Tarixin yaxın keçmişinə nəzər salsaq görərik ki, Dağlıq Qarabağ müharibəsi zamanı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ən azı 613 azərbaycanlıya qarşı Ermənistan ordusu tərəfindən ən böyük soyqırımı törədilmişdir. Soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı insan olmaqla, dinc sakinlər qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 657 nəfər əlil olmuş, 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur.
Bu münaqişə müasir tarixdə ən uzun sürən münaqişələrdən biridir. Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla ermənilər tərəfindən işğal olunmuş Azərbaycanın suveren ərazilərində Ermənistan ordusu hərbi təlimlər və daimi təxribatlar aparır. Bundan başqa, Ermənistan hökumətinin Prezident İlham Əliyevin demokratik yolla seçilən hökumətinə qarşı apardığı təxribat nəticəsində 20 ildir ki, münaqişənin həlli uzadılır.
Ermənilərin hərbi təxribatları Azərbaycanla sərhəd ərazilərdə tez-tez baş verir ki, bu da Xocalı soyqırımının qanlı izlərindəndir. Dağlıq Qarabağ yaxınlığında öz ata-baba torpaqlarında yaşayan fermerlərə Azərbaycanla məqsədli şəkildə atəşkəsi pozan Ermənistan kəşfiyyat qüvvələri tərəfindən hücumlar edilir və onlar qətlə yetirilirlər. Azərbaycan Müdafiə Nazirliyi rəsmilərinin sözlərinə görə, təkcə 30 yanvar 2016-cı il tarixdə Ermənistan silahlı qüvvələri 128 dəfə atəşkəs rejimini pozmuş və təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərinə hücumlar etmişlər.
Bu ara-sıra, lakin ardıcıl atışmalar, demək olar ki, sərhəddə 100 kilometr uzunluğu olan bir çox mövqelərdə baş vermişdir. Bundan əlavə, 22 noyabr 2015-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin bölmələri Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar. Azərbaycan ordusu erməni təxribatçılarını atəş cavabı ilə susdurmuşdur. Bundan başqa, Ermənistan on illərdir, Azərbaycanın dinamik inkişaf edən Naxçıvan Muxtar Respublikasına qarşı blokada tətbiq edərək burada iqtisadi çətinlik yaratmışdır. Yerevan tərəfindən izlənilən bu müharibə siyasətinə cavab olaraq beynəlxalq ictimaiyyət silahlı münaqişənin həlli istiqamətində passiv rol oynamış və Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistana qarşı heç bir sanksiyalar tətbiq olunmamışdır.
Xocalı soyqırımı ilə bağlı özünün “Qara Bağ” kitabı ilə məşhur olan britaniyalı jurnalist Tomas Patrik Londers de Vall “Ermənistan və Azərbaycan – Sülh və Müharibə” kitabında Ermənistan prezidenti Serj Sarkisyanın öz vətəndaşları tərəfindən günahsız insanlara və qonşuluqlarındakı sülhsevər Azərbaycan xalqına qarşı törətdikləri soyqırımdan peşman olaraq ictimai şəkildə üzr istəməyə həvəssiz olduğunu və bu faciəyə görə fəxr etdiyini diqqətə çatdırmışdır.
Daşnak erməni yazıçı Zori Balayan “Ruhların dirçəlişi” kitabında amansız erməni, “qəddar insan” obrazı yaradıb: “Vətəndaşlıq tələbi və müqəddəs insan borcu olaraq mən Xocalı soyqırımında iştirak etdim. Mən və Xaçatur evə daxil olanda bizim əsgər 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdı. Uşaq çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra mən 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və itlərə atdı. Axşam eyni qəddarlığı daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim”.
Bu gün Ermənistanı idarə edən “siyasi elitadan” biz hansı ikitərəfli danışıqları gözləyirik? Bu, o dövlətdir ki, həmin cinayətkarların dəhşətli davranışlarını müdafiə edir və qoruyur. Onlar bəşəriyyətə qarşı ən dəhşətli cinayətlər törətmiş, vəhşicəsinə, qorxunc metodlardan istifadə edərək yüzlərlə azərbaycanlı mülki əhalini öldürmüşlər. Hətta İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerin “SS”-çiləri Almaniyanın yəhudi əhalisinə qarşı bu cür vəhşiliklərdən istifadə etməmişlər.
Daha bir erməni David Xeyriyan Beyrutda çap olunan “Xaç uğrunda” kitabında yazır: “Səhərin soyuğunda biz meyitlərlə dolu bir kilometr məsafəni qət etməklə Daşbulağa getməli idik. Mən ölülərin üstündən getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayın, bu, müharibənin qanunudur. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi”.
APA-nın məlumatına əsasən, “Böyük Ermənistan” ideoloqlarından Zori Balayanın Xocalı soyqırımını törədənlərdən biri olduğunu sübut edən faktlar var. İnterpol tərəfindən axtarılan Zori Balayan 1996-cı ildə çap olunmuş “Ruhların dirçəlişi” kitabında azərbaycanlılara qarşı Xocalıda törədilən soyqırımı qəbul edir və fəxrlə tərifləyir: “Mən erməni vətənpərvəri kimi vəzifəmi etdim. Mən onun və digər əsgərlərin gözündə qisas uğrunda mübarizə və böyük humanizmi gördüm. Növbəti gün biz kilsəyə getdik və öncəki gün baş verənləri ruhumuzdan silmək üçün ibadət etdik”. Kitabda deyilir ki, biz 3 min insanı Xocalı yamaclarında təmizlədik. Zori Balayan bildirir ki, ermənilər bu baş verən hadisəyə görə fəxr etməlidirlər. Yuxarıda qeyd olunan hadisələr “Ruhların dirçəlişi” kitabının 260-262-ci səhifələrində öz əksini tapmışdır.
1980-ci ilin sonlarında Ermənistan tərəfindən özünün cənub qonşusuna qarşı ərazi iddiası ilə başlayan və uzadılan qanlı müharibə Dağlıq Qarabağın və qonşu rayonların minlərlə azərbaycanlı mülki əhalisini məcburi qaçqın etmiş, onlar Azərbaycan Respublikasının 62 şəhərində 1600 qaçqın düşərgəsində yerləşdirilmişlər. Ermənistanda yaşayan azərbaycanlı sivil əhali də eyni tale ilə üzləşərək yaşadıqları ərazilərdən qovulmuş, çətin vəziyyətdə qaçqın düşərgələrində, çadırlar və vaqonlarda yaşamışlar. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı öldürülmüş, 100 min nəfər yaralanmış və 50 min nəfər əlil olmuşdur. BMT-nin Ermənistanın Azərbaycan ərazilərini tərk etməsi barədə 4 qətnaməsi var. Lakin təəssüf ki, bu günə qədər bu qətnamələrə əməl olunmamışdır.
2016-cı il fevralın 26-da beynəlxalq ictimaiyyət Xocalı soyqırımının 24-cü ildönümünü xatırlayacaq. Təəssüf ki, Yerevan rəhbərliyi 1980-ci illərin sonlarındakı kimi öz təcavüzkar xarici və müdafiə siyasətini nümayiş etdirməyə davam edir. Ermənistan prezidentinin Azərbaycan Respublikasının Xocalı şəhərindəki sivil əhaliyə qarşı törədilən vəhşilikləri qəbul etmək və peşmanlıq keçirmək üçün niyyəti yoxdur.
XX əsr amerikalı filosof George Santayananın “Səbəbin həyatı” adlı kitabının birinci cildində deyilir: “Tarixdən dərs götürməyən onu təkrar yaşamağa düçar olacaqdır”. Bu ifadə ermənilərin başqalarına qarşı münasibətini ən yaxşı təsvir edir.
Peter Tase
01.02.2016
Amerika Birləşmiş Ştatlarının “Eurasia review” qəzeti