24 Dekabr 2024, Çərşənbə axşamı

Onunla indiyədək əyani tanışlığım yox idi. Sadəcə, mətbuatdan tanıyırdım. Mədəniyyətimizi, milli dəyərlərimizi təbliğ edən bu şəxsi kütləvi informasiya vasitələrində, ölkəmizdən kənarda keçirilən müxtəlif səviyyəli tədbirlərdə tez-tez görmək mümkündür. Vətəndaş cəmiyyəti quruculuğunda öz fikirləri və fəaliyyəti ilə tanınan həmsöhbətimizlə müqəddəs bir məkanda – Əshabi-Kəhf ziyarətgahında rastlaşdıq. Əyani tanışlıqdan sonra Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov muxtar respublika ilə bağlı təəssüratlarını bizimlə bölüşdü:

– Əshabi-Kəhf ziyarətgahı, həqiqətən, çox unikal məkanlardan biridir. Mən hər dəfə Naxçıvana yolum düşəndə bura ziyarətə gəlirəm və etiraf edim ki, ziyarətdən sonra mənən çox yüngülləşirəm. Çünki buradakı ab-hava mənim mənəvi tələbatımı ödəyir.

– Naxçıvana tez-tez yolunuz düşür?
– Əslində, mən uşaq yaşlarından Naxçıvana bağlı olmuşam. Bizim əslimiz Qubadlı rayonunun Həmzəli kəndindəndir. Atam o zaman Qubadlıda tütünçülük sovxozunun direktoru idi, işlə bağlı Naxçıvana tez-tez gələrdi. Mən də ilk dəfə Naxçıvana 1975-ci ildə gəlmişəm, buradakı Qızlar bulağında, Möminə xatın türbəsinin ətrafında çox gəzib-dolaşmışıq. Sonrakı illərdə də bura yolum düşüb. Naxçıvan tarixən böyük şəxsiyyətlər yetirən qədim Azərbaycan torpağıdır. Bu torpaq Heydər Əliyev kimi dünya səviyyəsində qəbul edilən siyasət nəhəngi, bütün Türk dünyasında tanınan və sevilən Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi ədiblər, Yusif Məmmədəliyev kimi görkəmli alim, Bəhruz Kəngərli kimi realist rəssamlıq sənətinin banisini yetişdirib. Bununla yanaşı, Naxçıvan öz tarixi qədimliyi ilə bütün dünyaya meydan oxuyacaq bir Azərbaycan diyarıdır. Nuhun gəmisi məhz bu torpaqda dayanıb. Dünyanın heç bir yerində oxşarı olmayan Duzdağ yataqları məhz Naxçıvandadır. Müqəddəs “Qurani-Kərim”də adıçəkilən və hazırda ziyarətinə gəldiyimiz Əshabi-Kəhf ziyarətgahı da bu torpaqdadır. Ümumilikdə isə Naxçıvanın özü Azərbaycanda ən müqəddəs yerdir.
– Rasim müəllim, qeyd etdiniz ki, Naxçıvana tez-tez yolunuz düşür, yəqin ki, buradakı dəyişikliyi də hiss etməmiş deyilsiniz.
– Əlbəttə. Birinci onu deyim ki, Naxçıvan təbiəti, havası, suyu, saf təbii məhsulları ilə fərqlənən bir bölgədir. Burada milli-mənəvi dəyərlərə böyük önəm verilir. Sanki bu təbiilik insanların da həyatına, xarakterinə sirayət edib. Mən Naxçıvanı çox zaman İsveçrəyə bənzədirəm. Çünki burada heç bir cinayət hadisəsi baş vermir. İnsanların bir-birinə qarşı sevgisi, hörməti böyükdür. Bu gün Naxçıvanda ölkəmizi dünyada, sözün həqiqi mənasında, gözəl təbliğ etməyi bacaran vətəndaşlar yetişir. Belə vətəndaşlarımızın yetişməsinin əsl səbəbi Heydər Əliyev ideyalarının bu torpaqda zərgər dəqiqliyi ilə reallaşdırılması və davam etdirilməsidir. Burada kadrların seçilməsində, onların vəzifəyə təyinatında vətənə sədaqət meyarı əsas rol oynayır. Bütün bunlarla yanaşı, mən hər dəfə Naxçıvana gələndə burada xeyli dəyişikliklərin şahidi oluram. Hər yerdə abadlıq, təmizlik, səliqə-sahman var. Yollarda təhlükəsizlik kəməri bağlamayan sürücü görməzsən, yüksək siqnal səsləri eşitməzsən, xüsusi forması olmayan taksi və marşrut nəqliyyatlarını idarə edən sürücülərə rast gəlməzsən...
– Yeri düşmüşkən, sizin həm də ictimai nəzarətlə bağlı fəaliyyətiniz var.
– Bəli, mən həm də 11 qeyri-hökumət təşkilatını özündə birləşdirən İctimai Nəzarət Koalisiyasının sədriyəm. Ölkə başçısı cənab İlham Əliyev də dəfələrlə çıxışlarında vurğulayıb ki, cəmiyyətdə hərtərəfli inkişafa nail olmaq üçün ictimai nəzarətin olması mütləqdir. İctimai nəzarət insanların özü-özünə nəzarətindən başlayır. İllərdir, burada həyata keçirilən tədbirlər, yaradılmış möhkəm nizam-intizam onu deməyə əsas verir ki, Naxçıvanda ictimai nəzarətə ehtiyac yoxdur.
– Sağ olun.
– Siz də sağ olun, qəzetinizə uğurlar arzulayıram.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR