24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvanın tarixinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, bu ərazidə formalaşan milli dəyərlər sisteminin elmi faktlar əsasında öyrənilməsi qarşıda duran əsas vəzifədir. Ümummilli liderimiz Heydər Əliyev bu zərurəti nəzərə alaraq deyirdi: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir”. 

Ulu öndərin tapşırıq və tövsiyələri əsas götürülərək Naxçıvan Muxtar Respublikasında tariximizə, dilimizə, ədəbiyyatımıza, folklorumuza, arxeologiya və etnoqrafiyamıza dair araşdırmaların əhatə dairəsi genişləndirilmişdir. 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan”, eləcə də sonrakı dövrdə keçirilən 50-dən artıq beynəlxalq simpozium və konfransda sanballı elmi nəticələr əldə edilmişdir. Həmçinin muxtar respublika ərazisində aparılmış arxeoloji tədqiqatlar zamanı mühüm tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri, elmi materiallar aşkar edilmiş, tarix və mədəniyyət abidələri pasportlaşdırılaraq dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmiş, çoxlu sayda tarixi abidə bərpa olunmuş, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmişdir.

Əldə olunan materiallar əsasında Naxçıvanşünaslığa aid mindən artıq monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsaiti yazılmış, “Naxçıvan Abidələri Ensiklopediyası”, ikicildlik “Naxçıvan Ensiklo­pediyası”, “Naxçıvan tarixi atlası” və “Naxçıvan tarixi” çoxcildliyi nəşr edilmiş, onlarla sənədli film çəkilmişdir. Təşkil olunan elmi ekspedisiyalar, aparılan arxeoloji tədqiqatlar Naxçıvanşünaslığın digər istiqamətlərinin də öyrənilməsinə ciddi əsas yaratmış, Naxçıvanın tarixi, mədəniyyəti, toponimikası, azərbaycanlıların soyqırımı və deportasiyası, maarifçilik hərəkatının və təbii ehtiyatların öyrənilməsi ilə bağlı elmi konfranslar keçirilmişdir. Görülən işlər Naxçıvanşünaslığın öyrənilməsi istiqamətində yeni imkanlar açmış, bu sahədə konkret elmi nəticələr qazanılmış, Naxçıvana həsr olunmuş kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, elmi nəticələrin yetişməkdə olan gənc nəslə öyrədilməsi və təbliği zərurətə çevrilmişdir.
Bu zərurət əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmış, mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. 2013-cü il fevralın 9-da Naxçıvanşünaslıq Mərkəzinin açılışı olmuşdur.
Ötən dövrdə Naxçıvanşünaslıq Mərkəzi öz fəaliyyətini müasir tələblər səviyyəsində quraraq ölkənin ən mükəmməl elmi-tədqiqat müəssisələrindən birinə çevrilmişdir. Mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Qədim tarixə, zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malik Naxçıvan diyarında min illər ərzində yaranan, formalaşan ən qədim mədəniyyətlər, tarixin müxtəlif dövrlərinin yadigarı olan abidələr, qədimdən müasir dövrümüzədək tarix, ədəbi mühit, yaradıcılıq sahələri, ümumilikdə, xalqın yaratdığı və günümüzə qədər çatdırdığı milli dəyərlər sistemi, adət-ənənələr, son illər muxtar respublikanın sosial-iqtisadi inkişafı, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı kimi mühüm əhəmiyyət kəsb edən məsələlər haqqında kitablar, jurnal və qəzetlər, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, sənədli filmlər Naxçıvanşünaslıq Mərkəzində toplanaraq sistemləşdirilmişdir. Hazırda mərkəzin Kitabsaxlayıcı şöbəsində 3374 nüsxə çap materialı vardır. Bunlardan 2550 nüsxəsi kitab, 29-u miniatür kitab, 92-si avtoreferat, 703-ü isə qəzet və jurnal materiallarıdır.
Mərkəzdə müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmiş, fəaliyyətin bütün istiqamətlərinin ardıcıl olaraq təkmilləşdirilməsi həyata keçirilmiş, əməkdaşların bilik və peşə bacarıqları artırılmışdır. Xüsusilə yeni texnologiyaların tətbiqi mərkəzin imkanlarından hərtərəfli istifadəyə şərait yaratmışdır. Mərkəzin kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv zənginləşdirilmişdir. Bundan başqa, istifadəçilər onlara verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilirlər. Elektron köşk istifadəçilərə kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş imkanı yaradır. Oxu və dövri mətbuat zalında istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılmışdır. İstifadəçilər elektron kataloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan, sənədlərdən, əlyazmalardan, video və audio materiallardan, fotolardan və xəritələrdən istifadə edə bilərlər. Həmçinin üç dildə hazırlanan “www.e-merkez.alimeclis.az” internet saytı mərkəz ilə səmərəli informasiya mübadiləsi aparmağa imkan verir. Artıq mərkəzin Kitabsaxlayıcı şöbəsində olan bütün kitabların elektron variantı və kataloqu yaradılaraq mərkəzin internet saytında yerləşdirilmişdir. Sayt mərkəz ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, kitab sifariş vermək və kataloqda axtarmaq, arxivdəki sənədli və televiziya filmlərinə baxmaq imkanı yaradır. Ötən dövrdə mərkəzin elektron saytından 10 mindən artıq oxucu istifadə etmişdir.
Naxçıvanşünaslığa aid materialların qorunub saxlanılması ilə yanaşı, onların gənc nəslə öyrədilməsi və təbliği də qarşıda duran əsas vəzifələrdəndir. Bu məqsədlə ümumtəhsil məktəblərinin şagirdlərinin, ali və orta ixtisas təhsili məktəblərinin tələbələrinin iştirakı ilə Naxçıvanşünaslıq Mərkəzində açıq dərs və tədbirlər keçirilir. Fəaliyyəti dövründə muxtar respublikadakı ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivinin, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Dövlət Texniki Kollecinin, Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Tibb Kollecinin tələbələrinin iştirakı ilə Naxçıvanşünaslıq Mərkəzində “Muxtariyyətin 90 ili”, “Kənd təsərrüfatı ili”, “İnkişafın 20 ili”, “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı”, muxtar respublikanın sosial-iqtisadi inkişafı, tarixi abidələr, görkəm­li şəxsiyyətlərin həyat və fəaliyyəti barədə 204 açıq dərs və tədbir keçirilmiş, bu tədbirlərdə 3953 dinləyici iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Biz Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyətinə ciddi tələblər veririk. Mərkəz Əsasnamə ilə ona həvalə olunmuş vəzifələri yerinə yetirməli, Naxçıvan tarixini öyrənməklə Azərbaycan tarixinin də öyrənilməsinə öz töhfəsini verməli, fəaliyyətini mədəniyyət və elm müəssisələri, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə qarşılıqlı əməkdaşlıq əsasında qurmalıdır”.
Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələr bundan sonra da elmi-tədqiqat müəssisəsi kimi Naxçıvanşünaslıq Mərkəzinin əsas fəaliyyət istiqaməti olacaq, kollektiv Naxçıvan Muxtar Respublikasının tarixi, elmi, ədəbi mühiti, incəsənəti, təbii sərvətləri və mədəniyyəti, habelə Naxçıvanın görkəmli şəxsiyyətlərinin həyatı və fəaliyyətinin öyrənilməsi və təbliği sahəsində həyata keçirdiyi tədbirləri davam etdirəcəkdir.

Şahin Əliyarov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR