24 Dekabr 2024, Çərşənbə axşamı

 Bütün yaşayış məntəqələri abadlaşdırılan rayonda ötən il də uğurlu nəticələr əldə edilib

Muxtar respublikamızda aparılan davamlı quruculuq işləri paytaxt Naxçıvan şəhəri də daxil olmaqla bütün bölgələrin simasını dəyişib, insanların rahat yaşayış şəraiti təmin edilib. Bu yaxınlarda yolumuzu Kəngərli rayonuna salanda, biz burada da əhalinin firavanlığı üçün görülmüş kompleks işlərin şahidi olduq. Bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, reallaşdırılan iqtisadi layihələrin rayona gətirdiyi yenilikləri gördük, zəhmətkeş kəngərlilərin günbəgün yaxşılaşan həyat səviyyəsi ilə yaxından tanış olduq.

 

Ölkəmizin inzibati-siyasi xəritəsində kiçik bir yer tutan Kəngərli bölgəsi binayi-qədimdən özünün maddi-mədəniyyət nümunələri, əvəzsiz tarixi-memarlıq abidələri, vətəninə sədaqətli elm, mədəniyyət, hərb xadimləri ilə daim seçilib. Bu gün bölgənin bütün yaşayış məntəqələri abadlaşıb. Yeni tikililər qədim Kəngərliyə yeni görkəm gətirib. Böyük dövlət qayğısı bu rayonu abad və füsunkar bir yurd yerinə çevirib.

Burada olarkən Kəngərli rayonunun əvvəlki görkəmini də xatırlayırdım. Düşünürdüm ki, qısa zaman kəsiyində gör necə böyük işlər görülüb. Bütün bunlar böyük zəhmət, fədakarlıq, vətənsevərlik, işgüzarlıq tələb edir. Məhz həmin amillərin təsiri ilə Naxçıvan tarixində mühüm izi olan Kəngərlilərin adını yaşadan bu bölgəmiz başdan-başa abad, möhtəşəm bir yurd yerinə çevrilib. Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşən rayon mərkəzində bir-birindən gözəl inzibati binalar, rahat yollar, mədəniyyət və istirahət parkı, mədəniyyət evi və digər ünvanlar bu əraziyə möhtəşəm bir gözəllik bəxş edib. Son illərdə bütün yaşayış məntəqələrində müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi, rayondaxili və kəndarası avtomobil yollarının yenidən qurulması, yaşıllıq zolaqlarının yaradılması Kəngərli rayonunda həyata keçirilən mühüm tədbirlərdəndir. 

Kəngərlinin quruculuq xəritəsinin yeni ünvanları 

Qədim diyarımızın hansı ünvanına – istər rayon mərkəzlərinə, istərsə də ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinə qədəm qoysaq, quruculuğun bəhrələrini görərik. Elə götürək Naxçıvan-Sədərək magistral yolunu. Dünya standartlarına cavab verən bu böyük layihə “Mədəniyyət yoldan başlanır” deyimini yada salır. Bu deyimi Kəngərlinin rayon mərkəzi Qıvraq qəsəbəsi də daxil olmaqla bütün kəndlərinə gedən yollara da şamil etmək olar. Elə Kəngərli rayonunun kəndlərindəki ara yolları gördüyümüzdə də qəlbimiz dağa döndü.
Buradan da görünür ki, rayonda müasir və rahat yol şəbəkələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. 2015-ci ildə ümumi uzunluğu 16 kilometr olan Qıvraq-Püsyan-Xanlıqlar avtomobil yoluna və Yurdçu kəndində 4,5 kilometr kənddaxili yola asfalt örtük salınıb, əsas magistralda və rayonun Qıvraq qəsəbəsində, Qarabağlar, Çalxanqala, Xok kəndlərində daxili yollarda təmir işləri aparılıb.
Təhsil millətin gələcəyi, taleyini müəyyənləşdirən əsas amildir. Müasir təhsil sisteminin yaradılması istiqamətində görülən işlər Kəngərli rayonunu da əhatə edib. Ötən il mayın 1-də Kəngərli Rayon Təhsil Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində 12 ümumtəhsil məktəbi və 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 12-si də müasir binada yerləşir. Təhsil Şöbəsinin yeni inzibati binasında yaradılan şərait rayonda təhsilin günün tələbləri səviyyəsində qurulmasına imkan verir.
2015-ci il mayın 1-də Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının da açılışı olub. Gənclərin əqli inkişafında və onların asudə vaxtlarının səmərəli təşkilində şahmatın əhəmiyyətli rolunu artıq hər birimiz bilirik. Bu mənada, sevindirici haldır ki, muxtar respublikamızda şahmat fənni ümumtəhsil məktəblərinin tədris proqramına daxil edilib. Hazırda şahmat məktəbləri ilə bərabər, ümumtəhsil məktəblərində də həftədə 2 saat olmaqla, şahmat fənni tədris olunur. Kəngərli rayonunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər şahmatın tədrisinə cəlb olunub. Bu baxımdan ötən il rayonda istifadəyə verilən Uşaq-Gənclər Şahmat Məktəbi şahmatın inkişafında əhəmiyyətli rol oynayır.
Kəngərli rayonunda istifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Qıvraq qəsəbəsini də müasir yaşayış məntəqəsinə çevirib. Ötən il avqustun 7-də Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi burada yeni iş yerlərinin açılması ilə birlikdə qəsəbənin görkəmini daha da gözəlləşdirib.
Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür. Naxçıvanın zəngin enerji potensialından səmərəli istifadə olunur və müasir standartlara uyğun elektrik stansiyaları tikilib istifadəyə verilir. Hazırda muxtar respublikada elektrik enerjisi istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzindədir. Ötən il iyunun 19-da Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və “Qıvraq” yarımstansiyasının istifadəyə verilməsi bu sahədə görülən işlərin tərkib hissəsidir. 

Sənaye və kənd təsərrüfatı yeni inkişaf mərhələsindədir 

Müasir dövrdə sosial-iqtisadi inkişafın əsas göstəricilərindən biri də sənayenin və kənd təsərrüfatının inkişafıdır. Bu iki sahədən biri inkişafdan geri qaldığı zaman həlli çətinləşən ciddi problemlər ortaya çıxır. Ona görə də bir sıra qabaqcıl ölkələrdə sənayenin və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirirlər. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda bu məsələ daim diqqət mərkəzindədir. Sənayenin şəhərlərlə yanaşı, bölgələrdə qurulması yeni iş yerlərinin yaradılmasına da öz töhfəsini verir. Bu baxımdan Kəngərli rayonunun ərazisində yaradılan və ötən il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan Naxçıvan Sənaye Kompleksi həm regionda sənayenin inkişafına töhfə verib, həm də yeni iş yerlərinin açılmasına şərait yaradıb.
Kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleks istifadəyə verildikdən sonra muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunub. Bu müəssisənin fəaliyyətə başlaması daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan verib. Müasir avadanlıqların quraşdırıldığı zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaq.
Kompleksə daxil olan digər zavodlarda da yüksək şərait yaradılıb. Məsələn, əhəng zavodunda istifadə olunacaq yerli xammal Kəngərli rayonundakı Qarabağlar mədənindən gətirilir. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə ediləcək.
Ana təbiət muxtar respublikamız­dan heç nəyi əsirgəməyib. Naxçıvanın münbit, bərəkətli torpağı, gözəl iqlimi, zəngin bitki örtüyü kənd təsərrüfatının bütün sahələrinin inkişafına imkan verir. Kəngərli rayonunda kənd təsərrüfatının inkişafı üçün hər cür imkanlar var. Ötən “Kənd təsərrüfatı ili”ndə bu istiqamətdə böyük işlər görülüb, aqrar sahənin inkişafı təmin edilib. Ən əsası isə əkinlərin suvarılması, suya olan tələbatın ödənilməsi üçün mühüm addımlar atılıb. Ötən ilin aprel ayında Uzunoba Su Anbarından qidalanan, hər birinin uzunluğu 16,2 kilometr olan 720 millimetrlik qoşa təbii axınlı boru xətti, 3 aqreqatlıq nasos stansiyası, 8,7 kilometr təzyiqli boru xətti, 1500 kubmetrlik qəbuledici və 250 kubmetrlik supaylayıcı hovuz istifadəyə verilib. Rayonun Böyükdüz kəndində 2 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün yeni suvarma xətti çəkilib. Xok kəndi ərazisində 300 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edən yeraltı suvarma şəbəkəsi təmir edilərək işə salınıb.
Rayonun digər yaşayış məntəqələrində 2 min 805 metr yeni suvarma və içməli su xətləri çəkilib, 1,7 kilometr uzunluğunda drenaj xətti qazılıb istifadəyə verilib, 1,5 kilometr kollektor, 4,5 kilometr arx və kanallar lildən təmizlənib. Sub­artezian quyularının və kəhrizlərin imkanlarından həm içməli su, həm də suvarma məqsədilə səmərəli şəkildə istifadə olunur.
Bütün bunlar əkin sahələrinin artırılmasına şərait yaradıb. Ötən ilin payızında 2016-cı ilin məhsulu üçün 3 min 783 hektar sahədə taxıl əkini həyata keçirilib, ondan 648 hektarını arpa, 3135 hektarını isə buğda təşkil edib.
Əhali tələbatının keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin olunmasında anbar təsərrüfatlarının, istixana komplekslərinin yaradılması da böyük əhəmiyyət daşıyır. Hazırda rayon ərazisində 2 istixana kompleksi və 300 ton tutumu olan 1 soyuducu anbar fəaliyyət göstərir.
Kəngərli rayonunda heyvandarlıq, quşçuluq və arıçılıq da diqqətdən kənarda qalmayıb. 1 dekabr 2015-ci il tarixə olan məlumata görə rayonun şəxsi təsərrüfatlarında 9 min 196 baş iribuynuzlu mal-qara, 96 min 245 baş xırdabuynuzlu heyvan, 103 min 214 baş quş, 55 təsərrüfatda 1576 arı ailəsi saxlanılmaqdadır.
Rayon ərazisində ekoloji tarazlığın qorunması istiqamətində də mühüm işlər həyata keçirilib. “Kənd təsərrüfatı ili”ndə payız mövsümü iməciliklər vaxtı muxtar respublikada ilk dəfə olaraq rayonun Böyükdüz kəndi ərazisində 50 hektar püstə bağı salınıb. Püstə bağı üçün nəzərdə tutulan ərazi isə 80 hektardır.
Bundan başqa, ötən ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 15 hektar sahədə meşəsalma, 14 hektar sahədə isə meşəbərpa işləri görülüb, 24 mindən çox ağac əkilib. 

Rayon sakinləri onlara göstərilən qayğıdan və nümunəvi xidmətdən razıdırlar 

Rayona gəlmişkən sakinlərlə də söhbət etdik. Öyrəndik ki, bütün təşkilatlarda əhaliyə nümunəvi xidmət göstərilir, hər kəsin probleminin həllinə həssaslıqla yanaşılır. Sakinlərin işlə təminatı, rabitə xidmətindən istifadəsi, onlara lazımi səviyyədə tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanılır. Təbii ki, bu da əhali tərəfindən yüksək dəyərləndirilir, insanların qurub-yaratmaq əzmini artırır.
Rayon sakinləri Kəngərlidə insan amilinin daim diqqət mərkəzində olduğunu bildirdilər. Onlar qeyd etdilər ki, insana qayğını özündə təcəssüm etdirən bu inkişaf Kəngərli rayonunun bütün kəndlərini əhatə edib, müasir məktəb binaları, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yollar abadlaşdırılıb, yeni istehsal müəssisələri yaradılıb, iş yerləri açılıb. Bu il yanvarın 14-də kompleks şəkildə tikinti-quruculuq işləri aparılan rayonun Yurdçu kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Kənd sakini Mehman Mehdiyev Yurdçunun abadlaşmasından duyduğu sevinci belə ifadə etdi:
– Mənim 70 yaşım var. Hər kəs kimi mən də görürəm ki, muxtar respublikamızda insanlara çox böyük diqqət və qayğı göstərilir. Bütün bunları bizim Kəngərli rayonunda yaşayan insanlar da qədərincə hiss edirlər, qiymətləndirirlər. Bu gün müasir kəndə çevrilən Yurdçunun da siması bu qayğının hesabına əsaslı surətdə dəyişib. İnsan bu gün bu kənddə yaşamaqdan zövq alır. Burada hər cür şərait yaradılıb. Necə deyərlər, kənddə şəhər rahatlığı var.
Sevinirəm ki, Yurdçuda aparılan quruculuq işlərindən sonra Kəngərli rayonu artıq başdan-başa abadlaşan, gözəlləşən rayona çevrilib. Muxtar respublikamızda bütün yaşayış məntəqələrində kompleks tikinti-qurucu­luq işləri aparılan tək rayon kimi ad qazanıb. Bir də ona sevinirəm ki, bugünkü gənclər yaradılanların, qurulanların qədrini bilirlər. Bilirlər ki, bütün bunlar onlar üçündür, gələcək nəsil üçündür. Bir ağsaqqal kimi dövlətimizin göstərdiyi böyük qayğıya görə minnətdarlığımı bildirirəm. 

... Artıq Kəngərli rayonundan ayrılaraq Naxçıvan şəhərinə doğru yol alırıq. Bu rayondan ayrılarkən şair-publisist Elxan Yurdoğlunun “Bu gözəllik bizim üçün deyilmi?” poemasındakı Kəngərli rayonu ilə bağlı bəndi xatırladım:

Soyu qədimdən qədim bir nəsilin adını
Daşıyan Kəngərlini – kəngərlilər yurdunu
Yaman dəyişən gördüm, başqa donda hər səhər.
Heç də heyrət etməyin bir gün olacaq şəhər.
Gəlib görənlər bilir, buralar çöllük idi,
Hər tərəf kələ-kötür, dərə idi, dik idi.
Bəs kimlər dəyişdirir indi bu boz torpağı,
Niyə gözə görünmür əvvəlki toz-torpağı.
Qısa vaxtda bu qədər binalar tikilirsə,
Yolların kənarında ağaclar əkilirsə,
Bunlar kimlər üçündür duyub düşünmək gərək,
Bizlər üçün deyilmi, bu gözəllik, bu bəzək?!

Rayon sakinlərinin arzuları bu gün reallığa çevrilir. Bu gün mərkəz Qıvraq qəsəbəsi ilə birlikdə rayonun bütün kəndləri artıq şəhərləşib.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR