24 Dekabr 2024, Çərşənbə axşamı

Ulu öndər Heydər Əliyеv: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən ən böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq.


Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası geosiyasi mövqeyi baxımından bütün Türk dünyasını bir-birinə bağlayan körpüdür. Məhz bu səbəbdən XX əsrin əvvəllərində regionda marağı olan böyük dövlətlər ermənilərə hərtərəfli hərbi və maddi yardım göstərərək bölgədəki türk izlərini silməyə çalışırdılar. İnkar­edilməz faktdır ki, tarixən hər bir böyük dövlət öz siyasətini həyata keçirərkən müxtəlif bəhanələrdən və amillərdən istifadə etmişdir. XX əsrin əvvəllərində Rusiyanın, İngiltərənin və ABŞ-ın Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirməsində başlıca amillərdən biri ermənilər idi. Qeyd etmək lazımdır ki, ermənilər bu dövlətlərin geosiyasi maraqlarının icraçısına çevrilsələr də, öz növbəsində, dünyanın bu böyük güclərindən gələcəkdə qurulması planlaşdırılan “Ermənistan dövləti” üçün öhdəliklər də əldə etmişdilər. Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Qafqazdakı Azərbaycan türkləri, o cümlədən naxçıvanlılar üçün fəlakət mənbəyi olaraq qalmış, minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına səbəb olmuşdur. Lakin xalqın müqaviməti sayəsində torpaqlarımızın, eləcə də Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısı alınmışdır.

1920-ci il avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlandı. Həmin sazişin şərtlərinə görə Şərur-Dərələyəz Ermənistana verilirdi. Qarabağ, Zəngəzur və Naxçıvan isə yenə də “mübahisəli vilayətlər” elan olunurdu. Bununla Sovet Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı sovetləşdirmək məqsədi güdürdü. Ona görə də Nəriman Nərimanov Moskvaya göndərdiyi tele­qramlarda Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mübahisəsiz sayılan vilayətlərin indi nədənsə mübahisəli sayılmasına qarşı ciddi etirazını bildirmişdi. 1920-ci il ok­tyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında başqa bir müqavilə də imzalandı. Bu müqavilədə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana verilirdi. Bolşevik Rusiyası bu yolla ermənilərin rəğbətini qazanmaq istəyirdi.
Ermənistan SSR yaradıldıqdan sonra Azərbaycan ərazisinə iddialar daha da artdı. Lakin Nəriman Nərimanov və onun yaxın silahdaşlarının qəti mövqeyi və prinsipiallığı sayəsində Naxçıvanı Ermənistana birləşdirmək cəhdi baş tutmadı. 1920-ci il dekabrın 2-də Aleksandropolda (Gümrüdə) Ermənistanın daşnak hökuməti ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən sonradan Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə yolu ilə xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. Həmin müqaviləyə əsasən, türk generalı Veysəl Ünüvar özünü müvəqqəti fövqəladə komissar elan etdi, öz dəstələri ilə Şərur da daxil olmaqla Ermənistanla sərhəd məntəqələri tutdu. Nəticədə, 1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsi bəyannamə ilə çıxış edərək Naxçıvanın müstəqilliyini tanımağa məcbur oldu.
Həmin dövrdə Naxçıvanda əhalinin narazılığı get-gedə artırdı. Bununla əlaqədar Azərbaycan İnqilab Komitəsinin üzvü, ədliyyə komissarı Behbud ağa Şahtaxtinski Naxçıvana gəldi. Naxçıvanda, Ordubadda, Şərurda və başqa yerlərdə Naxçıvanın Ermənistana verilməsinə qarşı böyük mitinqlər keçirilirdi. Əhalinin əksəriyyəti Azərbaycanın tərkibində müstəqil Naxçıvan Sovet Sosialist Respublikasının yaradılmasını tələb edirdi. 1921-ci ilin yanvar ayında Naxçıvanda onun Azərbaycan SSR tərkibinə daxil olması barədə rəy sorğusu keçirildi. Rəy sorğusu nəticəsində respublika əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının Azərbaycan SSR tərkibində qalmasına tərəfdar çıxdı. Bu referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisə idi. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar referendumu keçirilməsəydi, bəlkə də, Moskva və Qars müqavilələrinə heç ehtiyac da qalmayacaqdı. Bu, Azərbaycan diplomatiyası tarixində Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olan uğurlu diplomatik gedişdir.
Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri Vladimir Leninə göndərdiyi 13 avqust, 20 sentyabr, 7 oktyabr 1920-ci il və xüsusən 1 mart 1921-ci il tarixli məktub və tele­qramlarında, əlavə etdiyi arayışlarda bolşevik hakimiyyətinin Şərq siyasəti, bu zaman yol verilmiş səhvlər, Rusiya-Türkiyə münasibətlərinin qurulması və bunun Rusiya üçün əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanın ərazi bütövlüyü problemi, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət verilməsi və başqa məsələləri çatdırmış, təklif və mülahizələrini bildirmişdi. Behbud ağa Şahtaxtinskinin təklifləri Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirəyə çıxarılması barədə göstəriş vermişdi. Bu zaman Türkiyədən gələn nümayəndə heyəti ilə də danışıqlar aparılırdı. Danışıqlarda bir sıra məsələlərlə yanaşı, Naxçıvan məsələsi də müzakirə olunurdu. Naxçıvan məsələsinin həm Siyasi Büroda, həm də Türkiyə-Rusiya danışıqlarında müzakirə edilməsi onun ədalətli həllinə kömək göstərdi. 1921-ci il martın 16-da Naxçıvanla bağlı iki mühüm qərar qəbul edildi. RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təklifini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikasının yaradılması haqqında qərar qəbul etdi. Eyni zamanda həmin gün Türkiyə-Rusiya arasında Moskva müqaviləsi imzalandı və bu müqavilənin üçüncü bəndinə əsasən, Naxçıvan muxtar ərazi statusu alırdı.
Moskva müqaviləsinin maddə və şərtlərini daha da konkretləşdirmək və müəyyən mənada tamamlamaq, yəni Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı həll olunmamış məsələləri, xüsusilə də ərazi problemlərini nizama salmaq məqsədilə yeni konfrans çağırmaq lazım gəldi. Moskva müqaviləsi ilə şərq sərhədlərini müəyyənləşdirən Türkiyə Qarsda da Cənubi Qafqaz respublikalarının hər biri ilə ayrı-ayrılıqda müqavilələr imzalamaq istəsə də, Behbud ağa Şahtaxtinskinin “vahid müqavilə bağlanmasının Cənubi Qafqaz respublikaları və Türkiyə üçün qarşılıqlı surətdə faydalı olduğu, inqilabi zərurətin bunu tələb etdiyi” təklifindən sonra 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalandı. 20 maddə və 3 əlavədən ibarət olan bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər, zorla qəbul etdirilən müqavilələr, xüsusilə də Sevr müqaviləsi rədd edilirdi. Müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsinə əsasən, Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu təsbit edildi və bu status məsələsində razılığa gələn tərəflər – Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri müəyyən olundu.
Qars müqaviləsinə əsasən, Naxçıvanın sərhədləri aşağıdakı kimi müəyyən olunmuşdu: “Üçbucaq təşkil edən zonada yerləşən Naxçıvanın ərazisi Urmiya kəndindən başlayan düz xətt boyunca Arazdəyən stansiyasına qədər, yenə də düz xətt boyu qərbi Daş Burun dağına (3142 m), suayrıcı xətlə şərqi Daş Burun dağından (4108 m) keçib Cəhənnəm dərəsi ilə bulaqdan (cənub) keçib, suayrıcı xətt üzrə Bağırsaq dağından (6607 və ya 6587 m) keçmiş İrəvan dairəsi və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi boyunca 6629 m yüksəkliyindən Kömürlü dağa (6839 və ya 6930) və oradan (3080) yüksəkliyindən Sayat Dağı (7868) Qurd Qulaq kəndi və Həməsür dağına (8160), 8022 yüksəklik Quru Dağa (10282) və bundan sonra keçmiş Naxçıvan qəzasının inzibati sərhədi”.
Beləliklə, RSFSR hökumətinin, ingilislərin və amerikalıların ermənipərəst mövqeyinə, erməni daşnaklarının cidd-cəhdlərinə və silahlı mübarizələrinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi, Türkiyə hökumətinin obyektiv mövqeyi və Behbud ağa Şahtaxtinskinin diplomatik səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı.
1924-cü il yanvarın 8-də Zaqafqaziya MİK Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsini elan etdi. Nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında dekret verdi. Dek­retdə deyilirdi:
1. Naxçıvan ölkəsi Azərbaycan SSR-in himayəsində Naxçıvan SSR-ə çevrilsin.
2. Naxçıvan SSR haqqında əsasnaməni hazırlamaq üçün Vəlibəyov, Bağırov, T.Şahbazi və A.Axundovdan ibarət komissiya yaradılsın və komissiya bir həftə müddətində həmin layihəni hazırlasın.
Komissiyanın hazırladığı əsasnamə 1924-cü il martın 23-də Azərbaycan MİK tərəfindən təsdiq olundu. Bununla bərabər muxtar qurum kimi Naxçıvan SSR-in Konstitusiyası hazırlandı və 1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər Qurultayında Naxçıvan SSR-in ilk Konstitusiyası qəbul edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”.
1924-1969-cu illərdə Naxçıvan Muxtar Respublikasında siyasi və iqtisadi həyat olduqca ağır, təzadlı və gərgin keçmişdir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasına münasibətdə mərkəzi hakimiyyətin yeritdiyi siyasət regionu imperiyanın aqrar əlavəsinə çevirmək məqsədinə xidmət etmiş, təbii sərvətlərlə zəngin olan muxtar respublikada məhsuldar qüvvələrin inkişafı aşağı səviyyədə saxlanmışdır. Lakin 1969-1987-ci illərdə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə doğma Azərbaycanımız, o cümlədən Naxçıvan diyarı da özünün əsl intibahına və inkişafa qovuşmuş, ikinci ömrünü yaşamağa başlamışdır. Şəhər və rayonların, ucqar dağ kənd­lərinin siması dəyişmiş, əhalinin güzəranı yaxşılaşmış, Naxçıvanda yeni sənaye obyektləri, su anbarları, aqrar-sənaye kompleksləri, su elektrik stansiyası tikilmişdir. Sənaye istehsalının quruluşunda konserv, üzüm istehsalı, tikinti materialları, elektrotexnika avadanlığı, meşə və ağac emalının xüsusi çəkisi xeyli artırılmış, təhsil, səhiyyə, mədəni-maarif müəssisələrinin şəbəkəsi genişləndirilmişdir.
1990-cı ilin iyul ayında ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanın ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etmişdir. Həmin illərdə ümummilli liderimizin muxtar respublika parlamentində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündə­liyə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkarlıq siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir. Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, muxtar respublikanın 75 illik yubileyinin qeyd olunması, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbulu və həllivacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmişdir.
Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə muxtar respublikanın 80 və 85 illik yubileyləri keçirilmişdir. Müstəqillik illərində muxtariyyətin dördüncü yubileyi – 90 illiyi cənab İlham Əliyevin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunmuşdur.

Bu gün Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir, yeni iş yerləri yaradılır, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edilir. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri aparılır, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğı artırılır, səhiyyə, idman və mədəniyyətin maddi-texniki bazası ilbəil möhkəmləndirilir. Bir sözlə, Naxçıvan Muxtar Respublikası heç vaxt indiki qədər abad, güclü, hərtərəfli inkişafa nail olmamışdır.

Emin ŞIXƏLİYEV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR