24 Dekabr 2024, Çərşənbə axşamı

Müasir dövrdə dayanıqlı inkişafı təmin etmək üçün məqsəd və hədəflərin düzgün müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir, uğurlu nəticələrə yol açır. Gələcəyimiz isə yalnız ötən illərdə qazanılan uğurların üzərində qurula bilər. Ötən il ərzində görülən işlərin hesabatının verildiyi və qarşıda duran vəzifələrin müəyyənləşdirildiyi yanvar ayı bu mənada muxtar respublikamızın həyatında mühüm hadisələrlə yadda qalıb. 

Muxtar respublikamızda artıq təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşdırılıb. İstər ümumi iqtisadi, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və digər sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi, ilbəil artması inkişaf tempinin yüksək olduğunu göstərir. Məhz buna görə də muxtar respublika sakinləri yeni ilin gəlişini elliklə, qurub-yaratmaq əzmilə, böyük ruh yüksəkliyi qeyd ediblər. Sakinlər 2016-cı ilin ilk günlərini sevinc hissi ilə qarşılayıblar. İnsanlar əmindirlər ki, ölkəmizin, o cümlədən muxtar respublikamızın davamlı inkişaf və tərəqqisi bu il də bütün sahələrdə nailiyyətlərin qazanılmasına imkan verəcəkdir. 

Yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində bayram şənlikləri keçirilib. Naxçıvan şəhərinin sakinləri ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdəki mərkəzi meydanda təşkil olunan bayram şənliyində iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyinin keçirildiyi mərkəzi meydana gəlib, sakinlərin Yeni il bayramını təbrik edib.
Ötən illər ərzində ardıcıl həyata keçirilən tədbirlər, görülən işlər nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş tikinti-quruculuq işləri muxtar respublikanın bütün ərazisini əhatə edib, paytaxt Naxçıvan şəhəri, rayon mərkəzləri ilə yanaşı, qəsəbələrimiz və kəndlərimiz yeniləşmə prosesinə qoşulub. Kəngərli rayonu da sürətli sosial-iqtisadi inkişafdan bəhrələnərək abadlaşıb, gözəlləşib. Dövlətimiz tərəfindən rayona hərtərəfli qayğı göstərilir, bütün məsələlərin həlli istiqamətində məqsədyönlü işlər görülür. Rayonun camaatı da işgüzar və zəhmətsevərdir. Qurub-yaratmaq eşqilə yaşayan sakinlər göstərilən diqqət və qayğının müqabilində doğma yurdun çiçəklənməsi, güzəranın günbəgün yaxşılaşması üçün əllərindən gələni əsirgəmirlər.
Muxtar respublikada insan amili daim diqqət mərkəzindədir. İnsana qayğını özündə təcəssüm etdirən bu inkişaf Kəngərli rayonunun bütün kəndlərini əhatə edib, müasir məktəb binaları, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yollar abadlaşdırılıb, sənaye müəssisələri yaradılıb, yeni iş yerləri açılıb. Rayonun Yurdçu kəndində kompleks şəkildə aparılan tikinti-quruculuq işlərindən – yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsindən sonra Kəngərli rayonu bütün yaşayış məntəqələri abadlaşmış rayona çevrilib. Bu gün həmin rayon başdan-başa abadlığın, quruculuğun, nəhayət, insan əməyinin gözəl nümunəsi kimi diqqətləri cəlb edir. Bu, qurucu rəhbərimizin muxtar respublikanın hər bir yaşayış məntəqəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bu reallığı təkcə biz deyil, muxtar respublikamızdakı tikinti-quruculuq nümunələrini görən hər kəs deyir. Yurdçu kəndində inşa olunan məktəb binası möhtəşəmliyi ilə heç də universitet binasından geri qalmır. Bu sözü təsadüfən demədim. Sosial şəbəkədə paylaşdığım həmin binanın şəklini görən ölkəmizdən və xarici ölkələrdən olan həmkarlarımın böyük əksəriyyəti Yurdçu kənd tam orta məktəbini universitet binasına oxşadıb. Burada şagirdlərin ən müasir səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb. Məktəbin elektron lövhələrlə, kompüterlərlə təmin olunması şagirdlərin yeni texnologiyalardan istifadə vərdişlərinə yiyələnmələrinə, intellektual səviyyəyə malik gənclərin formalaşdırılmasına şərait yaradıb. Biz inkişaf etmiş ölkələrin təcrübəsinə də nəzər salanda görürük ki, onların qazandığı uğurun əsas səbəbi təbii sərvətləri deyil, təhsildir, bilikdir, savaddır. Bizim isə həm zəngin təbii ehtiyatlarımız, həm də təhsilin, elmin inkişafına hesablanmış dövlət siyasətimiz var. Bu amillərin sintezi muxtar respublikamızı çox qabaqcıl, müasir diyara çevirir.
Hazırda dünyada iqtisadi böhran hökm sürür, neftin qiyməti kəskin şəkildə aşağı enməkdədir. Söz yox ki, bu da bizim iqtisadiyyatımıza təsirsiz ötüşmür. Belə bir şəraitdə Yurdçu kəndində möhtəşəm məktəb binasının tikintisi təhsilə, təhsil işçilərinə, şagirdlərə, gələcəyimiz olan gənclərə göstərilən böyük qayğıdır.
Qeyd etdiyimiz kimi, bu gün muxtar respublikanın kənd yaşayış məntəqələrində insanların rahat yaşayışı üçün zəruri infrastruktur qurulur. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq tədbirlərindən Babək rayonunun Xəlilli kəndinə də pay düşüb, kənddə yeni sosial obyektlər inşa olunub. Yanvarın 22-də Xəlilli kənd tam orta məktəbinin yeni binasının, kənd və xidmət mərkəzlərinin açılışı olub. Bu kənddə əhalinin rifahı naminə bütün işlər görülüb, mənzillər daimi qaz, elektrik enerjisi, televiziya, rabitə və internet xidmətləri ilə təmin olunub. Bu gün həm Xəlilli, həm də Yurdçu kəndləri şəhərə xas sosial həyatın mühüm elementlərinə malikdirlər. Belə ki, əvvəllər “kənd” deyəndə uçuq-sökük məktəb və pəncərəsinə karton tutulmuş kolxoz idarə binaları, yarıqaranlıq, nəm çəkmiş ərzaq mağazası və bir də hamının yaxşı tanıdığı anbardarı olan bir yaşayış məntəqəsi başa düşülürdü. Bu gün isə kəndlərdə tamam başqa bir mənzərənin şahidiyik. Yurdumuzun hər guşəsini qucaqlamış geniş quruculuq Naxçıvanda şəhərləşən kəndlərin meydana gəlməsinə, kəndlərin müasir, mədəni yaşayış məskənlərinə çevrilməsinə səbəb olub. Bu gün heç kəsə sirr deyil ki, dünyada baş verən proseslərin əksinə olaraq, muxtar respublikada şəhərlərdən kəndlərə doğru bir axın yaranır. Çünki bu gün Naxçıvanda bir sıra kəndlərdə elə yüksək şərait yaradılıb ki, burada insan özünü şəhərdəki kimi rahat hiss edir. Kəndin saf, təmiz havasını və digər amilləri də buna əlavə etdikdə, təbii ki, bu yerlər insanlar üçün daha cazibədar görünür.
Ali Məclisin Sədri Xəlilli kəndinin sakinləri ilə görüşündə bu məsələyə toxunaraq deyib: “Xəlilli kəndi muxtar respublikanın müasir kəndlərinin sırasına qoşulmuşdur. Kənddə geniş quruculuq işləri aparılmışdır. Bu işlərin davamı olaraq Şıxmahmud və Xəlilli kəndlərində su-kanalizasiya layihəsi də həyata keçiriləcək, kənd yollarına asfalt örtük salınacaqdır. Həyata keçirilən kompleks quruculuq işləri kəndlə şəhər arasındakı fərqin azalmasına, sakinlərin həyat şəraitinin yaxşılaşmasına və məskunlaşmanın artmasına səbəb olmuşdur. Bütün bunlar ölkəmizdəki sabitliyin, dövlət-xalq birliyinin, həyata keçirilən davamlı sosial-iqtisadi islahatların nəticəsində mümkün olmuşdur”.
Bütün zamanlarda hər bir cəmiyyətin dayağını sağlambədənli və sağlamruhlu insanlar təşkil ediblər. Bu baxımdan bədən tərbiyəsi və idman insanın kamilləşməsinə və sağlamlığının möhkəmlənməsinə xidmət edir. İdmanın inkişafı hər bir diyarın ümumi inkişafının göstəricisi hesab olunur. Bu sahədə əldə edilən nailiyyətlər, əlbəttə ki, bizi gələcək uğurlara sövq edir. Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirə bu baxımdan böyük əhəmiyyət kəsb edir. Müşavirə uşaqların, yeniyetmələrin və gənclərin sağlamlığının qorunmasının, idmanın inkişafı üçün vacib məsələlərin yenidən gündəmə gətirilməsi ilə yadda qalıb. Müşavirədə muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafının, uşaq, yeniyetmə və gənc­lərin sağlamlıqlarının möhkəmləndirilməsinin, onların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinin, fiziki fəaliyyətlərdə kütləviliyin təmin edilməsi məqsədilə, xüsusən təhsil müəssisələrində lazımi tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb. Uşaq və yeniyetmələrin, xüsusən qızların idmanla məşğuliyyətə həvəs və marağının yüksəldilməsi məqsədilə işlək mexanizmlərin hazırlanması, bu məsələlərin daim diqqət mərkəzində olmasının əhəmiyyəti qeyd edilib. Qarşıya konkret vəzifələr qoyulub, icra mexanizmlərinin təkmilləşdirilməsi, idman federasiyalarının fəaliyyətinin genişləndirməsinin önəmi diqqətə çatdırılıb.
20 Yanvar ölkəmizin şanlı tarixində və xatirələrimizdə həm faciə, həm də qürur günü kimi qalacaqdır. Bu günü qürur günü adlandırırıq, ona görə ki, əliyalın Vətən övladları dünyanın ən böyük dövlətlərindən birinin – sovet imperiyasının təpədən-dırnağadək müasir silahlarla silahlanmış ordusuna qarşı qorxmadan, cəsarətlə müqavimət göstərib, “azadlıq” deyərək hayqırıb, insanlar arasında həmrəylik ən yüksək həddə çatıb. 20 Yanvar gününü həm də faciə günü kimi xatırlayırıq. Ona görə ki, o müdhiş gecədə yüzlərlə silahsız və günahsız Azərbaycan türkü vəhşicəsinə qətlə yetirilib.
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hər il 20 Yanvar şəhidlərinin xatirəsi əziz tutulur, şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edir.
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. Ali Məclisin Sədri xiyabandakı “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Tarixi keçmişimizə sahib çıxmaq həm də milli varlığımıza, qədim dövlətçilik ənənələrinə sahib çıxmaq deməkdir. Bu mənada, Naxçıvanda tariximizin öyrənilməsi istiqamətində çox böyük işlər görülüb. Şəhərsalma mədəniyyətinin beşminillik, dövlətçiliyimizin isə ikiminillik məkanı olan qədim diyarda, həm də bu sahədə görülən işlər hər bir azərbaycanlıda qürur hissləri yaradır. Muxtar respublikada aparılmış elmi tədqiqatlar Naxçıvan tarixi ilə bağlı ümumiləşdirilmiş əsərin hazırlanması məsələsini aktuallaşdırmışdı. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən üç cilddən ibarət “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasına başlanılıb. Ötən üç il ərzində bu istiqamətdə aparılan işlər öz bəhrəsini verib. Yanvarın 26-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan tarixi” çoxcildliyinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvanın elmi həyatında mühüm hadisə olan “Naxçıvan tarixi” çoxcildliyinin təqdimatı münasibətilə muxtar respublika ziyalılarını və elmi ictimaiyyəti təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan böyük şəxsiy­yətlər yetişdirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır” fikrini xatırladıb.
Ali Məclisin Sədri deyib: “Hər bir xalqın tarixi o xalqın milli kimlik pasportudur. Təsadüfi deyil ki, müasir dövrdə o xalq mütərəqqi dəyərlərə malik xalq hesab olunur ki, onun qədim tarixi, dövlətçilik ənənələri, mədəniyyəti olsun. Bütün bunlar bizdə – tarix boyu bu torpaqlarda yaşamış Azərbaycan türklərində vardır. Ona görə də bu gün öz tariximizə, milli dəyərlərimizə, dövlətçilik ənənələrimizə sahib çıxır, tədqiqatlar, elmi araşdırmalar aparır, xalqımızın sabahı olan yeni nəsli tarixi köklər üzərində yetişdiririk. Tarixi yazmaq nə qədər vacibdirsə, onu öyrənmək və öyrətmək, gənc nəslə aşılamaq da o qədər vacibdir. “Naxçıvan tarixi” çoxcildliyi ali təhsil müəssisələrində dərslik kimi tədris olunmalı, bu qədim diyarın tarixinin müxtəlif mərhələlərinə ətraflı nəzər salınmalı, elmi müzakirə və konfranslar keçirilməlidir. “Naxçıvan tarixi” teleradio və qəzetlərdə geniş təbliğ olunmalıdır”.
Alimlərimiz “Naxçıvan tarixi” çoxcildliyinin nəşrini bütövlükdə Azərbaycan elmində əlamətdar hadisə hesab edirlər. Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərini əks etdirən çoxcildlik Naxçıvanın tarixi barədə ilk ümumiləşdirilmiş elmi əsər kimi mühüm əhəmiyyətə malikdir. “Naxçıvan tarixi” çoxcildliyində tarixə hərtərəfli baxış prinsipi ortaya qoyulub, ən qədim dövrlərdən günümüzədək Naxçıvanda elmin, mədəniyyətin, ədəbiyyatın, sənətkar­lığın, eləcə də mətbuatın inkişafı tariximizin ayrılmaz tərkib hissəsi kimi araşdırılıb.
Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2015-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib. İclas­da Ali Məclisin Sədri təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verərək deyib: “2016-cı ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25-ci ildönümü tamam olacaqdır. Bununla bağlı partiyanın şəhər və rayon təşkilatları tədbirlər keçirməlidirlər. Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti partiyamızın ilk və fəal siyasi qurumu kimi daim nümunə olmalı, “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olan 2016-cı ildə fəaliyyətini daha da gücləndirməlidir. Cari ildə də siyasi, ideoloji və təşkilati fəaliyyətimiz davam və inkişaf etdirilməlidir”.

Bu il muxtar respublikamızda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunub. Nizam-intizam yüksək tələbkarlığın, prinsipiallığın, yorulmaz fəaliyyətin, əqidə bütövlüyünün, dərin sədaqətin və nəhayət, vətənpərvərliyin tamamlayıcı amili kimi daim diqqəti cəlb edir. Nizam-intizamın olmadığı diyarlarda, ölkələrdə xaos, anarxiya, özbaşınalıq kimi arzuolunmaz dağıdıcı meyillər yaranır, faciələrə yol açan hadisələr baş verir. Yəni nizam-intizam inkişafla yanaşı, həm də davamlı sabitliyin, əmin-amanlığın açarıdır. Məlumdur ki, sabitliyin olmadığı yerdə nailiyyətlərdən söhbət belə, gedə bilməz. Bu gün inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası da məhz güclü nizam-intizamın nəticəsində bu səviyyəyə yüksəlib. Yəni biz nizam-intizama əməl etməklə, onun möhkəmlənməsinə çalışmaqla sürətli inkişaf templərini qoruyub saxlaya biləcəyik.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR