24 Dekabr 2024, Çərşənbə axşamı

Almaniya ordusunun 1 sentyabr 1939-cu ildə Polşaya hücumu ilə başlanan İkinci Dünya müharibəsi qısa müddətdə çox böyük miqyas alaraq bir sıra dövlətləri əhatə etmişdi. Azərbaycan xalqının bu müharibədə göstərdiyi  əzmkarlıq və qəhrəmanlıqların öyrənilməsi ciddi elmi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev xalqımızın bu müharibədəki xidmətləri haqqında demişdir: “Tarix bu gün bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidmətləri, fəaliyyəti, rolu çox böyük olmuşdur”. Bəşəriyyət tarixində çox ağır və dağıdıcı olan İkinci Dünya müharibəsi illərində naxçıvanlılar da döyüşdə və arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Bu istiqamətdə aparılmış tədqiqatlar fonunda Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Fəxrəddin Cəfərovun “Naxçıvan İkinci Dünya müharibəsi illərində” kitabını uğurlu nəşrlərdən hesab etmək olar.

2015-ci ildə nəşr olunmuş bu monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, rəyçisi AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlidir.
Əhatəli müqəddimə ilə başlayan əsər səkkiz fəsildən, 1941-1945-ci illər müharibəsində itkin düşən və həlak olanların adlı siyahısından və istifadə olunmuş mənbə və ədəbiyyatlardan ibarətdir.

Kitabın birinci fəslində İkinci Dünya müharibəsinin başlanmasından, faşist Almaniyasının 1941-ci il iyunun 22-də SSRİ üzərinə hücumundan, azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 271-ci, 402-ci və 416-cı diviziyaların formalaşdırılmasından bəhs edilmişdir. Bu fəsildə respublika zəhmətkeşlərinin xalq qoşunu yaradılması işindəki fəallığı, Naxçıvan şəhərində və rayonlarda hava hücumundan və kimyəvi hücumdan müdafiə dərnəklərinin yaradılması, naxçıvanlıların öz iş yerlərinə, ailələrinə göndərdikləri məktublar, İkinci Dünya müharibəsi illərində Fransada, Yuqoslaviyada, İtaliyada, Polşada, Çexoslovakiyada, Albaniyada, Bolqarıstanda, Rumıniyada və Norveçdə misilsiz əsgəri rəşadət göstərən Əli Babayevin, Cəlil Rəfiyevin, Cavad Həkimlinin, Məmmədhüseyn Kərimovun, Mirdamət Seyidovun və başqalarının adları böyük iftixar hissi ilə yad edilərək onların xatirəsinin əziz tutulması məsələlərindən də ətraflı söhbət açılmışdır. Kitabda Mos­kva, Leninqrad, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlərin azad edilməsində, Qafqaz və Berlin uğrundakı döyüşlərdə və partizan əməliyyatlarında azərbaycanlı, eləcə də naxçıvanlı döyüşçülərin igidliyi, ümumilikdə, bu müharibədə səfərbərliyə alınmış, yaralanmış, şikəst olmuş insanlar, hətta onların sayı haqqında əsaslı məlumatlar öz əksini tapmışdır.
Monoqrafiyanın ikinci fəslində müxtəlif arxiv materiallarından istifadə olunmaqla Naxçıvan MSSR-də hərbi səfərbərlik haqqında müfəssəl məlumat verilmiş, ayrı-ayrı rayonlar üzrə səfərbər olunanların sayı dəqiqliklə göstərilmişdir. Burada həm də muxtar respublikanın həkim və orta tibb işçilərinin xeyli hissəsinin, o cümlədən həkimlərdən Tofiq Sultanovun, Mehdi Bağırovun, Abbas Əliyevin, Əkbər İsmayılovun, orta tibb işçilərindən Dilbər Təhməzbəy­ovanın, Zərifə Camalbəyovanın, Səfiyyə Sultan­ovanın və başqalarının düşmən üzərində qələbə qazanılmasında xidmətlərindən, gənclər təşkilatlarının işindən bəhs olunmuşdur.
“Naxçıvanlılar ön cəbhədə: cəbhə məktubları” adlı üçüncü fəsil zəngin və dolğun məlumatlarla diqqəti cəlb edir. Burada Sovet İttifaqı qəhrəmanları – Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev, general-mayor Akim Abbasov, digər döyüşçülərdən Qurban Qurbanov, Bağır Bağırov, Ənvər Hacıyev, Sadiq İsmayılov, Bünyad İsmayılov,Yunis Zeynalov, Əjdər Hacıyev, Allahverdi Kərimov, İslam Səfərli, Hacı Rzayev, Kərim Əliyev, Nemət Kərimov, Əli İsmayılov, Əli Əliyev, Baloğlan Rüstəmov, Calal Qurbanov, Rəhim Rəhimov, Adil Cəfərov haqqında geniş məlumat verilmişdir.
Kitabın dördüncü fəslində naxçıvanlıların partizan döyüşlərində və antifaşist müqavimət hərəkatında iştirakı məsələlərinə toxunulmuşdur. Bu fəsildə naxçıvanlı partizanlardan Zəfər Qədimovun, Bəşir Qazıyevin, Əlipaşa Rəcəbovun, Firudin Hüseyn­ovun döyüş yoluna nəzər salınmış, həmyerlilərimiz Yunis Mirzəyevin, Zeynal Zeynalovun, Sadiq Nadir­ovun, Mahmud Mahmudovun müxtəlif ölkələrdə fəaliyyət göstərən partizan dəstələrindəki igidlikləri işıqlandırılmışdır.
Təqdim olunan kitabın beşinci fəslində arxiv sənədlərindən istifadə olunmaqla naxçıvanlıların arxa cəbhədəki fəaliyyəti təhlil edilmişdir. Müharibə illərində arxa cəbhədə çalışan qadınlar və uşaqlar ön cəbhəni müxtəlif ərzaq məhsulları, müəyyən geyim materialları ilə təmin edir və döyüşən əsgərlərə isti paltar, yun əlcək və corablar göndərirdilər. Fəsildə həmin məsələlərdən ətraflı şəkildə bəhs edilmişdir.
Monoqrafiyanın “Naxçıvanlıların işğaldan azad olunmuş rayonlara köməyi” adlanan altıncı fəslində muxtar respublika zəhmətkeşlərinin – Babək, Şərur, Şahbuz və Ordubad rayon sakinlərinin Çərkəs və Çerkassk vilayətlərinə göstərdikləri kömək və yardımdan söhbət açılır.
Əsərin yeddinci fəslində İkinci Dünya müharibəsi illərində Naxçıvanın sosial-iqtisadi həyatına xüsusi diqqət yetirilmiş və bu məsələlər müəllif tərəfindən tədqiq edilərək ümumiləşdirilmişdir.
Kitabın sonuncu – səkkizinci fəslində müharibə illərində Naxçıvanda mədəniyyət, təhsil, elm, ədəbiyyat, mətbuat və incəsənət sahələrində həyata keçirilən tədbirlərdən bəhs olunmuşdur.
300 səhifəlik “Naxçıvan İkinci Dünya müharibəsi illərində” kitabının sonunda verilmiş 1941-1945-ci illər müharibəsində itkin düşən və həlak olanların adlı siyahısı əsərə olan marağı təmin edən əsas amillərdən biridir.
Kitabın praktik əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Naxçıvan tarixi ilə məşğul olan tədqiqatçılar, ali məktəblərin müəllim və tələbələri, magistrantlar bu kitabdan istifadə edə bilərlər.
Tarix elmləri doktoru Fəxrəddin Cəfərovun tədqiqatları həmişə maraqla qarşılanmışdır. O, elmi axtarışları və əməli fəaliyyəti ilə tanınan alimlərimizdəndir. Bu kitab da müəllifin yaradıcı işinin, gərgin zəhmətinin və çoxillik araşdırmalarının nəticəsidir. Yüksək məsuliyyət hissi ilə hazırlanmış bu əsər çox dəyərli və qiymətli bir mənbədir. “Naxçıvan İkinci Dünya müharibəsi illərində” adlı kitabı Azərbaycan tarixşünaslığına və Naxçıvanşünaslığa sanballı töhfə hesab etmək olar.

Yaşar RƏHİMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR