Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Müsabiqədə iştirak etmək üçün sənəd təqdim edən 13 namizəddən 11 namizəd test imtahanında iştirak edib. İmtahan başlamazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan qaydaları və test suallarının cavablandırılması haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim edilib. Test imtahanında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər. İmtahanda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar.
Səbuhi Hüseynov