Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhərində “Bələdiyyə torpaqlarının idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirə keçirilib. Bələdiyyə sədrlərinin iştirak etdiyi tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı İmran Məmişov açıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək “Torpaq sahəsi üzərində bələdiyyələrin mülkiyyət hüquqları” mövzusunda danışıb. Qeyd edilib ki, aparılan araşdırmaların nəticələrinə əsasən demək olar ki, bu gün də torpaqlardan istifadə və onların idarə olunmasında bəzi nöqsanlara yol verilir. Bələdiyyə üzvlərinin hüquqi biliklərinin az olması, qanunvericiliyin düzgün mənimsənilməməsi və işə laqeyd münasibət nəticəsində bələdiyyə torpaqlarının zəbt olunması, orada qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi faktlarına rast gəlinir.
Məlumdur ki, torpaqlardan istifadə qanunvericiliklə tənzimlənir. Başqa sözlə desək, heç kəs torpaqlardan qanunsuz istifadə edə, qeydə alınmış torpaq sahəsindən kənara çıxa, ümumi istifadədə olan yolu zəbt edə bilməz.
Sonra nazirliyin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda çıxış edib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılara “Bələdiyyələrin statusu: hüquq və vəzifələr” adlı kitab paylanılıb.
Şəhla NƏBİYEVA