Dünən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin yaradılmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndərimizin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin binasında davam etdirilən tədbiri giriş sözü ilə məhkəmənin sədri Hicran Muradov açaraq məruzə edib. Bildirib ki, Naxçıvan MSSR Xalq Komissarları Soveti yanında Müvəqqəti Arbitraj Komissiyası Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 2 fevral 1926-cı il tarixli qərarı ilə yaradılıb. Bu Arbitraj Komissiyasının təsis edilməsi və səlahiyyətinə daxil olan məsələlərin dairəsi onu Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sələfi kimi qiymətləndirməyə və beləliklə, İnzibati-İqtisadi Məhkəmənin yaranma tarixi olaraq məhz 1926-cı il 2 fevral tarixini qəbul etməyə əsas verir. “Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi haqqında” 25 fevral 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 12 avqust 1994-cü il tarixli Qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi yaradılıb. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 17 iyun 1999-cu il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi İqtisad Məhkəməsi adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanının 1.5-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi yaradılıb.
Qeyd olunub ki, məhkəmə ötən dövrdə öz funksiyasını yerinə yetirməyə səy göstərib. 2011-ci illə müqayisədə 2015-ci ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmış mülki və inzibati mübahisələrə dair işlərin sayında 120,9 faiz, 2014-cü illə müqayisədə 19,4 faiz, 2015-ci ildə 148 iş artım olub. Bu göstərici onu deməyə əsas verir ki, əhalinin məhkəməyə və ədalət mühakiməsinin obyektiv şəkildə həyata keçirilməsinə inamı gün keçdikcə daha da artmaqdadır.
Yaradılan şəraitə görə kollektiv adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirən Hicran Muradov deyib ki, qanunvericiliyə gətirilən yeniliklər, məhkəmələrin maddi təminat məsələlərinə göstərilən diqqət və qayğı, o cümlədən hakimlərin, məhkəmə işçilərinin iş şəraitinin müasir tələblər səviyyəsinə çatdırılması Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi üzrə vəzifələrin keyfiyyətlə yerinə yetirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli şəkildə qorunmasına xidmət edir. İnzibati-İqtisadi Məhkəmə ədalət mühakiməsi ilə yanaşı, əhali arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsinə, məhkəmə işçilərinin ixtisaslarının artırılmasına yönələn tədbirlər həyata keçirir. Kollektiv bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov çıxış edərək muxtar respublikada məhkəmə orqanlarına göstərilən dövlət qayğısından danışıb, kollektivi 90 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Vurğulayıb ki, ümummilli liderimizin Azərbaycana rəhbərliyinin hər iki dövründə ədalət mühakiməsinin təmin edilməsi, ali prinsip olan insan və vətəndaş hüquqlarının qorunması diqqət mərkəzində saxlanılıb. Bu diqqətin nəticəsidir ki, məhkəmə-hüquq sistemində islahatlar keçirilib, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında məhkəmələrin səlahiyyətləri artırılıb və fəaliyyətlərinin müasirləşdirilməsi üçün tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında məhkəmə-hüquq sistemi böyük bir yol – təşkilatlanma mərhələsi keçib. Bu inkişafın ötən əsrin 70-80-ci illərini əhatə edən mərhələsi xüsusilə əlamətdardır. Ulu öndər Heydər Əliyevin həmin dövrdə elan etdiyi ədalət prinsipi cəmiyyətin digər sahələri kimi, məhkəmə-hüquq sisteminin də yeni tələblər səviyyəsində qurulmasını nəzərdə tuturdu.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi də səmərəli hüquqi təsisat kimi formalaşıb, muxtar respublikanın məhkəmə sistemində özünəməxsus yer tutub. İnzibati-İqtisadi Məhkəmə muxtar respublikada idarə və digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan, iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır. Bununla da, İnzibati-İqtisadi Məhkəmə qeyd olunan sahədə ədalət mühakiməsini həyata keçirməklə bərabər, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunması sahəsində qarşıya qoyulan vəzifələrin icrasında mühüm rol oynayır.
Kollektivi 90 illik yubiley münasibətilə təbrik edən Cəlil Rüstəmov qeyd edib ki, İnzibati-İqtisadi Məhkəmə hərtərəfli qayğı ilə əhatə olunub, hakimlərin və məhkəmə işçilərinin əməyinin qiymətləndirilməsi diqqət mərkəzində saxlanılıb.
Sonra Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında” 2016-cı il 1 fevral tarixli Sərəncamını oxuyub.
Sonda məhkəmənin iki əməkdaşına “Rəşadətli əməyə görə” nişanı təqdim edilib, bir neçə əməkdaş isə qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Səbuhi Hüseynov