24 Dekabr 2024, Çərşənbə axşamı

1979-cu il fevralın 11-də İran xalqı öz müqəddəratını təyin etmiş, İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.

Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf və davam etdirilir. Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan-İran əlaqələri bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Son illər hər iki ölkə tərəfindən imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu gün İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formalaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır. İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilibdir”.
Bu gün Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində beynəlxalq statusa malik Culfa və Şahtaxtı dövlət sərhəd-buraxılış məntəqələri fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Culfa Gömrük İdarəsinin və Şahtaxtı Gömrük İdarəsinin sərhəd-keçid kompleksinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi, beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunması gediş-gəlişi sadələşdirmişdir. Həmçinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasındakı dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində və Naxçıvan Beynəlxalq Hava Limanında muxtar respublikamıza səfər edən İran vətəndaşlarına sadələşdirilmiş qaydada viza olmayan birdəfəlik giriş icazələri verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək demişdir: “Bu gün Azərbaycan-İran əlaqələrinin inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin dərinləşməsi də öz töhfəsini verir. Mövcud imkanlardan səmərəli istifadə və qarşılıqlı rəsmi səfərlər əlaqələrimizin davamlı olması üçün möhkəm təməl yaratmışdır. Son illər energetika, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlıq imkanları genişlənmişdir. Bütün bunlar Azərbaycan-İran əlaqələrinin sarsılmazlığından xəbər verir”.
İran İslam Respublikası ilə qurulan iqtisadi münasibətlər sahibkarlıq subyektlərinin qarşılıqlı əlaqəsində də özünü göstərməkdədir. Muxtar respublikanın sahibkarları dəvət əsasında İran İslam Respublikasında keçirilən sərgilərdə iştirak edərək istehsal etdikləri məhsulları nümayiş etdirirlər.
Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə təhsil sahəsində də əlaqələri vardır. Naxçıvan Dövlət Universiteti İran İslam Respublikasının Tehran və Təbriz universitetləri ilə müxtəlif tarixlərdə imzalanmış müqavilələr əsasında əməkdaşlıq edir. Ötən dövrdə İran İslam Respublikasının yaxın vilayətlərində fəaliyyət göstərən universitetlərin rektor və professor-müəllim heyətinin Naxçıvana səfər etməsi, Naxçıvan Dövlət Universitetində, Təhsil Nazirliyində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində görüşlərin keçirilməsi elm və təhsil sahəsindəki əlaqələrin inkişafına yeni imkanlar açmışdır.
Azərbaycan-İran əlaqələri ortaq dəyərlərə və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu əlaqələr gələcəkdə daha da inkişaf edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR