24 Dekabr 2024, Çərşənbə axşamı

 “Kənd təsərrüfatı ili” Babək rayonunda yüksək nəticələrlə yadda qalıb

  Bu gün muxtar respublikamızda inzibati ərazi vahidliyindən asılı olmayaraq, istənilən yaşayış məntəqəsinin inkişafı onun ümumi mənzərəsindən bəlli olur. Fərqi yoxdur, bu ərazi kənd, qəsəbə və ya şəhər olsun. Yaxud əhalisinin sayı çox və ya az olsun. Muxtar respublikamızın ildən-ilə inkişaf edən bölgələrinin fonunda müasir inkişafın bütün sahələri əhatə etdiyini görmək mümkündür. Belə abad bölgələrdən biri də xalqımızın qəhrəman oğlunun adını daşıyan Babək rayonudur.

Babək rayonu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə 1978-ci ildə yaradılıb. Ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə Babək rayonu hərtərəfli inkişaf yolu keçib. Son 20 ildə rayon özünün yeni inkişaf yoluna qədəm qoyub, xeyli sayda kənd yaşayış məntəqələri abadlaşdırılıb, yerli istehsal müəssisələrinin sayı artırılıb, kənd təsərrüfatı inkişaf etdirilib, rayon mərkəzi olan Babək qəsəbəsi öz simasını tamamilə dəyişib. Yola saldığımız 2015-ci il isə Babək rayonu üçün, sözün həqiqi mənasında, uğurlu il olub. “Kənd təsərrüfatı ili”ndə istər aqrar sahədə, istərsə də digər sahələrdə hərtərəfli uğurların qazanılmasına nail olunub, bölgədə muxtar respublika əhəmiyyətli mühüm layihələr həyata keçirilib.
Ötən yazılarımızın birində belə bir ifadə işlətmişdik ki, harada tikinti varsa, orada inkişaf var. Bunu belə qəbul etmək olar ki, tikinti-qurucu­luq tədbirlərinin aparılması istənilən ölkədə sosial və iqtisadi inkişafın əsas göstəricisidir. Fərqi yoxdur, tikilən obyekt hər hansı inzibati bina, yaşayış kompleksi, istehsal müəssisəsi və ya avtomobil yolu olsun. Məhz bu baxımdan həyata keçirilən tikinti-quruculuq, abadlıq tədbirləri böyük əhəmiyyət daşıyır. Babək rayonu da ötən il bu sahədə görülən işlərin həcmi ilə fərqlənir.

Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də rayonda abadlıq və quruculuq işləri uğurla davam etdirilib. Belə ki, əhalini keyfiyyətli rabitə xidməti ilə təmin etmək üçün Babək qəsəbəsində rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialı üçün yeni inzibati bina tikilib istifadəyə verilib. Bina ən müasir rabitə avadanlıqları ilə təmin edilib və ətrafı abadlaşdırılıb. Qəsəbədəki 5 mərtəbəli yaşayış binasının təmir edilməsi isə burada yaşayanların böyük sevincinə səbəb olub. Yaşayış binasının ətrafında salınmış yeni park əhalinin istirahəti üçün nəzərdə tutulub. Babək qəsəbəsində 2 nömrəli tam orta məktəbin, kənd və xidmət mərkəzlərinin yeni binaları da 2015-ci ilin qurucu­luq ərməğanlarındandır. Bununla yanaşı, Heydər Əliyev prospektində 500 metr məsafədə daş hasar çəkilib və müasir arxitektura üslubunda üzlənib ki, bu da qəsəbəyə uzanan avtomobil yoluna xüsusi yaraşıq verir.
Həyata keçirilən quruculuq tədbirlərindən kənd yaşayış məntəqələrinə də xeyli pay düşüb. Belə ki, ötən il Xal-xal kəndində məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Nehrəm kənd 2 nömrəli tam orta məktəbin binası yenidənqurma işlərindən sonra qapılarını müəllim və şagirdlərin üzünə açıb.
Babək rayonunda ötən ilin ən yaddaqalan hadisəsi ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində rayonda istifadəyə verilən bir sıra obyektlərin açılış mərasimində iştirak etməsidir. 2015-ci il dekabrın 1-də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rayonda Günəş Elektrik Stansiyası, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu və Nehrəm kənd 2 nömrəli tam orta məktəb istifadəyə verilib. Mühüm hadisələrdən biri də bu əlamətdar tarixdən bir həftə sonra – dekabrın 8-də böyük iqtisadi əhəmiyyətə malik Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin istismara verilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən bu şəbəkə 1974 təsərrüfata məxsus pay torpaqlarını və 450 hektar bələdiyyə torpaqlarını əhatə edir. Şəbəkənin tikintisi zamanı 241,5 kilometr uzunluğunda müxtəlif diametrlik suvarma xətləri çəkilib. Bu layihənin reallaşdırılması nəticəsində Babək rayonu Nehrəm kəndinin 1170 hektar və Culfa rayonu Bənəniyar kəndinin 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulub. Yeri gəlmişkən qeyd edək ki, ötən il rayon ərazisində yeni salınan yaşıllıqları suvarmaq üçün 13 min 300 metr uzunluğunda müxtəlifölçülü plastik və metal borularla suvarma xətləri çəkilib.
2015-ci ildə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması da diqqət mərkəzində saxlanılan məsələlərdən olub. Bu məqsədlə rayonun Babək qəsəbəsi, Nehrəm, Şəkərabad və Araz kənd­lərində içməli su və kanalizasiya xətlərinin, Badaşqan kəndində isə içməli su sistemlərinin çəkilişi və Yarımca kəndində içməli su xətti üçün su anbarının tikintisi davam etdirilib. Ümumilikdə, ötən il Babək qəsəbəsində, Badaşqan, Nəcəfəlidizə, Şıxmahmud, Nehrəm, Cəhri, Payız, Məzrə, Çeşməbasar, Şəkərabad, Xal-xal, Aşağı Buzqov, Qahab, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Zeynəddin, Nəhəcir, Gülşənabad kənd­lərində müxtəlifölçülü plastik və metal borularla 10 min 836 metr yeni içməli su xətləri çəkilib.
Təbii ki, “Kənd təsərrüfatı ili”nin uğurlu nəticələrindən danışarkən aqrar nailiyyətlərdən bəhs etməmək düzgün olmazdı. Kiçik detallara varmadan qeyd edək ki, statistik rəqəmlər bu sahənin inkişafındakı nailiyyətləri bir daha gözlərimiz önündə canlandırır. Babək Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2015-ci ildə 10 min 680 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 33 min 3 ton məhsul əldə edilib. Belə ki, 7869 hektar sahədən 24 min 694 ton buğda, 2607 hektar sahədən 7640 ton arpa, 204 hektar sahədən 669 ton dənli-paxlalılar, 109 hektar sahədən 425 ton qarğıdalı, 85 hektar sahədən 200 ton günəbaxan, 449 hektar sahədən 8239,2 ton kartof, 2039 hektar sahədən 22 min 845 ton tərəvəz məhsulları, 1507 hektar sahədən 22 min 320 ton bostan məhsulları, meyvə bağlarından 6788 ton meyvə, üzüm bağlarından 5636 ton məhsul yığılıb.
Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də Babək rayonunda ekoloji tarazlığın qorunması məqsədilə keçirilən iməciliklərdə yeni meyvə bağları salınıb, yol kənarlarında, qəsəbə və kəndlərdə yaşıllaşdırma işləri aparılıb. İl ərzində 26,4 hektar ərazidə ağac əkini aparılıb ki, bunun da 16,9 hektarını meşəsalma, 9,5 hektarını isə meşə-bərpa tədbirləri təşkil edib.
Rayonda əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılıb, əmək ehtiyatlarından səmərəli istifadə edilib. 2015-ci ildə rayon Məşğulluq Mərkəzi tərəfindən 500 nəfər vətəndaş qeydə alınıb, onlardan 359 nəfəri işlə təmin olunub. Bundan əlavə, 130 nəfər peşə hazırlığına cəlb olunub, 59 nəfər ictimai işlərə, 3 nəfər kvota yerlərinə göndərilib. Həmin dövrdə keçirilən 3 əmək yarmarkasında 89 nəfərə işə göndəriş verilib, 85 nəfər isə işlə təmin olunub.
Ümumiyyətlə, 2015-ci il Babək rayonunda əldə olunmuş uğurlarla yadda qalıb. Qazanılmış nailiyyətlər digər sahələri də əhatə edir. Rayonda hərtərəfli inkişafın davamlı xarakter alması 2016-cı ildə də qarşıya qoyulmuş vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsinə böyük inam yaradır. Çünki dəqiqləşdirilmiş hədəflərə doğru inamla irəliləmək, xalqa və dövlətə sədaqətlə xidmət etmək bu bölgənin zəhmətkeş insanlarının əsl həyat amalına çevrilib.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR