XX əsrin 90-cı illərində qədim Naxçıvan diyarının muxtariyyətinin qorunub saxlanılması, bilavasitə, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Muxtariyyət statusunun beynəlxalq hüquqa əsaslanması Naxçıvanı həm də erməni təcavüzündən qoruyub.
Bu fikirlər fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası: tarix və müasirlik” mövzusunda Naxçıvanın muxtariyyət qazanmasının 92-ci ildönümünə həsr olunan elmi konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tərəfindən səsləndirilib.
Akademik bildirib ki, qədim diyara muxtariyyət statusunun verilməsi zəruri tarixi-siyasi, coğrafi amillərdən irəli gəlib. Naxçıvanın muxtariyyət qazanması onun Azərbaycanın tərkibində qalmasına, inkişaf etməsinə əhəmiyyətli hüquqi-siyasi zəmin yaradıb. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda respublikamızın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələri imzalanıb. Beynəlxalq Moskva və Qars müqavilələri mühüm geostrateji əhəmiyyətə malik Naxçıvanın ərazisinin toxunulmazlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edib. Həmin sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin olunub.
Vurğulanıb ki, Naxçıvan Azərbaycanın böyük dövlətçilik ənənələrinə malik olan qədim diyarıdır. X əsrdə burada “Naxçıvan şahlığı”nın, XII əsrdə isə Atabəylər dövlətinin yaranması da bunu təsdiq edir. Bundan əlavə, XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına əsaslı töhfələr verib. XX əsrin əvvəllərində həmin dövlətçilik ənənələrinin əsasında 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası yaradılıb. Bu hadisə qədim diyarın düşmənlərdən müdafiəsi və ərazisinin qorunub saxlanılması üçün əhəmiyyətli rol oynayıb. Bu mənada, Naxçıvanın muxtariyyət qazanması həm də tarix boyu yaranan dövlətçilik ənənələrinin davam etdirilməsinə rəvac verib. Həmin dövlətçilik ənənələrini yaşadan naxçıvanlılar 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında Naxçıvan Muxtar Respublikasının yaradılması üçün böyük səy göstəriblər. Əhali qədim diyarın Azərbaycanın tərkibində saxlanılması üçün istər hərbi, istərsə də siyasi-diplomatik sahələrdə fədakarlıqla mübarizə aparıb.
“Ulu öndər Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə böyük nailiyyət kimi qiymətləndirib. Türk dünyasının böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə qədim diyarın toxunulmazlığı istiqamətində mühüm tədbirlər həyata keçirib”, – deyən akademik İsmayıl Hacıyev vurğulayıb ki, həmin illərdə Naxçıvanda qəbul edilən tarixi qərarlar həm də Azərbaycan dövlətçiliyinin formalaşması, onun tərəqqisi, milli iqtisadi strategiyanın müəyyənləşdirilməsi, diplomatik münasibətlərin qurulması kimi əhəmiyyətli məsələlərdə də mühüm rol oynayıb.
Bildirilib ki, Azərbaycanın əsas ərazisindən ayrı düşən Naxçıvanın muxtariyyət statusu onun inkişafında, düşmən işğalından qorunmasında əsaslı rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Planına əsasən, yubiley münasibətilə Bakıda və Naxçıvan şəhərində, bir sıra xarici ölkələrdə tədbirlər keçirilib, dünyanın aparıcı mətbuat orqanlarında Naxçıvana həsr olunmuş məqalələr dərc edilib, muxtar respublikanın inkişafını əhatə edən elmi-tədqiqat materialları və kitablar çap olunub.
İsmayıl Hacıyev deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası sürətli inkişaf dövrünü yaşayır. 25 ildir, blokada vəziyyətində yaşamağına baxmayaraq, muxtar respublika gündən-günə daha sürətlə inkişaf edən bir diyara çevrilib, sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi modelini formalaşdırıb. Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi isə muxtar respublikamızı daha böyük nailiyyətlərə doğru aparır. Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xəttin uğurla davam etdirilməsi, bütün dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması irimiqyaslı quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, kənd təsərrüfatı, sənaye sahəsi də daxil olmaqla bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Məhz bunun nəticəsində 2015-ci ildə ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,7 faiz artaraq 2 milyard 467 milyon manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 600 manata bərabərdir. Yeni istehsal sahələrinin sayının artması və əhatə dairəsinin genişlənməsi nəticəsində bu gün muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Artıq 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına təmin edilir.
Sonra Naxçıvan Dövlət Universitetinin elmi katibi, dosent Elçin Zamanovun “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət”, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyevin “Moskva və Qars müqavilələri: Naxçıvanın ərazi taleyi”, həmin institutun aparıcı elmi işçisi, dosent Musa Quliyevin “Behbud ağa Şahtaxtinski və Naxçıvanın muxtariyyət statusu”, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, dosent Xəzər Hüseynovun “Naxçıvan MSSR-in yaranması”, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, dosent Elbrus İsayevin “Naxçıvan Muxtar Respublikasının inkişaf yolu” mövzularında elmi məruzələri dinlənilib, müzakirələr aparılıb.
Rauf Əliyev