24 Dekabr 2024, Çərşənbə axşamı

Nizam-intizam həmişə bütün uğurların başlanğıcı hesab edilib. Hərtərəfli inkişafa da nizam-intizam olan yerdə nail olmaq mümkündür. Harada nizam-intizam varsa, mütləq orada ağıl və düşüncə, vəzifə və vətəndaşlıq borcuna məsuliyyət hissi var. Odur ki, insanda intizam qaydalarına əməl etmək kimi müsbət bir keyfiyyətin formalaşması həmişə onu xoşbəxtliyə aparıb. Bu gün də belədir, sabah da belə olacağı şəksizdir. İntizamı vərdişə çevirməyin əsas yollarından biri isə insan əməyini düzgün tənzimləyən iş rejimidir. Lakin iş rejimi dedikdə heç də insanların sadəcə olaraq işə vaxtında gəlib-getməkləri nəzərdə tutulmamalıdır. Çünki işə kimin əvvəlcə başlaması şərt deyil, onu kimin necə başa çatdırması önəmlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Nizam-intizam sadəcə olaraq vaxtında işə gəlib-getmək deyil. Bu, görülən işə görə məsuliyyəti və öz fəaliyyətinə şüurlu yanaşmanı nəzərdə tutan geniş anlayışdır”.
Nizam-intizam hər bir kəsin tutduğu vəzifədən, çalışdığı sahədən asılı olmayaraq, daşıdığı məsuliyyət hissinin əsas göstəricisidir. Hər kəs gördüyü işin əhəmiyyətini, onun dövlətə və xalqa verəcəyi faydanı yaxşı dərk etməli, vicdanla, canla-başla işləməli və əlbəttə ki, gördüyü işdən mənəvi zövq almalıdır.

Bu məqamda müdrik bir məsəli xatırlamaq yerinə düşər: üç nəfər nəsə tikirmiş. Üçü də eyni bir işi görürmüş. Lakin onlardan soruşanda ki, nə iş görürlər, müxtəlif cavablar alırlar. Onlardan biri deyir: “daş yonuram”, o biri deyir: “çörək pulu qazanıram”, üçüncüsü isə deyir ki: “məbəd tikirəm”.
Burada üçüncü adamın cavabı diqqət çəkir. Düşünürsən: o şəxs niyə belə cavab verir? Çünki gördüyü işə o qədər doğma münasibət bəsləyir ki, ona məbəd kimi baxır. İş yerində vaxtını boş-boşuna keçirən, dəqiqələri, saatları sayanların isə adı başqadır...
Həyatda hər kəs yararlı bir iş görməli, əzəmətli dünya binasının bünövrəsinə öz əli ilə bir kərpic hörməlidir, – deyiblər. Yaxşı iş insanın yalnız sağ ikən üzünü ağ etmir, o həm də bu dünyada əbədi olaraq qalır və hörmətlə xatırlanır. Görkəmli mütəfəkkirlərdən birinin sözüdür: “İş insandan sonra qalan yeganə şeydir. Sən artıq yoxsan, sən artıq başqaları üçün iş olmusan və sənin zəhmətin hələ uzun müddət səndən sonra yaşayacaq, səni yada salacaq”. Hər birimizi yaşadan, həyatımızı mənalı edən gördüyümüz işdir. Bu işin məzmunundan asılı olmayaraq, real dəyər qazanması insanın nizam-intizam xarakterindən doğan münasibətindən asılıdır. Təbii, vərdişə çevrilən bu münasibət, sözsüz ki, insanın nüfuzunu artırır. Unutmaq olmaz ki, hər bir insan öz işinin övladıdır. Nizam-intizamın yaxşı mənada vərdişə çevrilməsi insanı öz peşəsinə, sənətinə də qırılmaz tellərlə bağlayır. O, daim bununla nəfəs alıb yaşayır. Bu adamlar ən gərgin anlarda belə, öz peşəsinə dönüklük etmir, saxta iş görməyi şəxsiyyətlərinə sığışdırmır, təmiz adlarına layiq görmürlər. İnsanlarda əsas keyfiyyətlərdən biri kimi nizam-intizam hisslərinin möhkəmlənməsində onlar üçün yaradılan şərait də mühüm rol oynayır. Bu gün muxtar respublikamızda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda elə bir əlverişli şərait yaradılıb ki, orada çalışanlar özlərində böyük məsuliyyət hiss edirlər. Məqsəd isə ondan ibarətdir ki, hər bir kəs gördüyü işin əhəmiyyətini, onun dövlət və xalq üçün faydasını dərindən dərk etsin, gördüyü işdən xüsusi zövq alsın.
Bir sözlə, 2016-cı ilin “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması insanların bu məsuliyyət hissini bir daha artırır. Çünki əvvəldə də vurğuladığımız kimi, harada nizam-intizam varsa, orada uğur olar. Harada qayğı, əməyə qiymət, vətənpərvərlik, vicdan varsa, orada irəliləyiş, inkişaf olar. Bəli, bu gün dünya ölkələrini bürüyən qlobal iqtisadi böhranın təsirindən qorunmağımızın, böyük nailiyyətlər əldə etməyimizin əsas səbəbi də məhz budur: uğurla qurulmuş və əhalinin ən geniş kütlələrinin etimadına əsaslanmaqla səmərəli antiböhran idarəçiliyi həyata keçirməyi bacaran hakimiyyət və güclü nizam-intizam!

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR