İnsanın yaşadığı ev və digər daşınmaz əmlakı onun həyatı üçün mühüm tələbatlardan biridir. Məhz normal ev şəraiti hər bir ailənin yaxşı yaşaması üçün əsas şərtdir. Vətəndaşlara məxsus evlərin və digər daşınmaz əmlakın gözlənilməz bədbəxt hadisələrin zərərlərindən qorunması isə müasir sığortanın qarşısında duran əsas vəzifələrdəndir. Çünki daşınmaz əmlakın dəyəri artdıqca gözlənilməz hadisələr zamanı ona dəymiş zərərlərin vətəndaşın öz imkanları hesabına aradan qaldırılması da çətinləşir.
Vətəndaşlara məxsus daşınmaz əmlaka gözlənilməz hadisələr nəticəsində müxtəlif zərər dəyə bilər. Bir çoxları yalnız yanğın və zəlzələ nəticəsində daşınmaz əmlaka zərər dəydiyini düşünsələr də, elə gözlənilməz hadisələr vardır ki, onların nə zaman baş verə biləcəyini demək çətindir. Belə ki, yanğın və zəlzələdən başqa, insanların sahib olduğu daşınmaz əmlak sıxışmış qaz və buxar partlayışından, elektrik naqillərində yaranan qısaqapanmadan, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzasından, digər tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən daxil olan su nəticəsində subasmadan zərər görə bilər. Bunlardan başqa, baş verə biləcək güclü külək, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və habelə üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlak məhv ola bilər, yaxud hər hansı digər formada zərər görə bilər.
Sığorta hadisələri adlandırılan belə gözlənilməz təsadüfi hallar daşınmaz əmlaka çox müxtəlif dərəcədə zərər vura bilir. Belə ki, yaşayış evlərinin konstruktiv elementlərinə, otaqlara, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə xətlərinə, elektrik naqillərinə, bəzək elementlərinə, eləcə də bütün növ xarici və daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlər bərpa olunduqda xeyli həcmdə maddi vəsait tələb olunur. Baş vermiş hadisələrin təhlili göstərir ki, belə hallarla rastlaşmış, lakin daşınmaz əmlakını vaxtında sığorta etdirməmiş vətəndaşlar bu zaman ciddi maddi çətinliklərlə üzləşirlər. Nəticədə, təkcə bir nəfər deyil, həmin vətəndaşların digər ailə üzvləri də çıxılmaz vəziyyətə düşürlər. Bunun baş verməməsi, bütün ailənin sosial vəziyyətinin ağırlaşmaması üçün daşınmaz əmlakın icbari sığortası dövlət tərəfindən qanunla təsbit olunmuş qaydada aparılır. Burada əsas məqsəd vətəndaşların sosial müdafiəsi, sığortanın məhz icbari qaydada təmin olunmasıdır. Belə ki, Naxçıvan şəhərində yaşayan bir vətəndaşın 40 manat ödəməklə 20 min manat məbləğində öz daşınmaz əmlakını sığortalamasını buna misal göstərə bilərik. Göründüyü kimi, cəmi 0,2 faizlik bir sığortahaqqı qarşılığında 20 min manatlıq sığorta ödənişi verilir.
Cəmiyyət inkişaf etdikcə insanların yaşayış səviyyəsinin yüksəlməsi müasir dövrümüzün bir həyat tərzidir. Həyat səviyyəsi göstəricisi kimi əhalinin istehlak qabiliyyətinin artması və yüksək dəyərli daşınmaz əmlak əldə olunması günümüzün reallığıdır. Bu da təsadüfi deyildir. Belə ki, vətəndaşlara məxsus daşınmaz əmlakın dəyəri, bilavasitə, onların lüks həyat səviyyəsini ifadə edir. Buna görə də daşınmaz əmlakın sığorta olunması və bu yolla insanların mənafelərinin zəmanət altına alınması dövlət və əhali arasında etibarlı əməkdaşlığın bir forması kimi ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm bir hissəsidir.
Hazırda Naxçıvan Muxtar Respublikasında vətəndaşlara məxsus daşınmaz əmlak kimi yaşayış evləri, binalar, mənzillər bir qayda olaraq icbari sığorta olunur. Burada məqsəd sığorta hadisələri baş verdiyi zaman daşınmaz əmlakın məhv olması və yaxud hər hansı formada zərər görməsi ilə əlaqədar vətəndaşlara dəymiş zərərin əvəzinin ödənilməsidir. Bu sığorta növündə qaydalar və şərtlər yalnız qanunla müəyyən edilir. Başqa sözlə, daşınmaz əmlakın sığortalanması üçün sığorta hadisəsi hesab olunan hallar qanunla dəqiq şəkildə müəyyənləşdirilmişdir. Bu sığorta növü zamanı Naxçıvan şəhərində yaşayan vətəndaşlar öz daşınmaz əmlaklarını 40 manatlıq sığortahaqqı ödəməklə 20 min manata, muxtar respublikanın rayonlarında yaşayan vətəndaşlar isə 30 manat sığortahaqqı ödəməklə 15 min manat məbləğində sığortalaya bilərlər. Onu da qeyd etmək lazımdır ki, sığortahaqqının bu məbləği minimum məbləğ kimi müəyyən edilmişdir. Bu məbləğdən artıq qiymətləndirilə bilən daşınmaz əmlak onun sahibi ilə razılaşdırılmış müqaviləyə əsasən daha artıq məbləğə sığortalana bilər.
Göründüyü kimi, vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası onların mənafelərinin təmini baxımından çox faydalıdır. Çünki daşınmaz əmlak sığorta hadisəsi zamanı zərər gördüyü zaman icbari sığorta müqaviləsi bağlamış və sığorta müqaviləsi qüvvədə olan vətəndaşlara tam sığorta təminatı verilir.
Əli Cabbarov