessiyasının gündəliyinə salınmayacağını bildirmiş, Azərbaycan tərəfini dialoqu bundan sonra da davam etdirməyə çağırmışdır.
Sonda Azərbaycan milli nümayəndə heyətinin rəhbəri çıxış edərək Azərbaycan tərəfinin hər zaman açıq, məzmunlu və konstruktiv dialoqun tərəfdarı olduğunu və bu siyasətini bundan sonra da davam etdirəcəyini bildirmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR